İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsində ciddi şəkildə izlənilir və beynəlxalq medianın əsas xəbərinə çevrilib.
Səbəb isə əlbəttə ki, bu qəzanın Rəisinin Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşü və Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirakdan geri qayıdarkən baş verməsidir.
Əliyev-Rəisi görüşündə nələr baş verdi?
İlham Əliyevlə İbrahim Rəisinin görüşü gözləniləndən və proqnozlaşdırılandan daha isti keçdi: hər iki lider xalqlarımızın qardaşlığı, tarixi ənənə və birgə mədəniyyətindən bəhs etdilər.
Prezident Əliyev Ermənistanla delimitasiya prosesində İranın siyasi mövqeyini alqışladığını da bildirdi – baxmayaraq ki, bu prosesin İrana heç bir aidiyyəti yoxdur; həmçinin İbrahim Rəisi də Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azad edilməsi və hazırkı quruculuq işləri haqda ədalətli fikirlər səsləndirdi.
Hər iki lider ortaq maraqları daha çox qabartdı: məsələn, regiondankənar qüvvələrin bölgəyə təsiretmə cəhdlərinə qarşı olduqlarını bildirdilər – İlham Əliyevin ifadə etdiyi bu mövqe həm də İranın yanaşmasıdır və burda Ermənistana və İrana incə mesaj da vardı; eyni zamanda ortaq iqtisadi maraqlar önə çəkildi.
Və bu məqamda İbrahim Rəisinin Prezident Əliyevə dediyi “ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər” sözləri diqqət çəkir.
Təbii, İranla Azərbaycan arasında ciddi siyasi fikir ayrılıqları var və İranın Ermənistana sonsuz dəstəyi səbəbindən Bakı və Tehranın tərəfdaşa çevrilmə ehtimalı həddən artıq azdır. Buna baxmayaraq, hazırda Ermənistanın qərbyönlü siyasi kursu və İranın müəyyən gözləntilərinə cavab verməməsi, Tehranın bitib-tükənməyən dəstəyinə rəğmən bəzi hərbi-siyasi təkliflərindən imtinası və ərazisinə Qərb qüvvələrini buraxması Azərbaycan-İran münasibətlərində müəyyən yumşalmalara səbəb ola bilər və olur da: Azərbaycanın Tehrandakı səfirliyinin yeni binada açılmasına hazırlıq da daxil olmaqla, cənub qonşumuzla ən azı “daha az problem” siyasəti aparmaq fürsəti yaranıb.
Ancaq Azərbaycanla İranın qismən də olsa, müəyyən iqtisadi ortaq maraqlar naminə birgə addımlar atmasını qətiyyən arzulamayan qüvvələr də var və Rəisi də buna işarə edirdi. Çox böyük ehtimalla Rəisi “xarici qüvvələri”, bəlkə də İsraili, ABŞ-ı nəzərdə tuturdu – hər necə olsa, İranın düşmən saydığı qüvvələr bəllidir. Ancaq məsələ burasındadır ki, İranın öz daxilində də Azərbaycana düşmən münasibət bəsləyən qurumlar az deyil.
Məsələn, Rəisi ilə Əliyevin görüşünün gözlənildiyi bir halda 10 gündən çoxdur ki, SEPAH-a bağlı olan sosial şəbəkə hesabları və mollalar Azərbaycanın ünvanına təhdidlər səsləndirməkdədirlər. Ən azı bu görüş ərəfəsində, ortaq layihələrin açılışı gözlənilən zaman bu təhdidləri səsləndirməmək də olardı.
Bu “sürətli giriş”dən sonra suala qayıdaq: Rəisinin helikopteri niyə məhz Azərbaycanla sərhəddən gedərkən qəzaya uğradı?
Əvvəlcə, təhlükəsizliklə bağlı ehtimallarımız:
1. İbrahim Rəisinin təhlükəsizliyi doğru təşkil edilməmişdi.
Bura İbrahim Rəisinin sərhədə gəlmə və qayıtma marşrutundan tutmuş, xəbərin bir gün öncədən rəsmi agentliklərdə yayılmasına qədər, hər şey daxildir.
2. Hava şəraiti barədə məlumat olduğu halda İbrahim Rəisi görüşə helikopterlə gəlmişdi, üstəlik, sərhəddə açılış mərasimindən az öncə keçirdiyi görüşləri, hətta helikopterdə uçuşunu əks etdirən görüntülər tirajlanmışdı. Bu, prezidentin təhlükəsizliyini təmin etməyə maneə törədir;
3. İbrahim Rəisinin dumanlı havada helikopterlə hərəkət etməsinə şərait yaradılmasının özü müəmmalıdır. Marşrut olaraq Pir Davudun əlçatmaz meşəlik ərazilərinin üzəri göstərilir. Dumanlı və əlverişsiz havada prezident helikopteri niyə meşə və əlçatmaz ərazilərdən uçmalıdır? Və s.
Rəisiyə qarşı sui-qəsd ehtimalı varmı?
Bu versiya istisna edilə bilməz! Bəs, Rəisiyə sui-qəsdi kim edə bilər?
1. Rəgeondankənar qüvvələr. Mümkün variantlardan biri helikopterə kənardan elektron müdaxilədir.
Bu ehtimal çox zəifdir. İran öz prezidentinin təyyarəsini kiberhücumdan qorumaq gücündədir.
2. İranın öz daxilindən bəzi qüvvələr, məsələn, SEPAH!
Yuxarıda xatırlatdıq ki, SEPAH Rəisinin Azərbaycan lideri ilə görüşü ərəfəsində Azərbaycana qarşı təhdid, hədə və təhqirlərinə sosial şəbəkədəki hesablarında və özünə bağlı media qurumlarında geniş yer vermişdi. Bu isə onu düşünməyə əsas verir ki, dövlət içində dövlət olan SEPAH Rəisinin Azərbaycanla iqtisadi əlaqələri gücləndirməsinə qarşıdır.
Dumanlı havada prezident helikopterinin meşə ərazisində və əlçatmaz ənginliklərdən uçmasına yaşıl işıq yandıranlar da ciddi şübhə yaradır. Bunu xarici qüvvələr etməyib, daxili məsələdir.
Ona görə də Rəisinin helikopterinin qəzaya uğramasını daxildəki qüvvələrin mübarizəsinin nəticəsi kimi də baxmaq ehtimalını kənara qoymaq olmaz.
Yeri gəlmişkən, Rəisinin bugünkü görüşdə çıxışından seçmələrə mütləq baxmalıyıq:
- Azərbaycan Respublikasının cənab Prezidenti ilə görüşümdə bildirmişdim ki, regionda digər təmaslar çərçivəsində, bizim ikitərəfli görüşlərimizdə hər zaman iqtisadi-ticari və siyasi-mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışıq. Xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində də iki ölkə arasında əlaqələr artırılmalıdır.
- Bizim əlaqələrimiz bütün sahələrdə ən yüksək səviyyədə olmalıdır.
- Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər.
- Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm.
- Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir.
Bu sitatların sayını artırmaq da olar. Ancaq İran prezidentinin Azərbaycanla bağlı ifadələri ilk dəfədir ki, bu qədər konkretdir.
Bunu İran daxilindən də istəməyənlər az deyil!
Son olaraq:
Azərbaycanla iqtisadi-siyasi əlaqəni inkişaf etdirməkdə maraqlı olan və bakıda olduqca mühüm, hətta inanılmaz qədər səmimi açıqlamalar verən Slovakiya Baş naziri Fitso ölkəmizdən gedəndən 8 gün sonra sui-qəsdə məruz qaldı!
Azərbaycanla əlaqələrə yüksək önəm verən və İlham Əliyevi dostu adlandırmaqdan qürur duyan Serbiya lideri Vuçiçə sui-qəsd hazırlanırdı – iki gün öncə üstün açıldı!
Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirib, siyasi yumşalmalara gedən və bu istiqamətdə müəyyən işlər görməyə çalışan İbrahim Rəisi sərhədimizdən gedərkən qəzaya düşdü.
Rəisinin sağ olduğunu təsdiqləyən heç bir dəlil yoxdur, əksini düşünmək üçünsə xeyli səbəblər var.
Təbii ki, Azərbaycan Rəisinin sağ və salamat olmasını arzulayır.
Maraqlı olan sual budur: Nə baş verir və bu sui-qəsdlərin arxasında hansı böyük oyun dayanıb?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi