Kamran Həsənli Bəhram Bağırzadənin kontekstdən çıxarılaraq, saqqıza çevrilən sözlərini çeynəyərkən necəsə fırlanıb, saqqızı şişirdib və “part”ladıb - gəlib təxəllüslərin üstünə və deyib ki, insanın özünə rayon və şəhər adı ilə təxəllüs götürməsi doğru deyil, hətta özünə “Bakılı” adı götürmək ayıbdır, gərək insan atasının adını dəyişməsin, adam soyadından imtina etməz, yer mənsubiyyəti yaxşı şey deyil, bu, adamın bütün intellektini gözdən salır.
Nə qədər müdrik, intellektual, savadlı yanaşmadır, adam heyrətə gəlir, dizi əsir, əli üzündə qalır belə ziyalıları görəndə.
Gör, rəhmətlik İlyas Yusif oğlu nə qədər ayıb bir işlə məşğul olub ki, atasının adı bir yana, öz adını da dəyişib, hələ utanmaz-utanmaz “Gəncəvi” təxəllüsünü də götürüb – Məhsəti xanım ona baxanda şükürlüdür. Düzdür, ona da ayıb olsun, atasının adını dəyişib, “Gəncəvi” etdiyi üçün...
Yaxud Şərqin ən müdrik, heyrətamiz şəxslərindən və sağlığında ziyarətə çevrilən, xəlvətiliyin qurucularından olan, şeyxlərin, üləmaların istinad yeri Seyid Yəhya. Ayıb deyilmi özünə “Bakuvi” təxəllüsü seçməsi? Niyə Kamranla məsləhətləşməyib ki, bu təxəllüs onun intellektini zıppıltıyla salır aşağı, hörmət-izzətdən düşür?
Bütün bu fəsadlar əlbəttə ki, Xaqanidən başlayır. Şirvan adını özünə təxəllüs seçib – adam bu qədərmi intellektsiz olar? Elə pis bir ənənə qoyub ki, Zülaliyə qədər bir ordu şair, alim, üləma özünə Şirvani adı götürməklə, bütün intellektlərini xar ediblər.
Dünyaca məşhur Mövlanənin ətəyini öpdüyü, “pirim-mürşidim” dediyi rəhmətlik Şəms də belə intellektsizlərin önündə gəlir. Əvvəla, adın Şəmsəddindirsə, niyə Şəms etmisən? İkincisi, Təbrizi nədir? Məgər bilmirsən ki, bir şəhərin adını özünə təxəllüs götürmək ayıbdır? Yəni Kamran Həsənlidən öyüd-nəsihət qəbul etmirsən? Təsəvvür edə bilirsinizmi ki, Kamran – Kamran ha, bu, sizin üçün Nizami, Xəqani-filan deyil - özünə Göyçaylı təxəllüsü götürsün?
Kamran Həsənli qədər savadı olmamaq, kamran Həsənli qədər meqa düşünməmək Şəms, Səbri, Səid Təbrizilər üçün ayıb deyilmi?
Hələ o marağalılar... yeri qoyub, göylə əlləşən, astronomiyada inqilab edən özünə necə Marağalı təxəllüsünü götürə bilərdi?
Təkkə ocağının məşhur siması Abbası götürək. Yaxşı, vilayət, dövlət, şəhər adını bildik, bu kənd adı hardan çıxdı? Adam da özünə Tufarqan kəndinin adını təxəllüsmü seçər?
Birdirmi, ikidirmi bu ayıb işləri tutan, tariximizə keçənlər?
Çox təəssüf, səd heyf ki, Azərbaycan tarixinin bu şanlı isimləri, Şərqin və dünyanın ən qüdrətli söz ustadları Kamran Həsənlinin dövründə yaşamayıblar və onun müdrik fikirlərindən xəbərsiz dünyadan köçüblər. Tarixin ədalətsizliyinə bax ki, Kamran Həsənli də o dövrdə peyda olmayıb bu dahiləri başa salsın ki, şəhər, rayon adını özünüzə götürməyin, ayıbdır, intellektiniz aşağı dığırlanır, qələminiz əlinizdən sürüşüb düşür, istedadınız korşalır...
Şükür günümüzə, gec də olsa, Kamran Həsənli doğuldu, yaşadı və gəlib o yerə çıxdı ki, bizə ağıl verən oldu, böyük, mübhəm sirləri açdı, nəticədə anladıq ki, dünya poeziyasının, fəlsəfi fikir tarixinin, ürfanın sütunları olan əcdadlarımızın min illik səhvini düzəltmək gərəkdir.
Gəlin, Nizamidən başlayaq – ziyanın 900 ilindən qayıtmaq da xeyirdir. Bundan sonra ona öz adını da, atasının adını da geri qaytaraq. “Gəncəvi”dən kişini xilas edək, Nizami Gəncəvini edən İlyas Yusifli.
Gerisini siz deyin...
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir