Restoranlarda “Wi-Fi”dan istifadə edənlərin nəzərinə: Təhlükə!

11:13 - 12 Oktyabr 2023 - IKT

 Restoranlarda “Wi-Fi”dan istifadə edənlərin nəzərinə: Təhlükə!

İstifadəçilərin şəxsi “Wi-Fi” şəbəkəsini, şəbəkə qurğularını hədəf alan kiberhücumlar aktual məsələ olaraq qalır.

Xüsusən restoranlarda və digər iaşə obyektlərində, demək olar, hər birimiz “Wi-Fi” şifrəsini istəyərək rahatlıqla internetə qoşuluruq. Lakin təəssüf ki, cihazlarımıza edilə biləcək hücumlar, kənar müdaxilə, istifadəçi adı və parollarını ələ keçirməsi kimi ehtimallar heç birimizin yadına düşmür. Ayrı-ayrı yerlərdə “Wi-Fi” şəbəkələrinə qoşulmağımızın zərərlərini göz önünə gətirmək elə də çətin deyil.

BUTA.TV xəbər verir ki, Pravda.az bu məsələni daha geniş araşdırmaq üçün İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirova müraciət edib. 

Mütəxəssis restoranlarda “Wi-Fi” parolundan istifadə, açıq yerlərdə “Wi-Fi”a qoşulmağın təhlükələri ilə bağlı sualları cavablandırıb: ““Wi-Fi” və ya kabelli internetə qoşuluruqsa, bu zaman həmin şəbəkəyə qoşulan digər istifadəçilərə bizim telefonumuza, yaxud kompüterimizə, istənilən məlumat mərkəzimizə giriş etmək, ən azı kiberhücum etmək üçün şərait yaratmış oluruq. Restoranlar, açıq ərazilər, parklar, əyləncə mərkəzləri kimi yerlərdə istifadə olunan “Wi-Fi” şəbəkələri, yaxud qoşulmaları təhlükələrin sayını daha çox artırır. Çünki həmin obyektlərin biznes olaraq qurulmasında heç bir təhlükəsizlik standartları gözlənilmir. Məsələn, hər hansı restoran, əyləncə mərkəzi, açıq internet verən park heç bir halda öz infrastrukturunda internetə qoşulan istifadəçilərin  təhlükəsizliyi təmin olunsun deyə bahalı kiber həllər tətbiq etmir. Onlar sadəcə internetə çıxış olması üçün kiçik avadanlıq quraşdırmaqla istifadəçilərin internetə çıxışını təmin edirlər. Həmin “Wi-Fi”a qoşulduğumuz zaman bizimlə paralel qoşulan üçüncü şəxslər birbaşa “Wi-Fi” şəbəkəsi üzərindən avadanlığımıza, kompüterimizə, telefonumuza hücumlar edə bilirlər. Yaxud qoşulduğumuz avadanlıq şifrəsizdir, internetə birbaşa çıxır. Belə halda internetdən kompüterimizə, telefonumuza gələn hücumlardan qorunmaq üçün heç bir təhlükəsizlik avadanlığı istifadə olunmadığına görə bütün məlumatlarımız açıq şəkildə internetə yayılmış olur. Təbii ki, bunun riskləri böyükdür. İstənilən halda bunun qarşısını almaq üçün tövsiyə olunur ki, telefonumuzda, kompüterimizdə lisenziyalı proqramlar istifadə olunsun, mütləq şəkildə anti-viruslar tətbiq edilsin”.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

F.Əmirov vurğulayıb ki, bəzi vətəndaşlar “Android” və digər proqram təminatlarının versiyalarını zavod standartlarından kənar olan başqa üçüncü versiyalarla əvəz edirlər: “Bu isə kibertəhdidlərə birbaşa açıq qapı deməkdir. İstənilən mühitdə öz təhlüksizliyimizi ən birinci özümüz təmin etməliyik. Bu, bizim şəxsi marağımızda olmalıdır, çünki hər hansı məlumat oğurluğu baş versə, öz məlumatlarımız oğrulanacaq. Bu, hansısa restoranın, əyləncə mərkəzinin marağında deyil. Yarana biləcək təhlükələri nəzərə alaraq, tövsiyə edirik ki, vətəndaşlarımız ehtiyac yaranmadıqca tanımadıqları yerlərdə internetdən istifadə etməsinlər, diqqətli olsunlar, uzunmüddətli internet qoşulmalarından çəkinsinlər. Təcili yazışmaya və ya məlumat göndərməyə, zəng etməyə ehtiyac varsa, internet üzərindən edib sonra interneti bağlasınlar. Eyni zamanda telefon və kompüterlərdə anti-virus proqramları, zavod istehsalı olan və müdafiə üçün tətbiq edilən “tool” və ya proqram təminatı istifadə olunsun”. 

İnformasiya təhülkəsizliyi üzrə mühəndis Xədicə Tağızadə (Bürcəliyeva) deyib ki, hazırda kiberhücumların sayı artmaqdadır: 

“Bu, artıq bir faktdır və bütün statistikalar da öz əksini tapır. Təhlükəli olmaqla yanaşı, burada maraqlı bir məqam var. Artıq hakerlər məcbur qalmadıqca, ehtiyac yaranmadıqca hər hansı sistemi “sındırmağa” çalışmırlar. Çünki bu, xeyli resurs tələb edir. Böyük şirkətlər artıq özlərinin qoruma vasitələrini, şəbəkə təhlükəsizliyini gücləndiririlər. Bu cür informasiya əldə etmək yollarına zaman və ya resurs sərf etmək əvəzinə, hakerlər hər hansı boşluqdan, zəiflikdən istifadə edərək qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar. Artıq texnikanın inkişafı elə səviyyəyə gəlib çıxıb ki, biz internetə istənilən yerdə çıxış tapa, otel, restoran, açıq hava, hava limanlarında pulsuz şəbəkədən yararlana bilirik. Əlbəttə, bu, bizim işimizi asanlaşdırır, razıyam. Amma çox ciddi təhlükələri var. İnternetdə bu barədə maraqlı infoqrafiklər mövcuddur. Çox sevdiyim bir nümunəni misal çəkim, ödənişsiz simsiz şəbəkədən istifadə etməyi siçan tələsinə bənzədirlər. Necə ki tələ quranda pendir qoyuruq, siçan tələyə düşürsə, burada da eyni məntiq işləyir. İnsanları bu şəkildə şirnikləndirir, heç bir təhlükəsizlik tədbirləri də görmürlər”. 

Mühəndis qeyd edib ki, xüsusilə konfidensial informasiya ilə çalışan şəxslər, yaxud rəhbər şəxslər, bir çox informasiya sisteminə girişi olanlar pulsuz simsiz şəbəkələrdən istifadə edərkən öz şirkətlərinin məlumatlarını ciddi şəkildə təhlükəyə atmış olurlar: “Məsələn, dövlət qurumunda çalışan rəhbər şəxs otellərin birinə tədbirə gedəndə, əlbəttə ki, həmin otelin “Wi-Fi” şəbəkəsindən istifadə edir. Haker isə əvvəlcədən müəyyən sosial mühəndislik vasitələri ilə öyrənə bilir ki, həmin dövlət məmuru hansı saatda o tədbirdə olacaq. Beləliklə, çox asanlıqla “Wi-Fi” şəbəkəsinə daxil olur, şəbəkəyə qoşulmuş şəxslərin məlumatlarını ələ keçirir. Bu yollarla ələ keçirilmiş informasiyalarla bağlı bir çox statistika məsələnin əslində necə ciddi olduğunu göstərir. Rəqəmlərin sayı gündən-günə artmaqdadır. Beynəlxalq standartlar koorporativ - işçi mühitində pulsuz “Wi-Fi” şəbəkəsindən istifadə üçün təhlükəsizlik tədbirlərinin görülməsini birməmanlı şəkildə tələb edir. Əlbəttə ki, siz gedib hansısa otelin təhlükəsizlik məsələlərinə qarışa bilməzsiniz, amma şəxsi telefonunuzda bütün əməliyyatlara cavabdehsiniz. Birincisi, şirkət daxilində mütləq şəkildə bununla bağlı siyasət, məlumatlandırma, yaxud təlim olmalıdır. Rəhbər şəxslər və digər işçilər ofisdən kənar mühitdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən nələrə diqqət etməlidirlər ki, şəxsi informasiyalarını kənar şəxslərə əldə edə bilməsin. Bacardığımız qədər pulsuz simsiz şəbəkələrdən istifadə etməməliyik. Xüsusən bank əməliyyatları, sosial şəbəkələrdə şifrə dəyişdirilməsini, konfidensial informasiyalarla bağlı əməliyyatları kənar yerlərdə “Wi-Fi” şəbəkəsinə qoşularaq etməsinlər. Vətəndaşlar bunları nəzərə almalıdırlar. Məcbur qaldıqları təqdirdə isə çalışdıqları şirkətin tənzimlədiyi təhlükəsizlik qaydalarına mütləq riayət etməlidirlər. Telefonlarda anti-virus olması vacibdir. Çoxfaktorlu autentifikasiyadan (MFA) istifadə etməlidirlər. Zəruri hallar zamanı yalnız və yalnız təhlükəsizliyi təsdiqlənmiş, lisenziyalı VPN-lər üzərindən şəbəkəyə qoşula bilərlər. Rəhbər şəxslərin konfidensial informasiylarla bağlı əməliyyatları kənar “Wi-Fi” şəbəkəsi üzərindən etmələri onların həm maliyyə, həm reputasiya itkisinə gətirib çıxara bilər. Bilirsiniz ki, artıq ölkəmizdə də informasiyanın qorunması dövlət səviyyəsində tənzimlənir. Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı strategiyası, qanunları, tələbləri var. Hamımız buna əməl etməliyik. Düzdür, informasiya təhlükəsizliyinin qorunma şərtləri xarici ölkələrdə daha ciddidir. Onlar daha tələbkardırlar. Xarici ölkələrdə hər hansı şirkətin bilərəkdən və ya bilməyərəkdən şəxsi, yaxud konfidensial informasiyasının ifşa olunması məsuliyyət yaradır, həmin şirkətlər qanunla cəzalandırırlar, yüksək məbləğdə cərimə ödəyirlər. Bu metod da artıq ölkəmizdə yavaş-yavaş tənzimlənməyə başlayıb. Nəticələri ağırdır, ona görə də təhülkəsizlik təmin olunmayan yerlərdə bu cür şəbəkələrə giriş etmək məsləhət deyil. Beynəlxalq təcrübələrə əsaslanan siyasətin tətbiqinə ciddi ehtiyac var”. 

Mühəndisin sözlərindən belə nəticəyə gəlirik ki, kənar yerlərdə “Wi-Fi” şəbəkəsinə qoşulanlar təkcə sıravi vətəndaşlar deyil. Onların arasında təhlükədən xəbərsiz olan rəsmilər, dövlət məmurları da var. Bu, hazırkı həssas məqamda daha çox təhlükələrə, təhdidlərə qapı aça biləcək dövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilə bilər. 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə deyib ki, o, Azərbaycanda kənar yerlərdə internet şəbəkələrinə qoşulmamağa çalışır: 

“Ancaq xarici səfərlər zamanı bəzən kənar şəbəkələrə qoşuluruq. Bu zamanda bacardığım qədər etibarlı şəbəkələrə qoşulmağa çalışıram. Təhlükəli, yaxud parklarda pulsuz təqdim olunan “Wi-Fi”lar, hər kəsin qoşula biləcəyi, heç bir təhlükəsizlik protokoluna əməl olunmayan internet şəbəkələrinə qoşulmaqdan həmişə çəkinirəm. Gərək, özümüz kiberhücumların qarşısını almaq üçün hər şəbəkəyə qoşulmayaq. Azərbaycanda əsasən mobil operatorların təqdim etdiyi internetdən istifadə edirəm. Təbii ki, evdə və işdə etibarlı internet şəbəkəsi var, onlara qoşuluram. Artıq insanlar internetsiz həyatlarını təsəvvür edə bilmirlər. Bütün işlərimizi smartfonlar, kompüterlər üzərindən internetə qoşularaq həll edirik. Bu baxımdan, istər-istəməz pulsuz internetə daha çox meyillənirik. Əvvəlki dövrlərdən fərqli olaraq heç bir ödəniş olmadan istənilən yerdə “Wi-Fi”a qoşularaq internetə giriş imkanı əldə edə bilirik. Təəssüf ki, son dövrlər məhz zəif qorunan internet şəbəkələrinə qoşulan istifadəçilərə qarşı kiberhücumlar həyata keçirilir. Sadə vətəndaşlarımız isə bunun fərqinə varmadan getdikləri kafedə və digər yerlərdə “Wi-Fi” şifrəsini istəyərək şəbəkəyə qoşulurlar. Hətta telefonun yaddaşında qalan “Wi-Fi” adı ilə eyni adlar yaradaraq vətəndaşlara qarşı fərqli formada kiberhücumlar təşkil edilə bilir. Bank kartları barədə məlumatlar, şəxsi məlumatları köçürülür, istifadəçinin telefonuna xüsusi proqramlar yerləşdirilir. Vətəndaşlarımız zərurət yaranmadığı təqdirdə etibarlılığına əmin olmadıqları internet şəbəkələrinə qoşulmaqdan çəkinməlidirlər, çünki risklidir. Hətta ən etibarlısı xüsusi mobil operatorlar tərəfindən təqdim olunan internetdən istifadə etməkdir. Bütün şifrələrimizi - elektron poçt ünvanlarımızı, xüsusi portallara giriş şifrələrimizi heç olmasa həftədə bir dəfə dəyişməliyik ki, kibercinayətkarların əlinə keçməsin. Smartfonlarımızın, kompüterlərimizin təhlükəsizliyini daim nəzarətdə saxlamalıyıq. Əks təqdirdə, özümüzün də xəbərimiz olmadan şifrələrimiz üçüncü şəxslərin əlinə keçə bilər. Nəticədə çox ağır fəsadlar ortaya çıxar”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol