Əliyevin savaşına tələsən deputatlar tıxaca düşdü...

13:52 - 21 Noyabr 2023 - CƏMİYYƏT

 Əliyevin savaşına tələsən deputatlar tıxaca düşdü...

Milli Məclisdə baş tutan bugünkü iclasda millət vəkilləri ABŞ Senatında Azərbaycana qarşı dinləmələr və 907-ci düzəlişdən yan keçməyi qadağan edən qətnamə ilə bağlı öz fikirlərini bildirdilər.

Mövqe ortaya qoyanlar sıradan deputatlar deyil, əsasən, böyük təcrübəsi olanlar, savad və qabiliyyətinə heç bir şübhə edilməyənlər, diplomatiya savaşında mövqe tutanlardır. Sadəcə...

Sadəcə, məsələn, Ziyafət Əsgərovun timsalında mövzuya-problemə yanaşma və proseslərin “təhlilini” izlədikcə heyrətlənməyə bilmirsən. Hörmətli deputat deyir ki, “ABŞ Azərbaycanın 44 günlük müharibədə qələbəsini qəbul etmir”, “ABŞ sülh müqaviləsinin imzalanmaması üçün Fransanı qabağa verirdi”, “İndi gördü Fransa bacarmır, özü düşdü ortaya” və s.

Yeri gəlmişkən: Axı, “dünənə qədər” Senatda, nümayəndələr Palatasında bu “dinləmələri” erməni diasporunun gücü, ermənipərəst senator-konqresmenlərin əli ilə keçirdiyini deyirdiniz. Belə çıxır ki, sizin əvvəlcə baxışınızı-informasiyanızı konkretləşdirməyiniz gərəkdir...

Bu xəbər hal-hazırda çox oxunur
Şəbnəm Tovuzlu həbs oluna bilər - ŞOK SƏBƏB

Regionda baş verən proseslərə bu qədər səthi yanaşmaq Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil! Adama deyərlər ki, 44 günlük savaşı qəbul etmirlərsə, bəs, hanı Azərbaycanın diplomatik uğuru, savaşı realizə etməsi? 3 ildə nəyə nail olmuşuq diplomatiyada? 44 günlük savaşdan sonra Azərbaycanın qələbəsini qəbul etməsəydilər, bu 3 ilə yaxın müddətdə tamamilə fərqli mənzərə müşahidə edərdik. Bu ifadə niyə işlədilməli və opponentlərə yersiz arqument verilməlidir?

Azərbaycan meydanda müharibəni qazanıb, onun siyasi nəticələrini isə İlham Əliyev addım-addım bütün platformalarda qəbul etdirib. Məhz bunun nəticəsidir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ən yüksək səslə, həm də Qərbdə, AB Şurası rəhbərinin yanında etiraf etməyə məcbur edildi; məhz bunun nəticəsindir ki, Kreml çox əsəbi reaksiya verib, reallıq qarşısında geri çəkildi, Rusiya MN isə “Dağlıq Qarabağ” terminini nəhayət, tarixə gömüb, “Qarabağ iqtisadi rayonu”, “Xankəndi”, “Ağdərə”, “Xocavənd” adlarından istifadəyə başladı; Rəisi Prezident Əliyevi Qarabağın Azərbaycanın tərkibinə qayıtması münasibətilə təbrik etdi və s. Bu, 44 günlük müharibədə qazanılan qələbənin diplomatik cəbhədə möhürlənməsidir – İlham Əliyev bunu bacardı.

Biz 44 günlük savaşın nəticələrini bütün hərbi-siyasi və hüquqi-diplomatik cəbhələrdə başa vurmuş bir dövlətik!

O ki qaldı Fransanın “qabağa verilməsinə”, bu da tamamilə fərqli, yeni dünya düzəni ilə bağlı fövqəlgüclərin regional savaşlarına bağlı olan məsələdir: Fransa da, ABŞ da regiona daxil olub, burada Rusiyaya qarşı meydan əldə etməyə çalışır və bu məqamda Azərbaycan onların qarşısındakı ən böyük və ən ciddi maneədir. Qərbin Cənubi Qafqaza yeniekspansionist giriş cəhdləri Azərbaycanın regional oyunçu kimi manevrlərini məhdudlaşdırır. Bakı xüsusilə 44 günlük savaşdakı möhtəşəm qələbəsindən və onun siyasi realizəsindən sonra (! – red.) regional oyunçu kimi çıxış edir - bu, ayrı situasiyadır - və bu məqamda müttəfiqi Türkiyəni yanına alaraq, milli iradəsini ortaya qoyur.

“Fransanı qabağa verən ABŞ” – hələlik Azərbaycanın regional aktorluq ambisiyalarını qəbul edə bilmir və yaxud “mövqe dartışması” gedir, öz iradəsini diktə etməyə çalışır. Azərbaycan isə regionda hansısa layihələrin digər qonşuya qarşı olmasına razı deyil və bütün məsələlərin region ölkələrinin maraqları çərçivəsində, onların güc, müttəfiq və hazırkı potensialına adekvat şəkildə həllinin tərəfdarıdır.

Ərdoğanın hamını “Qarabağdan sonra yeni dövr açıldığını dərk etməyə” çağırması 44 günlük savaşın nəticələrinin tanınıb-tanınmaması məsələsi deyil – zatən dedik ki, tanınıb! 44 günlük savaş ərazimizin bütövlüyü uğrunda aparılıb, suverenliyimiz də tam bərpa və qəbul edilib - yəni bunu anlamaq çoxmu çətindir?

Məsələ odur ki, bəli, 44 günlük savaşdan sonra “yeni dövr açılıb”, “dünya beşdən böyükdür” və s. və bu yeni dövrdə, dünyanın yeni nizamının qurulmasında Azərbaycan ən azı öz regionunda payçı olmaq üçün bütün hazırlığını tamamlayıb: regional səviyyədə iqtisadi-hərbi gücü, siyasi iradəsi və müttəfiqləri ilə... İllərdir TDT-nin güclənməsi, QH-nin dünya siyasətində aktiv birlik kimi fəaliyyətinə Azərbaycan təsadüfən enerji, güc və resurs xərcləməyib. İlham Əliyev az qala 20 ildir buna hazırlıq görüb, bu yeni situasiyaya hərbi-siyasi baxımdan tam hazır daxil olub.

O, 2009-cu ildə Türk Birliyinə gedən yolu Naxçıvandan başladanda kiminsə ağlına gəlirdimi ki, 2020-də, 2023-də nə olacaq?

QH-ni bu səviyyəyə qaldırıb, 120 dövləti arxasına alanda necə? Həmin illərdə Bakıda keçirilən tədbirlərə görə, əksinə, onun opponentləri dil boğaza qoymurdular ki, insanlara çətinlik yaranır, yol bağlanır, nə bilim, vəsaitlər mənasız tədbirlərə sərf edilir və s. Nəticəsi nə oldu?

Uzaqgörəndirmi, böyük strateqdirmi, 20-30 il öncəni dəqiq hesablayırmı, Allahın lütfüdürmü – bu barədə fikirlərinizi desəniz, pis olmaz!

ABŞ və Fransanın niyyəti Azərbaycanı öz sərhədlərinə sığışdırmaq, regional layihələrdə söz sahibi olmasına imkan verməməkdir. Azərbaycan isə bu istiqamətdə diplomatik savaş aparır. Bu, iqtisadi sanksiya perspektivi olmayan, daha çox, əsəb mübarizəsinə bənzəyir – ABŞ Azərbaycana ildə 44 milyon dollar civarında hərbi yardım edirdi, indi onun kəsilməsi belə Azərbaycanın hərbi-iqtisadi vəziyyətinə heç bir təsir göstərə bilməz. Sadəcə, ABŞ öz maraqlarının alverini edir və bunu qısa müddətdə tamamlamağa çalışır. Çünki Ukraynada hərbi proseslər son fazaya daxil olmaqdadır və Rusiya artıq bu bataqlıqda sağ qaldığını nümayiş etdirir: Ukrayna danışıqlarına qədər isə Qərb bəzi regionları tam ələ keçirməyə çalışır.

Bu gün ABŞ Dövlət Departamenti Azərbaycanla dialoqu davam etdirdiyi və Ermənistan-Azərbaycan arasında danışıqlara töhfə verməyə hazır olduğunu bir daha təkrarladı. Sizcə, niyə?

Yeri gəlmişkən: hörmətli Fəzail Ağamalı bu gün MM-də ABŞ şəhərlərinin fəxri vətəndaşlığından imtina etdiyini açıqladı. Fəxri vətəndaşlıqdan imtina etmək əvəzinə, istifadə edilsə, fəxri vətəndaşlığın verdiyi üstünlüklərdən Azərbaycan naminə bəhrələnsə, daha yaxşı olmazdımı?

Britaniyalı Dekortenin İrəvana səfəri başlayıb, Bakıya da gələcək və bu, çox ciddi siqnaldır: Azərbaycan dünyanı yenidən “nizamlayan” – yəni bölüşdürən ölkələrin sıralanmasında öz mövqeyini bəlli edir və bu mövqe Bakının regional maraqlarına uyğun strateji bir yoldur.

Prosesləri idarə edən İlham Əliyevdir: hansı məqamda dayanmaq, gözləmək, hansı anda hücum lazım olduğunu da özü yaxşı bilir. Bu ağır, gecə-gündüz zəhmət və böyük strateji ağıl, ciddi səbir, dözüm və iradə tələb edən savaşa deputatların bu cür “dəstək” verməyə çalışması və yaxud prosesə primitiv düşüncə və məntiqlə qeyri-siyasi baxış ortaya qoyması lazımdırmı?

Daha funksional fəaliyyət bacarmırlarsa, Bakının tixac problemini müzakirə edə bilərlər – baxmayaraq ki, bunun da öhdəsindən gəlməcəkləri şübhəsizdir.

Onsuz da İlham Əliyev təkdir – sözün hər mənasında; ona yardıma “tələsənlər”, deyəsən, tıxacda qalır həmişə...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol