Müsavat namizədlərini açıqladı: İsa Qəmbər niyə yoxdur?

12:14 - 9 İyul 2024 - GÜNDƏM

 Müsavat namizədlərini açıqladı: İsa Qəmbər niyə yoxdur?

Ötən gün Müsavat Partiyası 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlərini açıqlayıb.

BUTA.TV xəbər verir ki, 27 dairəni əhatə edən siyahıda partiya başqanı İsa Qəmbər, o cümlədən partiyaya 10 il sədrlik edən Arif Hacılının adının olmaması diqqət çəkib.

Partiyanın yaydığı məlumatda bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi prosesi davam edir, yəni partiyanın yeni dairələrdən namizədləri olacaq.

Maraqlıdır, Müsavat Partiyası niyə yarımçıq siyahı dərc etdi və partiya sədri niyə hələ də tərəddüd edir?

Bu xəbər hal-hazırda çox oxunur
Siqaretlə bağlı cərimə qəbul edildi

İsa Qəmbər 2000-ci ildə proporsional qaydada keçirilən parlament seçkilərində partiya siyahısına başçılıq edib, ancaq partiya 6%-lik baryeri keçə bilmədiyi üçün deputat seçilməyib.

2005-ci ildə Nərimanov rayonundan, 20 saylı dairədən namizədliyini irəli sürən İsa Qəmbər dünən icra başçısı təyin edilən Adil Əliyevə uduzmuşdu. Həmin vaxt ən qızğın mübarizənin də bu dairədə getdiyi və heç kəsin gözləmədiyi halda Adil Əliyevin tanınmış siyasətçini, vaxtilə spiker olmuş şəxsi udduğu üzə çıxmışdı. Adil Əliyevin qələbəsi o qədər real idi ki, Müsavat Partiyası seçki nəticələrinə etiraz etməyi belə lazım bilməmişdi.

Növbəti seçkilərdə Adil Əliyevlə üz-üzə gəlməmək üçün dairəsini dəyişdirən və 15 saylı Yasamal birinci seçki dairəsinə üz tutan İsa Qəmbər yenə məğlub olmuşdu.

Beləliklə, ardıcıl 3 dəfə parlament seçkisinə qatılan və seçilə bilməyən Müsavat başqanının iki dönəm fasilədən sonra bu dəfə namizədliyini irəli sürəcəyi ehtimalı yüksəkdir. Ötən gün elan edilən siyahıda İsa Qəmbərin adının olmaması isə daha diqqətli və həssas yanaşma ilə bağlı ola bilər.

Hazırda əsas diqqət hakim Yeni Azərbaycan Partiyasının siyahısına dikilib. YAP-ın vazkeçilməz isimlərinin hansı dairədən namizədliyini irəli sürəcəyi bəlli deyil. Digər tərəfdən, YAP 125 dairənin hamısından namizəd irəli sürmək imkanına sahib olsa da, adətən, 30 dairəni boş saxlayır və o yerləri bəri başdan müxalifətə və ya müstəqil namizədlərə güzəştə gedir. Hazırda YAP-ın hansı dairələri boş saxlayacağı da önəmlidir.

Bu baxımdan İsa Qəmbərin YAP-ın siyahısı elan olunduqdan sonra dairəsini müəyyənləşdirəcəyi ehtimalı yüksəkdir.

Qeyd edək ki, İsa Qəmbər xüsusilə 2020-ci il savaşında milli maraqları müdafiə edən siyasətçi kimi çıxış edib və hakimiyyəti dəstəkləyib, üstəlik, erməni siyasilərlə debata çıxanda da Azərbaycanın maraqlarını və hökumətin siyasətini sonadək müdafiə edib. Qarabağ münaqişəsini həll etdiyinə görə Ali Baş Komandanı təbrik edənlər sırasında İsa Qəmbər də var. Ona görə də YAP-ın boş qoyduğu dairədən namizəd olacağı halda hakim partiyanın onun rəqibini dəstəkləməyəcəyi, o dairədə seçki yarışını kənardan izləyəcəyi ehtimalı yüksəkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol