Son aylarda ölkənin virtual məkanında "Ponzi" sxemi əsasında fəaliyyət göstərən "Any Unboxing" adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb. Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri "Any Unboxing" tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb. Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş "Any Unboxing" onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.
İş üzrə aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərərçəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna olunmur.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Sivadass, A.Musayeva və S.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərinə, həmçinin "Any Unboxing" tipli saxta qazanc vəd edən onlayn tətbiqlərə inanmamağa çağırırıq.
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video
- ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!
- Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
- Bu ərazilərdə söküntü gedir - Ünvanlar
- "Any Unboxing" dələduzluq piramidasını ifşa edildi
- KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video