İrəvanın ermənilərə verilməsi qərarı ləğv edilə bilər

14:12 - 12 Fevral 2024 - GÜNDƏM

 İrəvanın ermənilərə verilməsi qərarı ləğv edilə bilər

Paşinyanın son müsahibəsində səsləndirdiyi bir çox fikir demoqogiyadan başqa bir şey deyil.

Bu sözləri BUTA.TV-a Paşinyanın Böyük Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsi zamanı Almatı Bəyannaməsi haqqında səsləndirdiyi fikirlər barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor Ermənistanın işğalla əvvəl mövcud olan bütün müqavilə və sənədləri pozduğunu vurğulayıb:

“Birincisi, Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə əvvəl imzalanan bütün müqavilələrin üzərindən xətt çəkib. Beynəlxalq hüquq da bunu deyir. İrəvanın məğlubiyyəti ilə bölgədə yeni geosiyasi şərait yaranıb. Ona görə də məğlub tərəf kimi Azərbaycanın haqlı şərtlərini qəbul etməklə sülh müqaviləsini imzalamalıdır. Əgər prosesi nəsə qazanmaq, yaxud qaytarmaq ümidi ilə uzadırlarsa, onda Azərbaycan da tam şəkildə AXC dövrünün sərhədlərindən çıxış edə bilər. Qeyd-şərtsiz sülh müqaviləsinin imzalanması bölgədə təhlükəsizliyi təmin etmək üçün önəmlidir. Lakin Ermənistanın bizə nəyisə diktə etməyə nə gücü, nə də haqqı var. Digər tərəfdən bir sıra dövlətlər Cənubi Qafqazda öz təsirlərini gücləndirmək və buranı Rusiyaya qarşı cəbhəyə çevirmək üçün Ermənistanı ortaya salırlar. Ancaq bütün hallarda Azərbaycan güclü tərəfdir və sülh müqaviləsi bu baxımdan ən çox Ermənistanın özünə lazımdır”.

Alim qeyd edib ki, müzakirələr zamanı yalnız 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı əsas götürülə bilər:

“Çünki bu sənədin imzalanması ilə hərbi əməliyyatlar dayandırılıb və öhdəliklər təsbit olunub. Qeyd etdiklərimiz Paşinyanın tez-tez vurğuladığı Almatı Bəyannaməsinə də aiddir. Bu sənədə əsasən Ermənistan ölkəmizin ərazisini işğal etməməli idi, lakin əksi oldu”.

Professor Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı mövcud olan ərazi iddialarının ölkəmizə də eyni haqqı verdiyini bildirib:

“Rəsmi İrəvanın sülh müqaviləsinin imzalanmasını yubatması əslində yeni bir müharibəyə açıq qapı qoyur, eyni zamanda Azərbaycana Ermənistan ərazisinə iddia etmək haqqı verir. Çünki ortada tarixi həqiqət var. Hətta belə davam edəcəyi təqdirdə Azərbaycan İrəvan və ətrafının Ermənistana verilməsi qərarını ləğv edə bilər. Paşinyan Almatı Bəyannaməsi üzərindən söz oyunu oynamaq və “yazıq” roluna bürünmək yerinə, ölkəsinin Konstitusiyasında Azərbaycan ilə Türkiyəyə qarşı olan ərazi iddialarını çıxarmalı, öhdəliklərini yerinə yetirməli, sülh müqaviləsini imzalamalıdır. Yoxsa Azərbaycan da tarixi və hüquqi məsələləri əsas götürürək ərazi iddiaları ilə çıxış edə, addımlar ata bilər. Bu da Ermənistan üçün fəlakət olar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol