Bakı-Quba ödənişli yolunda tariflər baha, yoxsa ucuzdur ? - dünya təcrübəsi

11:21 - 19 Oktyabr 2023 - CƏMİYYƏT

 Bakı-Quba ödənişli yolunda tariflər baha, yoxsa ucuzdur ? - dünya təcrübəsi

Yolların ödənişli edilməsində məqsəd heç bir halda onların çəkilişinə qoyulan xərcləri çıxarmaq deyil; ictimai nəqliyyat üçün istisnalar da olmalıdır...

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk ödənişli yoldan istifadə haqqı müəyyənləşib. Tarif Şurasının oktyabrın 17-də qəbul etdiyi qərara əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq 129 km-lik hissəsi üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib.

Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Şura bildirir ki, gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Xatırladaq ki, Nazirlər Kabinetinin sentyabrın 5-də qəbul etdiyi qərarla M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq 129 km-lik hissəsini ödənişli yol elan etmişdi.

Tarif Şurasının açıqlamasında qeyd olunur ki, ödənişli yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir: “Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcək. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda ödənişli avtomobil yolları yaradıla bilər və bunun əhalinin həssas təbəqəsinə mənfi təsiri olmur. Çünki bu yoldan istifadə seçimdən asılıdır. Belə ki, eyni keyfiyyətdə ənənəvi yol da mövcuddur”.

Şuranın açıqlamasındakı sonuncu cümlənin reallıq olmadığını yəqin ki, Şimal zonasına gedib-gələn hər kəs yaxşı bilir. Ödənişli yolun alternativi - köhnə yol bərbad gündədir, onun durumunu yeni çəkilən yolla eyniləşdirmək absurddur.

Tarif Şurasının müəyyənləşdirdiyi istifadə haqqı ciddi müzakirələrə səbəb olub. Bir çoxları onun yüksək olduğunu qeyd edirlər. Bəziləri isə müəyyənləşdirilən tarifi normal qiymətləndirirlər. Maraqlıdır ki, hər iki fikirdə olan dünya təcrübəsinə əsaslanırlar. Dünyada isə ödənişli yollardan istifadə haqqı müxtəlif amillər əsasında müəyyənləşdirilir. Qeyd edək ki, ilk pullu yol 17-ci əsrin ikinci yarısında İngiltərədə meydana çıxıb. Belə ki, əvvəllər yalnız yerli sakinlər evlərinin yanında yerləşən kənd yollarını təmir edirdilər, lakin nəqliyyatın intensivliyinin artması onları işdən əl çəkməyə məcbur etdi - yollardan onlar deyil, yoldan keçən tacirlər istifadə edirdilər. Buna görə də 1663-cü ildə İngiltərə Parlamenti üç qraflığın sülh məhkəmələrinə yoldan istifadəyə görə rüsum toplamaq və əldə edilən gəliri yolların təmirinə sərf etmək səlahiyyəti verdi.

XVIII əsrin əvvəllərindən xüsusi yol trestləri pul yığmağa və yola baxmağa başladılar. Belə trestlər bazar şərtləri ilə kiçik yolların təmiri üçün kredit götürüb, rüsumdan aldıqları pulları borcunu ödəməyə sərf ediblər. 19-cu əsrin ortalarında mindən çox belə trest var idi və bütün İngiltərədə yolların təxminən 80 faizi onların nəzarətində idi.

ABŞ-da 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yolların tikintisi və təmiri şəxsi əllərə keçdi. ABŞ-da pullu magistralların yaranması Böyük Depressiya zamanı ölkəyə qismən kömək etdi: yeni iş yerləri açıldı, minlərlə işsiz gəlir mənbəyi tapa bildi.

Digər Qərb ölkələri 20-ci əsrdə pullu magistral yollar tikməyə başladılar. İtaliya 1924-cü ildə Milan yaxınlığındakı hissədə rüsum tətbiq edən ilk ölkə oldu. Onun ardınca Yunanıstan, daha sonra isə 60-cı illərdə konsessiya müqavilələri əsasında avtomobil yollarının tikintisinə başlayan Fransa, İspaniya və Portuqaliya gəldi.

Hazırda Avropada ödənişli yollar şəbəkəsinin uzunluğuna görə liderlər İtaliya (yolların 85 faizi ödənişli yollardır) və Fransadır (yolların 81 faizi pullu yollardır).

Avstraliyanın "Budget Direct" şirkəti dünyanın 400-dən çox pullu yollarında gediş haqqını təhlil edərək ən bahalı və ən ucuz yolları sıralayıb. Reytinqə İsveçrə, Avstriya, Farer adaları, Xorvatiya, Danimarka, Polşa, Belçika, Çin, Albaniya, İsveç, ABŞ, Kanada, Belarus, Hollandiya, Avstraliya, Almaniya, İrlandiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri,Yeni Zelandiya və digər ölkələrin yolları daxil edilib..

Reytinqdən görünür ki, pullu yolların daha çox olduğu ölkələrdə ödəniş məbləği adətən aşağı olur, ancaq bir neçə pullu yol olan ölkələrdə rüsumlar inanılmaz məbləğlərə çata bilər. Şirkətin araşdırmasına görə, dünyanın ən bahalı yolları ABŞ-dakı Pensilvaniya Turnpike (112,9 dollar), eləcə də Qrossqlokner yüksək Alp yoludur (37,5 avro). Hər iki marşrut gözəl təbiəti ilə seçilir və çoxlu turistləri cəlb edir ki, bu da onlarla səyahətin qiymətini izah edir.

Ondan sonra ən bahalı ödənişli yol İsveçrədədir - Alp dağları altından keçən tunellərdən istifadə etmək üçün 23,60 frank və ya 34,70 dollar ödəniş alınır. Ondan sonrakı yerdə 21,33 dollarla Avstriya, Farer adaları 21,30 dollar, Xorvatiya 20,01 dollarla gəlir. İlk beşliyi 14,06 dollarla Danimarka tamamlayır.

Ən ucuz ödənişli yol Birləşmiş Ərəm Əmirliklərindədir - 4 dirhəm, yaxud 1,22 dollar. Ödənişli yolların ucuzluğuna görə ikinci yerdə Yeni Zelandiya 2 dollar, daha sonra Böyük Britaniya 3,82 dollar, İrlandiya 3,99 dollar, Almaniya 4,99 dollar gəlir.

Ödənişli yolların uzunluğuna görə dünya ikincisi olan Fransada 288 km-lik Paris-Kale yolundan istifadə motosikletlər üçün 14,10, avtomobillər üçün 23,40 avro, 488 km-lik Paris-Strasburq yolu üçün 24,90 və 40,90 avrodur.

Almaniya ödənişli avtomobil yollarında rüsumlar yalnız icazə verilən maksimum çəkisi 7,5 ton və ya daha çox olan nəqliyyat vasitələri üçün ödənilir. 3,5 tona qədər olan avtomobillərindən yalnız ölkənin şimal hissəsindəki Herren və Warnow tunelləri üçün rüsum tələb edilir. Minik avtomobilləri üçün ödənişlərin tətbiqi planı 2019-cu ildə başa çatıb və Almaniya avtomobil yolları hələ də minik avtomobilləri üçün pulsuzdur.

Yunanıstanda və Norveçdə  ödəniş yalnız çəkisi 3,5 tondan yuxarı olan avtomobillərdən alınır. Ən çox ödənişli yola malik İtaliyada ödəniş bütün nəqliyyat vasitələrindən alınır, sadəcə, ağırlıq, hərəkət intensivliyi və vaxta görə fərqlənir. Həftəarası günlərdə ödəniş ikiqat aşağı, həftəsonlarında isə yüksək olur. Bundan əlavə, turizm baxımından daha cəlbedici bölgələrdə yollardan istifadə haqqı digər bölgələrdən bir qədər yüksək olur.

Pullu yolları postsovet ölkələrindən ən tez tətbiq edən Rusiya olub. 90-cı illərdən başlayaraq ölkədə belə yollar dövlət tərəfindən inşa edilib, 2007-ci ildən sonra isə özəl bölmə də prosesə cəlb olunub. Hazırda Rusiyada 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yol ödənişlidir.

Dünya təcrübəsində ödənişli yollar bir qayda olaraq alternativ səyahət üsuludur və onlardan istifadə edib-etməməyi yalnız sürücü özü seçir. Ancaq pullu yola girərkən maşın sahibi əmin olur ki, yol operatoru onu bütün marşrut boyu müşayiət edir: kameralar vasitəsilə onun təhlükəsizliyinə nəzarət edir və fövqəladə hallar baş verdikdə, həmişə kömək üçün təcili yardım və ya digər zəruri xidmətləri göndərir. Azərbaycanda bu sistemin necə qurulacağını, necə işləyəcəyini yəqin ki, təcrübədən biləcəyik.

Dünya təcrübəsindən aydın olur ki, ödənişli yollar əsasən inkişaf etmiş və sürətlə inkişaf etməkdə olan, həmçinin turist axını yüksək olan ölkələrdə yaradılır. Yolların ödənişli edilməsində isə məqsəd heç bir halda onların çəkilişinə qoyulan xərcləri çıxarmaq deyil: yolun cari saxlanması xərclərini qarşılamaqdır. Azərbaycanda da aydın məsələdir ki, müəyyən olunan tariflə yola çəkilən xərci çıxarmaq məqsəd deyil. Təəssüflər olsun ki, yoldan istifadə tarifinin məbləğini əsaslandırmaq üçün aparılan hesablamalar cəmiyyətə açıqlanmır: Şimal yolundan ildə, ayda, həftədə, gündə, hətta saatda istifadə intensivliyi, istifadə edən maşınların növü, ağırlığı, toplanacaq rüsumun illik həcmi, yola çəkilməsi gözlənilən cari xərclərin həcmi və sair. Belə olsaydı, bilinərdi ki, müəyyənləşdirilən tarif nə qədər obyektivdir.

Digər bir məsələ: dünyada ictimai nəqliyyat üçün heç bir yol ödənişli deyil. Məsələn, İtaliyada ictimai nəqliyyat şirkətlərinə məxsus müntəzəm reys avtobusları ən bahalı yollardan da pulsuz istifadə edirlər. Turizm şirkətlərinin turist daşıyan avtobuslarından isə haqq alınır. Yaxud yolboyu yerləşən yaşayış məntəqələrində qeydiyyatda olan vətəndaşdan pul alınmır. Azərbaycanda da belə təcrübələrdən istifadə olunması zəruridir. Ümid edək ki, zaman keçdikcə, bunu görəcəyik.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol