"NATO+Azərbaycan" dialoqu: Hacıyev kimlərlə görüşdü?

22:08 - 13 İyun 2024 - SİYASƏT

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 12-13-də Belçikada səfərdə olub.

BUTA.TV xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev səfər çərçivəsində NATO-nun Brüsseldəki mənzil-qərargahında müttəfiq dövlətlərin nümayəndələrinin qatıldıqları “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

Tədbirdə Hikmət Hacıyev müttəfiq dövlətlərin nümayəndələri ilə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantılarının inkişafında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, ölkəmizin iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda, Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiq dövlətlərin təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini bildirib, NATO-nun etibarlı tərəfdaşı olaraq ölkəmizin Alyansla əlaqələrini yüksək qiymətləndirib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələrini, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir ediblər. Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29 sədrliyinə dəstək ifadə edilib. Onlar Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh gündəliyini yekdilliklə dəstəklədiklərini bildirib, iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı yüksək qiymətləndiriblər.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin köməkçisinin müavini Ceyms Appaturay, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüşlər keçirib.

Xatırladaq ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol