“Ən rəzil, alçaq, murdar işləri görənlər hamıdan yaxşı yaşayırlar”

11:00 - 15 Sentyabr 2023 - CƏMİYYƏT

 “Ən rəzil, alçaq, murdar işləri görənlər hamıdan yaxşı yaşayırlar”

Xəbər verdiyimiz kimi, meyxanaçı Baləli özünə lüks avtomobil alıb. BMW X7-nin 2023-cü il model avtomobilə 255 min manat saydığı iddia edilən meyxanaçı sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. 

Bəs görəsən, bu tip xəbərlərə maraq niyə daha çoxdur? İnsanlar məşhurların pulunu saymağa niyə bu qədər meyillidir? 

Məsələ ilə bağlı   danışan sosioloq Elçin Bayramlı günahın böyük hissəsinin cəmiyyətdə olduğunu bildirib: 

"Burada 3 faktor var, mətbuat belə xəbərlərlə daha çox oxucu cəlb edəcəyini düşünür və daha çox bu cür xəbərlər paylaşır, ikincisi, bəzən məşhurlar özləri bu cür xəbərlərin yayılmasında maraqlı olur, şou yaradırlar, üçüncü səbəb isə cəmiyyətin özüdür, biz o tip xəbərləri daha çox izləyirik. 

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Günahın böyük hissəsi cəmiyyət olaraq özümüzdədir, həmin müğənniləri biz ulduz edirik, 10-15 minə toyumuza dəvət edirik, amma qonşuda acından ölən, xəstəsi olana 100 manat yardım etmək istəmirik. Bir uşağın təhsilinə dəstək vermirik, amma küçə müğənnisinə, insani dəyərləri olmayan, intellekti sıfıra yaxın ifaçıya 15 min manatı 2 saat oxuması üçün veririk.

Mən özüm də 25 ildir ki, mətbuatdayam. Hər hansı faydalı yaxud elmi yazı dərc ediləndə ona reaksiya verən çox az olur, amma müğənnilərin boşboğazlığı haqqında olan mənasız laqqırtılar minlərlə insan tərəfindən oxunur, baxılır. Bundan nə cəmiyyət, nə də dövlət bir fayda qazanır. Biz öz davranışımızla bu şəraiti formalaşdırırıq. Medianı da buna vadar edirik". 

Ekspertin sözlərinə görə, Azərbaycan cəmiyyəti günü-gündən geriyə doğru addımlayır:

"Biz artıq inkişaf etməmiş, intellektual bazası olmayan bir cəmiyyətə çevrilmişik. Bu, son dövrlərdə baş verib, Sovet dövründə belə deyildi.

Əgər bir cəmiyyətdə heç kimin əlində qəzet, kitab görmürüksə, vəziyyət kirtikdir. Adını da qoymuşuq ki, elektron əsrdir. Amma bu elektron əsr nədənsə, ancaq bizdədir, Avropada insanların böyük əksəriyyətinin əlində kitab olur. Belə yanaşma ilə cəmiyyətdə qeybətcil əhval-ruhiyyə hakim olur.

Başqalarının pulunu saymağı sevirik, əgər məsələ həmin şəxsin bu pulu haqsız yolla qazanmağı olsaydı, cəmiyyət buna etiraz etsəydi, bunu başa düşmək olardı. Son dövrlər ümumiyyətlə çox pis tendensiya yaranıb, pis əməllərlə məşhurlaşmış adamlar daha yaxşı yaşayır. Antireklam da bir reklamdır kimi sarsaq fikir var, bu, ancaq Azərbaycanda belədir. İnsanlar pis şeylərlə gündəmə gəlməyə razıdırlar, təki onu tanısınlar. Onlar istənilən halda, məşhur olmaq istəyirlər, fərq eləmir kimsə onları tənqid edəcək, yaxud söyəcək. Çünki həmin şəxslər yaxşı bilir ki, tanınmaq ona nə isə gətirəcək - ya pul, ya nüfuz.  

Bu, həmin adamlara cəmiyyətin verdiyi dəstəkdir. Necə ola bilər ki, pis əməllə məşhurlaşasan, sənə ictimai qınaq olmasın, əksinə, nüfuz, pul sahibi olasan?! Biz bir növ insanları pis olmağa çağırırıq.

Bu gün "Tik-Tok"da kanalların reytinqinə baxın, ən rəzil, alçaq, murdar işləri görənlər böyük auditoriya qazanırlar. Bu auditoriya da onlara dolayı yolla pul qazandırır". 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol