Akopyan “hərbi forma”nı niyə unudub?

12:34 - 24 Yanvar 2023 - GÜNDƏM

 Akopyan “hərbi forma”nı niyə unudub?

Ermənistan ordusunu gücləndirmək üçün qadınların silahlandırılması ideyası 2020-ci ilin yayından həyata keçirilməyə başlanılıb. Daha sonra 44 günlük müharibə zamanı “Erato” qadın dəstəsinin yaradılması kimi bir neçə populist addım Baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyan tərəfindən reallaşıb. Həmin vaxt Ermənistanda Azərbaycan ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün ilk qadın bölüyü hazırlanırdı. İndi də Ermənistan Müdafiə Nazirliyi qadın könüllülərin orduda iştirakını genişləndirmək üçün nəzərdə tutulmuş qanun layihəsinin hazırlanmasına başlayıb. Ermənistan ordusu 2020-ci ildə məğlub olduqdan sonra böhran içindədir. Bəziləri deyir ki, ordudakı qadınlar təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək, başqaları əmindirlər ki, patriarxal mühitdə gender bərabərliyini təmin etmək çətin olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”nın məqaləsində deyilir.

“Təşəbbüs yanvarın 11-də müdafiə nazirinin müavini Arman Sərkisyan tərəfindən irəli sürülüb. Ermənistanda məcburi hərbi xidmətə 18-27 yaşlı kişilər cəlb edilir. İki il xidmət edirlər. Qadınlar hələ də yalnız müqavilə əsasında çalışanlardır. 2019-cu ildə onlar şəxsi heyətin ümumi sayının təxminən doqquz faizini təşkil ediblər. 44 günlük müharibədə məğlubiyyətdən sonra başlanmış və 5 il üçün nəzərdə tutulan ordu islahatına gəlincə, onu təqdim edən Paşinyan qadınların orduya cəlb olunmasının zəruriliyini onların Ermənistan əhalisinin əksəriyyətini təşkil etməsi ilə izah edib. Düzdür, o vaxtdan iki il keçib və orduda islahat konsepsiyası qəbul edilməyib və təkcə ötən ilin martında Müdafiə Nazirliyi qadın atıcı bölüyünün yaradıldığını bəyan edib. İnsaf naminə demək lazımdır ki, ordu elitası indi islahatlar əhval-ruhiyyəsində deyil - onlar kadr dəyişikliyi ilə məşğuldurlar. Artıq həm müdafiə naziri, həm də Baş Qərargah rəisi üç dəfə dəyişib”, - məqalədə bildirilir.

Qeyd olunur ki, ordunun Rusiya standartlarına uyğun olaraq yenidən qurulacağı düşünülsə də, bir sıra məlum hallar üzündən bu ideya həyata keçirilə bilmədi:

“Eyni zamanda, yenidən silahlanma ilə bağlı problemlər yaranıb: Paşinyan müttəfiqlərdən pul qarşılığında belə silah ala bilməməsindən şikayətləndi. Bu müttəfiqlərin adını çəkmədi, lakin onun Rusiyadan danışdığını təxmin etmək çətin deyildi. On illik xidmətdən sonra ordudan təqaüdə çıxan erməni qadın zabit gileylənib ki, qadın komandirlər iki-üç dəfə daha çox səy göstərməlidirlər ki, tabeliyində olan kişilər ona ciddi yanaşsınlar, ona tabe olsunlar və onun əmrlərinə əməl etsinlər. Bu da olduqca ciddi nüansdır. Erməni hərbi eksperti Armin Marqaryan isə bildirib ki, gender ayrı-seçkiliyi “ənənəsi” orduda qadınların həyatını çətinləşdirir və onların peşəkar yetişməsinə mane olur”.

Bəs, orduda qadın varlığının əsas təşəbbüskarı olan Anna Akopyan haqqında nə demək olar? O, 2020-ci ilin sentyabr ayında 18-27 yaşlı qadınlar üçün proqram təqdim edib və qeyd edib ki, 45 günlük ilkin hərbi hazırlıq kursunu bitirdikdən sonra ən yüksək nəticə göstərən qızlar orduya cəlb oluna biləcəklər. Baş nazirin arvadı tez-tez hərbi geyimdə fotolar yerləşdirsə də, müharibədəki məğlubiyyətdən sonra fikrini unudub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol