20 gün əvvəl 10 manatlıq səbət bu gün neçəyə başa gəlir? - Qida bazarından REAL HESABAT
Avqustun 24-də marketlərdə monitorinq aparmışdıq. “10 manatlıq səbət” rubrikamızda marketdə satılan məhsulların qiymətlərini təqdim etmişdik.
Ötən ay olduğu kimi, bu dəfə də istehlakçıların ən çox üz tutduğu supermarket rəflərinə baş çəkib gündəlik tələbat məhsullarının qiymət dinamikasını yaxından izlədik. Rubrikamızın əsas məqsədi sadəcə rəqəmləri sadalamaq deyil — eyni marka, eyni çəki və eyni keyfiyyətdə olan məhsulları müqayisə edərək ay ərzində alıcılıq qabiliyyətinin necə dəyişdiyini və cibimizə nə qədər qənaət edə bildiyimizi obyektiv şəkildə üzə çıxarmaqdır.
Yeri gəlmişkən, rəsmi statistikaya görə, Azərbaycanda illik inflyasiya avqust ayında 5,7 faiz təşkil edib. Xüsusilə əhalinin gündəlik tələbatında olan çörək və un məmulatları, ət və ət məhsulları, süd məhsulları, yumurta, meyvə-tərəvəz kimi ərzaqların qiymətləri vətəndaşların ən çox narazılıq etdiyi məsələlər sırasında qalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, avqust ayında qida məhsulları üzrə illik qiymət artımı 7,2 faiz olub.
BUTA.tv xəbər verir ki, əməkdaşının 20 gün əvvəl (24 avqust- 14 sentyabr) apardığı qiymət monitorinqi ilə budəfəki müşahidəsini müqayisə etdikdə, bəzi məhsulların qiymətində nəzərəçarpacaq dəyişiklik olduğu görünür.
Çörək və yumurta kimi strateji ərzaqlar sabitliyini qorusa da, xüsusilə idxal kərə yağları və bitki yağlarında nəzərəçarpan qiymət artımı diqqət çəkir. Digər tərəfdən, bəzi yerli məhsullardakı aksiyalar alıcılar üçün müəyyən balans yaradır. Gəlin, son bir ayda supermarket rəflərində baş verən dəyişikliklərə və 10 manatlıq bazarlıq səbətimizin bu gün neçəyə başa gəldiyinə birlikdə baxaq...
Kərə yağları arasında ən ciddi bahalaşmalardan biri “New Zealand” məhsulunda qeydə alınıb. Avqustun 24-də 1 kiloqramı 20,99 manata satılan məhsulun hazırkı qiyməti 24,55 manatdır. Beləliklə, bu kərə yağının qiyməti bir ay ərzində 3 manat 56 qəpik artıb.

“Best Cow” kərə yağının 1 kiloqramının qiyməti 21,99 manatdan 24,99 manata yüksəlib. Yəni məhsul 3 manat bahalaşıb. “Anchor” kərə yağında da artım qeydə alınıb. Avqustda 22,95 manata satılan 1 kiloqram məhsul hazırda 25,90 manatdır. Bu isə 2 manat 95 qəpik fərq deməkdir. Bunun əksinə, “Azərsüd” kərə yağının qiyməti ucuzlaşıb. Avqustun 24-də 1 kiloqramı 23,55 manat olan məhsulun hazırkı qiyməti 20,45 manatdır. Beləliklə, qiymət 3 manat 10 qəpik aşağı düşüb. Bəzi məhsulların qiymətində isə dəyişiklik olmayıb. “Slavyanskoye Maslo”nun 1 kiloqramı əvvəl də 19,80 manat, indi də 19,80 manatdır. “Doyarushka” 23,90 manat, “Pınar” isə 42,85 manat səviyyəsində qalıb.
Yumurta qiymətlərində də dəyişiklik müşahidə olunmayıb. Ağ yumurtanın 10 ədədi əvvəlki monitorinqdə olduğu kimi 2,55 manat, 15 ədədi 3,80 manatdır. Kənd yumurtasının 10 ədədi 3,35 manat, 15 ədədi isə 5 manatdır.

Çörək məhsullarından “Çörəkçi” baton kəpəkli 400 qramlıq məhsul əvvəlki kimi 1,15 manat, “Çörəkçi” kömbə çovdar 700 qram isə 1,25 manatdır.

Günəbaxan yağında da qiymət artımı qeydə alınıb. “Zolotoe Solnışko”nun 1 litri avqustun 24-də endirimlə 4,19 manata satılırdısa, hazırda 5,06 manatdır. Bu, 87 qəpik artım deməkdir. “Zeytun Bağları Riviera” 750 milliqramı avqust ayında 10,97 AZN idisə, bu gün satışda 18 manatadır.

Ət məhsullarından quzu qol-budun qiyməti dəyişməyərək 22,50 manat, mal farşının 1 kiloqramı isə 11,99 manat olaraq qalıb.
“Şən” təzə toyuğun qiyməti isə 6,20 manatdan 6,50 manata yüksəlib və nəticədə 30 qəpik bahalaşıb. Bizimlə söhbətdə satıcı toyuq və toyuq məhsullarının bahalaşamasından danışdı:
“Bəli toyuq hər gün bahalaşır. Bundan sonra daha da baha olacaq. Çünki dərslər başlayır, ucuzdu deyə tələbələr ən çox toyuq alır”.


Sonda istehlakçının alıcılıq qabiliyyətini daha aydın göstərmək üçün avqust ayında tam 10 manata başa gələn bazarlıq səbətini nəzərdən keçirək.
24 avqustda 10 manata nə almaq olurdu? Səbətimizə "Zolotoe Solnışko" günəbaxan yağı (1 L) — 4.19 AZN, "Şən" təzə toyuq (1 kq) — 6.20 AZN əlavə etdik. Avqustda bu iki məhsulun cəmi 10.39 AZN edirdi, amma misal üçün 1 manatlıq çörək və 2.55 manatlıq yumurta üzərindən də dəqiq hesablaya bilərik. Gəlin, dəqiq 10 manatlıq avqust səbətinə bir də baxaq: "Zolotoe Solnışko" günəbaxan yağı (1 L): 4.19 AZN, №1 Ağ yumurta (10 ədəd): 2.55 AZN, "Çörəkçi" baton kəpəkli (400 q): 1.15 AZN, təzə soğan (1 kq): 1.10 AZN, xiyar (1 kq) 1.00 AZN – bütün bunların cəmi 9.99 AZN etdi.
Həmin miqdarda eyni məhsullar bu gün neçəyədir? "Zolotoe Solnışko" günəbaxan yağı (1 L): 5.06 AZN (+0.87 AZN), №1 Ağ yumurta (10 ədəd)- 2.55 AZN (dəyişməyib), "Çörəkçi" baton kəpəkli (400 q)- 1.15 AZN (dəyişməyib), təzə soğan (1 kq)- 1.10 AZN (dəyişməyib), xiyar (1 kq)- 0.80 AZN (-0.20 AZN) etdi, ümumilikdə isə- cəmi 10.66 AZN etdi. Bura ət məhsulu əlavə etsək, əlbəttə qiymət də xeyli artacaq.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin Musavat.com-a dediyinə görə, ərzaq qiymətlərinin artmasının əsas səbəbi odur ki, Azərbaycanda qida bazarında qiymət formalaşması yalnız daxili istehsaldan asılı deyil:
“Əhalinin gündəlik aldığı məhsulların bir hissəsi idxal olunur, yerli məhsulların istehsalında istifadə edilən toxum, gübrə, yem, texnika, dərman preparatları, qablaşdırma və digər resursların bir qismi də xaricdən gətirilir. Buna görə dünya bazarında və logistika xərclərində baş verən dəyişikliklər müəyyən gecikmə ilə Azərbaycanın pərakəndə qiymətlərinə də keçir. Hazırda 5,7 faizlik ümumi inflyasiya fonunda ərzaq qiymətlərinin 7,2 faiz artması təsadüfi deyil. Qida məhsullarında qiymət artımı adətən əhalinin daha çox hiss etdiyi inflyasiyadır. Çünki insan mənzil, avtomobil və digər böyük xərclərini hər gün etmir, amma çörək, süd, yumurta, ət, tərəvəz və digər ərzaqları gündəlik və ya həftəlik alır. Ona görə statistik olaraq 5,7 faiz inflyasiya olsa da, vətəndaşın gündəlik alış-veriş səbətində qiymət artımı daha yüksək hiss oluna bilər. Ət və süd məhsullarında əsas problem istehsal xərclərinin yüksək olmasıdır. Yem, su, enerji, baytarlıq xidmətləri, əməkhaqqı və logistika xərcləri artdıqca fermer məhsulu əvvəlki qiymətə sata bilmir. Azərbaycanda heyvandarlıqda məhsuldarlığın aşağı olması da vəziyyəti ağırlaşdırır. Heyvan sayının azalması və yem bazasındakı problemlər istehsalın maya dəyərini yüksəldir. Nəticədə ətin və süd məhsullarının bahalaşması təkcə ticarət marjası ilə izah edilə bilməz. Meyvə-tərəvəzdə isə mövsüm amili daha güclüdür. Məhsulun bol olduğu dövrdə qiymətlər aşağı düşür, mövsüm başa çatdıqca saxlanma, soyuducu anbar, çeşidləmə, daşınma və itkilərin xərci qiymətə əlavə olunur. Bəzi hallarda məhsulun tarladan istehlakçıya qədər keçdiyi zəncirdə qiymət ciddi şəkildə artır. Burada fermerin qazancı ilə pərakəndə satış qiyməti arasında böyük fərq yaranması xüsusi problemdir. Çörək və un məmulatlarında isə taxıl və unun qiyməti ilə yanaşı, enerji, əməkhaqqı, qablaşdırma, logistika və digər istehsal xərcləri rol oynayır. Dünya bazarında buğda və digər xammalın qiymətində dəyişiklik olduqda onun təsiri Azərbaycanda da hiss olunur. Lakin çörəyin qiymətinin artmasını yalnız unun bahalaşması ilə izah etmək də düzgün deyil”.
İqtisadçı qeyd edib ki, əslində problemin daha fundamental səbəbi kənd təsərrüfatında məhsuldarlığın və səmərəliliyin kifayət qədər yüksək olmamasıdır:
“Suvarma problemi, xırda və parçalanmış təsərrüfatlar, bahalı kreditlər, yem bazasının zəifliyi, saxlama və logistika çatışmazlıqları, fermerin bazara birbaşa çıxışının məhdudluğu məhsulun maya dəyərini yüksəldir. Bu problemlər həll edilmədikcə subsidiya və digər dövlət dəstəyi qiymət artımını yalnız müəyyən qədər yumşalda bilər. Digər tərəfdən, pərakəndə ticarətdə rəqabətin səviyyəsi də mühüm amildir. Məhsulun istehsalçıdan topdansatışçıya, oradan distribyutora və sonda mağazaya keçməsi zamanı hər mərhələdə marja əlavə olunur. Bazarın bəzi seqmentlərində bu zəncir kifayət qədər uzun olduğundan son qiymətlə ilkin istehsal qiyməti arasında ciddi fərq yarana bilir. Ona görə ərzaq qiymətlərinin bahalaşmasını yalnız sahibkarların qiyməti artırması və ya yalnız dünya bazarı ilə izah etmək reallığı tam əks etdirmir. Burada istehsal xərcləri, məhsuldarlıq, idxaldan asılılıq, logistika, mövsüm, ticarət marjaları və bazardakı rəqabət eyni vaxtda rol oynayır. Əhalinin narazılığının əsas səbəbi də budur ki, ərzaq qiymətləri gəlirlərdən daha sürətlə artdıqda, xüsusilə aşağı və orta gəlirli ailələrin real alıcılıq qabiliyyəti zəifləyir. Əgər məqsəd ərzaq inflyasiyasını davamlı şəkildə aşağı salmaqdırsa, yalnız qiymətləri inzibati yolla saxlamaq kifayət etməyəcək. Əsas diqqət yerli istehsalın məhsuldarlığının artırılmasına, su və yem probleminin həllinə, fermerin bazara çıxışının yaxşılaşdırılmasına, logistika və soyuducu anbar sisteminin inkişafına və rəqabətli ərzaq bazarının formalaşdırılmasına yönəlməlidir. Əks halda bir məhsulun qiyməti sabitləşsə belə, başqa məhsul üzrə eyni problem yenidən ortaya çıxacaq”.