İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?

20:10 - 7 İyul 2025 - GÜNDƏM

 İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?

Rusiya və İran sözdə strateji tərəfdaş olsalar da, əməldə bir-birinə qarşı kəşfiyyat işini genişləndiriblər. Müttəfiq dövlətlər adətən bir-biri haqqında kəşfiyyat məlumatları toplamağa çalışmır. Bu, Rusiya və İrana aid deyil.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Almaniyanın “Şpigel” dərgisində Rusiya kəşfiyyatına aid sənədlər yayılıb:

“Bu sənədlərdə Rusiya Federal Kəşfiyyat Xidmətinin İran ərazisində kəşfiyyat işini genişləndirdiyi yazılıb. Bunun da səbəbi odur ki, İran daha əvvəl Rusiya ərazisində kəşfiyyat işini genişləndirib. Sənədlərdə İranın Rusiyadakı səfirlik əməkdaşlarının Rusiyanın elmi-tədqiqat mərkəzlərində çalışan alimlərlə təmas qurmağa çalışdıqları bildirilib. Məqsəd Rusiyanın müxtəlif sahələrdəki texnoloji sirlərini ələ keçirməkdir. Bunun qarşılığında Rusiya əks-kəşfiyyatı iranlı diplomatlara daha sıx nəzarət həyata keçirməyə başlayıb, kəşfiyyatı isə İran ərazisində fəaliyyətini genişləndirib. O da məlum olub ki, Rusiya kəşfiyyat xidməti əməkdaşlarının 2022 və 2023-cü illərdə İsrailə səfərlərinin sayı artıb. Əlbəttə, bu o demək deyil ki, Rusiya İranın nüvə çalışmaları barədə məlumatları İsraillə bölüşüb. İsrailin özünün İranda kifayət qədər kəşfiyyat mənbəyi mövcuddur. Ancaq Rusiya və İsrail kəşfiyyat strukturları arasında əməkdaşlığın mövcudluğu barədə mülahizələr yürütmək olar. Bu isə İranı ciddi narahat etməlidir.

Görünür, İran Rusiyanın nüvə texnologiyalarını əldə etməyə çalışır. Kreml bundan xəbərdardır. Moskva İsrailin və ABŞ-ın İranı bombalamasının əleyhinə olsa da, Kreml Vaşinqton və Təl-Əviv kimi qonşuluğunda nüvə dövlətinin formalaşmasını istəmir. Hansı dövlət qonşuluğunda nüvə silahına malik dövlətin olmasını istəyər ki?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol