İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı marağa səbəb olsa da, ekran işini tənqid edənlər də kifayət qədərdir. Buna səbəb isə aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin tez-tez istifadə edilməsidir.
Bur müddətdir ki, Xalq artistləri və ictimaiyyət nümayəndələri bu barədə tənqidi fikirlərini dilə gətirirlər. Mövzu ilə bağlı İTV və Radio Verilişləri Şirkəti Yayım Şurası toplantı keçirib. Toplantıda "Alatava" və "Gündəlik" serilları da geniş şəkildə müzakirə edilib.
Bu barədə BUTA.TV-a danışan İTV Yayım Şurasının və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət müzakirələrin nəticəsini açıqlayıb:
““Alatava” serialı ilə bağlı müzakirələr etmişik. Aprel ayının 26-da İTV və Radio Verilişləri Şirkəti Yayım Şurasının toplantısı keçirildi. İclasa qədər də sosial mediada İctimai TV-də yayımlanan seriallarla bağlı fikir mübadilələri aparılırdı. Bəzən mən də bu barədə öz fikirlərimi yazmışam, iclasda da fikirlərimizi paylaşmışıq.
Konkret olaraq “Alatava” ilə bağlı bir çox tamaşaçı özəlliklə vulqar ifadələrin açıq şəkildə səsləndirilməsinə etiraz edir. Təbii ki, o ifadələr birbaşa efirdə səsləndirilməyib, bu ifadələr efirə verilməyib, amma İTV-nin “YouTube” kanalında həmin seriyalar var və təəssüflər olsun ki, orada həmin vulqar ifadələr açıq şəkildə yer alıb. Biz də əlbəttə ki, İctimai TV loqosunun altında bu cür ifadələrin səsləndirilməsini məqbul saymırıq. Bu fikri özüm də sosial mediada paylaşmışdım və məhz mənim təşəbbüsümlə iki serial haqda müzakirə açıldı: biri 20 seriyadan ibarət olan və mövsümü qapatmış “Gündəlik” serialı idi, bu serial tərbiyəvi, öyrədici əhəmiyyətə malik serial idi və onunla bağlı təqdirimi dilə gətirdim, digəri də “Alatava” idi ki, onunla bağlı da tənqidi fikirlərimi səsləndirdim”.
Yayım Şurasının üzvü bildirib ki, müzakirələr zamanı serialda vulqar ifadələrin işlədilməsi məqbul sayılmayıb və bununla bağlı tədbir görüləcək:
“İclasın nəticəsini ümumiləşdirərək demək istəyirəm ki, mənim qaldırdığım məsələ dəstək tapdı. Yəni vulqar ifadələrin yayımlanması məqbul sayılmadı, ona görə də İctimai Televiziya sosial media üzərindən yayımla bağlı müəyyən dəyişikliklər edəcək. Bu haqda iclasda fikir səsləndirildi. Əlbəttə ki, biz başa düşürük, indi tamaşaçı qazanmaq, televiziyanı ayaqda saxlamaq yarışı gedir. İctimai Televiziya bu məsələdə bəzən kommersiya kanallarından geridə qalır. Bu da səbəbsiz deyil, çünki İctimai Televiziya səviyyəni qorumaq məcburiyyətindədir, belə olmasa, o, İctimai Televiziya olmaz. Ucuz şoular İctimai Televiziyanın işi deyil. Təəssüflər olsun ki, tamaşaçıların da böyük əksəriyyəti ucuz və səviyyəsiz şoulara daha çox həvəs göstərir. Əlbəttə ki, belə bir şəraitdə İctimai Televiziyanın rəhbərliyi, yayım şurası, yaradıcı kollektivi də yollar axtarmağa çalışır ki, tamaşaçı auditoriyasını itirməsin, əksinə, daha da genişləndirsin. Ona görə də bu cür seriallar ortaya çıxır. Seriallarda qoyulan məsələlər də əslində reallığı əks etdirir, amma biz də düşünürük ki, hər reallığı bu cür çılpaq şəkildə efirə vermək doğru deyil, söhbət təkcə mənim tənqidi fikrimdən getmir, həm də tamaşaçıların, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin tənqidindən gedir. Tənqidi fikirlər də nəzərə alınacaq. Serial çəkilib, onun dəyişdirilməsi imkanı yoxdur, amma efirə, eyi zamanda, “YouTube” kanalı üzərindən təqdimata müəyyən korrektələr ediləcək. Bu da elə olacaq ki, həm serial özü zərər görməsin, həm də səviyyə qoruna bilsin”.
A.Həsrət qeyd edib ki, ictimai yayım mütləq səviyyəni qorumağa məcburdur:
“Mənim şəxsi mövqeyimə gəlincə, mən hər zaman demişəm ki, ictimai yayımda səviyyənin gözlənilməsi şərtdir. Biz tamaşaçı qazanma yarışına girməməliyik. Kommersiya kanalları sərbəst və azaddır, onların seçim imkanları ictimai yayımdan qat-qat artıqdır və onlar nəyisə efirə verə biləcəkləri təqdirdə, ictimai yayımın mütləq ictimaiyyətin rəyini nəzərə alması kimi tələbi var. Mən yayım şurasının üzvü olmaqla bərabər, özümü həm də tamaşaçı qismində görürəm, televiziyaya baxıram və əlbəttə ki, ictimaiyyəti narahat edən məsələləri dilə gətirməyi, sözüm keçən yerlərdə müzakirəyə çıxarmağı da özümə borc bilirəm”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir