“Qadınlar boşanmadan da aliment ala bilər” - Bunun üçün nə etməli?

17:57 - 13 Oktyabr 2023 - CƏMİYYƏT

 “Qadınlar boşanmadan da aliment ala bilər” - Bunun üçün nə etməli?

“Son zamanlar insanlarda belə bir fikir formalaşıb ki, qadınlar aliment almaq üçün boşanır. Boşanmanı iqtisadi amillə bağlayırlar, lakin bunu deyənlərin çoxu bilmir ki, boşanmadan da aliment almaq olar”. 

Bu sözləri "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O, bildirib ki, qadınlar boşanmadan da aliment tələb etmək hüququna malikdirlər: 

“Əgər kişi ailədəki iqtisadi vəziyyəti təmin etmirsə, ailənin büdcəsini yalnız özünün maraqlarına uyğun xərcləyirsə, qazancını doğru-dürüst ailəsinin ehtiyaclarına xərcləmirsə, bu zaman qadın boşanmadan belə aliment üçün müraciət edə bilər. Qanunla qadınlar boşanmamış ərlərindən aliment ala bilərlər. Qadın məhkəmədə ailədə gəlirin düzgün xərclənməsi, uşaqların ehtiyaclarının təmin edilməsini tələb edə bilər. Bunun üçün boşanmaq elə də vacib deyil.  

Boşanmaq o halda baş verir ki, ailədə münasibətlər artıq tənzimlənmir və tərəflər bir-biri ilə münasibətlərində uşaqlara daha çox zərər verirlər. Boşanmaya isə müxtəlif səbəblər ola bilər. Amma qadınlar aliment üçün boşanırlar fikri absurddur”. 

M.Zeynalovanın sözlərinə görə, bu gün qadınların hüquqi yardıma əlçatanlığı zəifdir:

“Qadınlar rahat şəkildə hüquqi yardım ala bilmirlər, çünki əvvəllər ictimai vəkillik institutu var idi, qadınlar qeyri-hökumət təşkilatlarına gəlirdilər, ordan dəstək alırdılar, nümayəndəlik onlara kömək olurdu. Hazırda bu proses bir az fərqlidir. Vəkil məhkəməyə çıxmaq üçün mütləq şəkildə Vəkillər Kollegiyasının üzvü olmalıdır, ya da qadınlar Vəkillər Kollegiyasına müraciət edərək pulsuz vəkil əldə edə bilərlər. Lakin bütün proseduralardan əvvəl tərəflər mediasiya institutuna  yollanır. Bu zaman cütlüklər normal şəkildə müzakirələr aparır, razılaşır. Tərəflər barışmasa belə, birgə uşaqların maraqlarını, tənzimləyə bilmədikləri münasibətləri mediasiya vasitəsilə tənzimləyə bilirlər”.

Birlik sədri mediasiyanın tərəfləri barışdırmaq kimi bir funksiyasının olmadığını bildirib. Buna baxmayaraq, o, mediasiya şurasına gəldikdən sonra barışan cütlüklərin də olduğunu qeyd edib: 

“Mediasiya Şurasına gəldikdən sonra barışan cütlüklər də olub. Onlar ora gəldikdə söhbət zamanı bəlli olur ki. Bu boşanmaların kökündə cütlüklərin bir-birlərinə fikirlərini çatdıra bilməməsi, kənar şəxslərin ailəyə müdaxiləsi durur. Mediatorlar bu məsələdə tərəflərin zəif nöqtələrini tapır və münasibətlərin tənzimlənməsinə kömək edir. Amma mediasiya heç də barışdırmaq missiyası daşımır. Mediator tərəflərin sülh yolu ilə münasibətlərini tənzimləmək və uşaqların gələcəyi üçün sülhün vacibliyini izah edir. 

Amma ümumən bu mövzuda çətinliklərdən biri əksər vaxt qadınların hüquqi savadlılığının olmamasıdır. Onlara elə gəlir ki, rüsum ödəmək, vəkillər müqavilə bağlamaq çox bahalıdır. Bu halda məhkəmədə qarşı tərəf vəkil tutur və qadın bir çox imkanlardan məhrum olur. Bu əmlak hüququ da ola bilər, uşağın anadan alınması da. Əksər hallarda qadın uşağı götürür, kişi də qadına cəza vermək düşüncəsi ilə alimenti ödəmir, qadınlar da belə hallarda çox vaxt uşağı ataya göstərməməklə ondan qisas almağa çalışır. Bu məsələdə Mediasiya Şurası çox əhəmiyyətlidir”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol