Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı - Açıqlama - Video
Video
Salyanda 200-ə yaxın fermer “Aztəsərrüfat” MMC-yə təhvil verdikləri pambığın pulunu ala bilmədiklərini iddia edir.
“BUTA.TV” xəbər verir ki, sosial şəbəkələrdə onların narazılığını bildirən görüntülər yayılıb.
Fermerlərin sözlərinə görə, 2024-2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdiriblər. Məhsulu məntəqəyə təhvil versələr də, ödənişlər tam həyata keçirilməyib. Təsərrüfatçılar bildiriblər ki, artıq bir ildir bu problem həllini tapmır.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) sorğu ünvanladıq.
Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, pambıq şirkətləri Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aid edilməyiblər və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər: “Müraciətinizdə qeyd edilən məsələlərin həlli nazirliyin səlahiyyətləri xaricindədir.
Pambıq istehsalçıları və tədarükçüləri arasında münasibətlər bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının məhkəməyə müraciət etmə hüquqları vardır”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə Anews.az-a açıqlamasında bildirib ki, özəl sektorla bir neçə görüş keçirilib: “Məsələnin həllinə yönələn addımlar atmağa çalışırıq. Həmin şirkət qarşısında tələblər qoymuşuq ki, fermerlərin ödənişləri həyata keçirilsin. Məndə olan məlumata görə, bir qisminin artıq ödənişinə başlanılıb”.
Mədinə Useynova
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu?