Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB missiyasının tərkibində olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Heberştrayt bildirib.

"Federal Nazirlər Kabineti Almaniyanın AB-nin Ermənistandakı yeni missiyasında Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - o deyib.

Heberştrayt bildirib ki, AB missiyasında maksimum 15 alman hüquq-mühafizə orqanının əməkdaşı iştirak edəcək. Ümumilikdə isə Avropanın müxtəlif ölkələrindən 100 nəfər missiyada fəaliyyət göstərəcək:

“Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərgin olaraq davam etdiyi üçün yeni missiyaya ehtiyac var”.

O söyləyib ki, məqsəd silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.

Qeyd edək ki, daha öncə Fransadan 8 jandarmanın missiyanın tərkibində olacağı bildirilib.