Şəhərdən kəndə köçü təşviq etmək məqsədilə mənzil, biznes və məşğulluq sahələrində əlavə güzəştlərin tətbiqi təklif olunur. Söhbət kənd yerlərində ev almaq və ya tikmək istəyən gənc ailələrə dəstək göstərilməsindən, sahibkarlar üçün güzəştli kreditlərin verilməsindən və vergi güzəştlərinin tətbiqindən gedir.

BUTA.TV İctimai TV-yə istinadən bildirir ki, Bakıda yaşayan Həsən Əlizadə də kəndə qayıtmaq istəyənlərdəndir. Dörd il əvvəl təhsil almaq və işləmək məqsədilə Qubadan paytaxta köçən gənc bildirir ki, doğma rayonunda iş və yaşayış imkanları yaxşılaşarsa, ailəsi ilə birlikdə geri qayıtmağa hazırdır.

Onun sözlərinə görə, Bakıda iş imkanlarının daha geniş olması səbəbindən əvvəlcə özü paytaxta gəlib, daha sonra isə ailəsini də yanına gətirib. Lakin bölgələrdə də paytaxtdakı kimi imkanlar yaradılarsa, Qubaya qayıtmağı düşünür.

Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, kəndlərdə iqtisadi fəallığın artırılması üçün emalatxanaların yaradılması, maldarlığın və quşçuluğun inkişafına dəstək göstərilməsi, yerli istehsalçıların məhsullarını bazara çıxarmaları üçün əlverişli şəraitin yaradılması vacibdir.

Təkliflər arasında kəndlərdə və ucqar bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün sıfır vergi siyasətinin tətbiqi, güzəştli enerji tariflərinin müəyyənləşdirilməsi, yerli istehsal və emal müəssisələrinin yaradılmasının stimullaşdırılması da yer alır.

Bununla yanaşı, kənd sakinləri üçün elektrik enerjisi və təbii qaz tariflərinin iqlim və ərazi xüsusiyyətlərinə uyğun diferensiallaşdırılması, kommunal xidmətlər üzrə istehlak limitlərinin ləğvi və ucqar kəndlərdə daimi yaşayışın təşviqi təklif olunur.

Qeyd edilir ki, xüsusilə dağlıq və ucqar ərazilərdə ilin yeddi-səkkiz ayının soyuq keçməsi enerji istehlakını artırır. Bu səbəbdən həmin ərazilərdə yaşayan sakinlərin kommunal xərclərinin paytaxt sakinləri ilə eyni meyarlar əsasında hesablanması məqsədəuyğun hesab edilmir. Bölgələrdə əməkhaqlarının nisbətən aşağı olması da tarif siyasətində nəzərə alınmalı amillərdən biri kimi göstərilir.

Beləliklə, şəhərdən kəndə qayıdışın təşviqinin yalnız güzəştli kreditlərin verilməsi və vergi güzəştlərinin tətbiqi ilə deyil, həm də yeni iş yerlərinin yaradılması, kommunal xərclərin azaldılması və kənd təsərrüfatının inkişafına dəstək göstərilməsi ilə mümkün olduğu bildirilir.

Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi? Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?