25 dronla Moskvaya hücum: Ordumuzun təcrübəsidir...

16:58 - 30 May 2023 - GÜNDƏM

 25 dronla Moskvaya hücum: Ordumuzun təcrübəsidir...

Rusiyanın tarixində ilk dəfə paytaxt Moskva kütləvi dron hücumuna məruz qalıb. Tarixi hadisədir, müharibənin yeni səhifəsdir. Bu hücumlar davamlı olacaq və Rusiyada artıq heç kim özünü təhlükəsizlikdə hiss etməyəcək.

Bu gün Moskva kütləvi dron hücumu ilə üzləşib və bu hücumu fərqləndirən maraqlı məqamlar var. İlk növbədə qeyd etmək lazımdır ki, hücumun məqsədi hər hansı strateji obyektlərə zərbə endirmək deyildi. Əsasən kiçik dronlardan istifadə edilib və dronların böyük əksəriyyəti heç partlayıcı maddə ilə təchiz edilməyib. Nəticə etibarı ilə dronlar Moskva səmasında sadəcə manevrlər edib.

Rusiya ilk dəfə bu cür hadisə ilə üzləşir və paytaxtda həqiqi panika hiss olunur, panika ilə yanaşı, insanlar kütləvi şəkildə HHM sistemlərinin fəaliyyətini videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bu fakt Ukrayna hərbi kəşfiyyatının işinə yarayır, onlar HHM sistemlərinin yerini rahat müəyyənləşdirə biliblər və bugünkü hücum daha çox kəşfiyyat məqsədli imitasiyaya bənzəyirdi (Xatırladaq ki, ilk dəfə Azərbaycan Ordusu 44 günlük savaşda pilotsuzlaşdırılan An-2-lərdən hədəf kimi istifadə edərək, erməni HHM sistemlərinin yerini müəyyənləşdirərək, onları məhv etmişdi – red.).

Diqqəti cəlb edən başqa məsələ, dronların əvvəlcədən təyin olunan yerlərə eniş etmələri idi.

Dronlardan biri Putinin Novo-Oqaryovodakı iqamətgahının 3 kilometrliyində yerləşən İlyinskoe, digər dron Znamenskoe yaşayış məntəqəsində düşdü - burada Putinin dostu Gennadi Timçenko, Baş nazir Mixail Mişustin, Putinin sabiq kürəkəni Kirill Şamalov və müdafiə naziri Sergey Şoyqu yaşayır.

Jukovka kəndinin yaxınlığında da bir neçə dron eniş edib. Bu ərazidə Putinin ən yaxın dostları Rottenberq qardaşlarının evləri yerləşir. “Rosneft”in rəhbəri İqor Seçin, “Rosqvardiya”nın rəhbəri Viktor Zolotov, Prezident Adminsitrasiyası rəhbərinin müavini Sergey Kiriyenko da bura yaxın yaşayır.

Son dron hücumu ilə Ukrayna və müttəfiqlər Rusiya elitasına açıq mesajını vermiş oldular və bu mesajın siyasi nəticələri olacaq.

Qeyd etmək lazımdır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi öz səhifəsində bir neçə gün qabaq maraqlı video paylaşıb. Videoda rusiyalıları əməkdaşlığa çağıraraq, "taleyiniz öz əlinizdədir" mesajı verilir. Təbii ki, milyardlarla dollar resursu olan elita üçün ən həyati vacib məsələ təhlükəsizlikdir, bu günə kimi Putin təhlükəsizliyi təmin edə bilsə də, bugünkü hücum yeni reallığı ortaya qoydu. Hazırda Rusiya elitasının təhlükəsizliyini ancaq Qərb təmin edə bilər, amma nəyin qarşılığında? Bunu zamanla görəcəyik.

Qərbin bugünkü mərhələdə Putinin zərərsizləşdirilməsi niyyəti və istəyini nəzərə alaraq, elita ilə gizli sazişin şərtlərini təsvir etmək o qədər də çətin deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol