Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi - Fotolar

06:27 - 7 İyul 2026 - İDMAN

 Təsadüfən əsas heyətə düşüb DÇ-nin taleyini dəyişdi - Fotolar

2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində Norveç Braziliyanı 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə turnirin dörddəbir finalına yüksəlib. Bu tarixi uğurun memarlarından biri isə hazırda heç bir klubu olmayan 35 yaşlı qapıçı Oryan Nyland olub.

BUTA.TV” xəbər verir ki, vaxtilə “Ridinq” və “Sevilya” formalarını geyinən təcrübəli qolkiperin İspaniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatıb.

Buna baxmayaraq, Nyland Braziliyaya qarşı matçda möhtəşəm performans nümayiş etdirərək, komandasının qələbəsində həlledici rol oynayıb.

Təcrübəli qapıçı ilk hissədə braziliyalı yarımmüdafiəçi Bruno Qimarayşın penalti zərbəsini dəf edərək, rəqibin hesabı açmasına imkan verməyib. O, həmçinin komanda yoldaşı Kristoffer Ayerin səhvindən sonra topun öz qapılarına daxil olmasının qarşısını alaraq görüşün ən vacib epizodlarından birinə imza atıb.

Maraqlıdır ki, FIFA Rusiyaəsilli qapıçı Nikita Haykinin Norveç millisində oynamaq üçün etdiyi müraciəti qəbul etsəydi, Nyland bu turnirdə, ehtimal ki, ehtiyat oyunçular skamyasında qalacaqdı.

Norveçin qələbə qollarını isə komandanın ulduz hücumçusu Erlinq Haaland vurub. “Mançester Siti”nin forvardı 79-cu dəqiqədə müdafiəçi Qabriel Maqalyaesin üzərindən başla fərqlənərək komandasını önə keçirib.

Haaland 90-cı dəqiqədə cərimə meydançası xaricindən vurduğu baxımlı qolla həm özünün, həm də komandasının ikinci qolunu qeyd edib. Bu nəticə ilə norveçli hücumçu turnirdəki qol sayını beş oyunda yeddiyə çatdırıb.

 


 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol