Mədəniyyət Nazirliyinin keçirdiyi kitabxana işçilərinin attestasiyası narazılığa səbəb olub.
Bu barədə “BUTA.TV”ya müraciət edən şikayətçilər bildiriblər ki, illərlə kitabxanalarda çalışan əməkdaşlara əvvəlcədən təlim keçirilmədən İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki suallar verilib, nəticədə bir çoxu işdən azad edilib.
Həmin vətəndaşlar hesab edirlər ki, rəqəmsallaşma məqsədi ilə aparılan islahatlar əvvəlcə təlim və hazırlıqla müşayiət olunmalı, yalnız bundan sonra attestasiya keçirilməlidir. Onların fikrincə, uzun illərin təcrübəsini bir neçə texniki sual əsasında qiymətləndirmək ədalətli yanaşma deyil:
“Neçə ay əvvəl hansı kitabxanaya mütəxəssis göndərildi? Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi? Cavab çox sadədir: heç biri. Əvvəl insanı hazırlayarsan, sonra biliyini yoxlayarsan. Ən acınacaqlısı isə odur ki, onların çoxu yaşlı insanlardır. Bu yaşda iş tapmaq onsuz da çətindir. Əgər məqsəd kitabxanaları rəqəmsallaşdırmaqdırsa, buna etiraz edən yoxdur. Amma rəqəmsallaşma insanların taleyi hesabına aparılmamalıdır. Texnologiyaya keçid bir gündə olmur. Bunun yolu təlimdir, hazırlıqdır, dəstəkdir”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların attestasiyası keçirilib:
“Attestasiya ölkə üzrə bu qəbildən olan və yalnız informasiya texnologiyaları və kitabxana proseslərinin avtomatlaşdırılması ilə bağlı vəzifələrdə çalışan əməkdaşları əhatə edib. Attestasiyaya cəlb olunan 1100-dən çox əməkdaşın 25 faizi ali, 50 faizi orta ixtisas, 25 faizi isə orta təhsilli olub. Attestasiyanın əsas məqsədi kitabxana sistemində həyata keçirilən rəqəmsal transformasiya prosesinin tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların peşə bilik və bacarıqlarını, tutduqları vəzifələrə uyğunluğunu qiymətləndirmək, eyni zamanda rəqəmsal xidmətlərin keyfiyyətini daha da gücləndirməkdir. Attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müfaviq Qərarı ilə təsdiq edilmiş işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun təşkil olunub. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın keçirilməsi, attestasiya proqramı, qiymətləndirmə istiqamətləri və tez-tez verilən suallar bu ilin aprel ayından etibarən Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Attestasiya zamanı informasiya texnologiyaları üzrə sualların verilməsi də məhz attestasiya olunan əməkdaşların vəzifə funksiyalarından irəli gəlib. Kompüter, şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi üzrə baza biliklərinin qiymətləndirilməsi həmin vəzifələrin ayrılmaz tərkib hissəsidir”.
Nazirlikdən o da bildirilib ki, hazırda attestasiya komissiyalarının rəyləri və protokolları ümumiləşdirilir və yekun nətiəcələr əməkdaşlara işəgötürən tərəfindən bildiriləcək:
“Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların müasir tələblərə uyğun inkişafı, rəqəmsal transformasiyası və xidmət keyfiyyətinin artırılması həyata keçirilən islahatların əsas istiqamətlərindəndir. Attestasiya prosesi də bu məqsədlərə xidmət edən, peşə uyğunluğunun qiymətləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş qanunvericiliklə tənzimlənən mexanizmdir. Nazirlik bu prosesi qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və vahid qiymətləndirmə prinsipləri əsasında həyata keçirməkdə davam edəcək”.
Lamiyə Məmmədova
- Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu