Atamı itirəndə yuxunu kəşf elədim.

Bəşəriyyətin hələ tam yoza bilmədiyi yuxuları özüm üçün belə adlandırdım.

Yuxu atalar və oğulların görüş yeridir…

Atamdan sonra hər gün təkcə yorulduğum üçün yox, həm də onunla görüşəcəm deyə zövqlə yatıram.

Şükür Tanrıya ki, az qala hər gün bu görüş baş tutur.

Bu gecə yuxularımın ikinci qonağı doğuldu, atamdan sonra ikinci şəxsi itkimi verdim, sevimli atım Laçın öldü...

Mən ona minik öyrətmişdim, amma minməyə ürəyim gəlmirdi.

Çəkim çoxdur deyə ağır olacağından qorxurdum.

Beş yaşına bu il iyunun birində keçdi.

Atların ömrünü insanlarınkı ilə qiyaslasaq, çox zamansız ölümdür.

Cəmi bir neçə günün içində şam kimi əridi, titrədi, tərlədi və canını tapşırdı.

O əsdikcə ruhunun bədənindən necə ayrıldığını hiss edirdim.

Laçın at kimi doğulsa da, insan kimi vəfat etdi…

Nəsə mənə elə gəlir ki, o ömrünü mənə bağışladı. Özünü qabağa verdi…

Zatən atlar min illərdir, oğullara görə ölür.

Atların sinələrinə sancılan oxlar oğullara tuşlananlardı.

Sənin itkin bu dəfə mənim sinəmi oxladı, sinəm genişləndi bir az da...

Hər görüşdə alnına dağılan saçını sevgilimtək oxşayırdım.

Hər kəsə göstərib deyirdim ki, atasının saçı kimi burnunun ucunadək uzanacaq…

Son görüşümüzdə səni tumarlayıb geri çevrilib gedəndə kürəyimdən yüngülcə dişlədin. Çönüb baxmadım. Sonra qolumdan yapışdın dişlərinlə... Yenə çevrilmədim.

Bəlkə də zəhərləndiyini hiss etdirmək istəyirdin.

Bu kobudluğu heç vaxt özümə bağışlamayacam…

Sənə söz, bundan sonra ayaqlarım altına düşən yarpağa da əyiləcəm…

Onun son anlarına şahidlik edən dostum zəng vurur: Laçının durumu ilə bağlı qərarı sən verməlisən.

Adətən bu sualı çarpayı başında adama doğmaları üçün verirlər. Çarəsizliyim bu sualın qarşısında ən yaxınımla bağlı belə dəyişməzdi.

Səni yaşatmaq üçün Laçın dağlarında at kimi kişnəməyə, dörd nala çapmağa da hazıram.

Laçın azad olunandan sonra ora gedən ilk köçdə doğulmuşdun.

Səni alıb evimizə gətirən gün adını qulağına pıçıldadım–Laçın!

Eyvana çıxıb, ay Laçın, çağıranda qulağımda vətənim də səslənirdi.

Yəqin bundan sonra “Ay Laçın”ı dinləyəndə gözlərimin önünə bir də sənin baxışların sancılacaq…

Bu ilin aprelində bir qızın doğuldu. Əmin ol, əmanətimizdir.

Ona da öz qızımın adını vermişəm–Firuzə...

Məni tanıyanlar bilir, dostlar arasında tez-tez müxtəlif mövzularda sorğular keçirməyi sevirəm. Tutaq ki, “meyvən, ağacın, mahnın hansıdır?” deyə sorğulayıram.

Cavab bir olmalıdır.

Onlardan biri də belədir ki, “yenidən dünyaya gəlsəydin, nə kimi doğulmaq istəyərdin?”

Çox fərqli cavablar alıram: “Göyərçin kimi”, “qartal kimi”, “ağac kimi”…

Özüm isə bu suala həmişə “balıq kimi” cavabını verirdim.

Sevgili Laçın, bu gündən cavabımı dəyişirəm…

Elbrus Ərud

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu