Mahir Emrelinin “Qarabağ”a qayıdışı məsələsi qapanıb? - Qurban Qurbanov danışdı

06:16 - 22 İyul 2024 - İDMAN

 Mahir Emrelinin “Qarabağ”a qayıdışı məsələsi qapanıb? - Qurban Qurbanov danışdı

"Hazırlığımız pis alınmadı. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada baş tutdu. Futbolçulardan razı qaldım. Çox həvəsli idilər. Bəlkə bir oyun da əlavə keçirsəydik, daha yaxşı olardı".

BUTA.TV qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln" barədə danışarkən deyib ki, indiki komanda ötən il məğlub etdikləri rəqibdən fərqlənir: "Ötən illə müqayisədə rəqibin heyətində dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu çıxış edir. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Linkoln" bərk komandadır. Süni örtüklü meydanda oynayırlar. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də səfət matçında çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. Matça ciddi yanaşmalıyıq. Rəqib bunu tələb edir". 

Qurbanov qapı xətti barədə bunları söyləyib: "Şahruddin komandaya bir az gec qoşuldu, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ümumən qapıçılardan razıyam".

Bu xəbər hal-hazırda çox oxunur
Valentina Matviyenko Azərbaycana gələcək

"Qarabağ"ın çalışdırıcısı tansfer çalışmalarının davam etdiyini vurğulayıb: "Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi də davam etdiririk. Oyunçulara baxırıq, bəzilər ilə, eləcə də klubları ilə danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdir".

O, əsasən hücum xəttini gücləndirmək istədiklərini söyləyib: "Eləcə də müdafiə xətti üçün də axtarışlarımız davam edir".

Qurbanov "Linkoln"un üstünlüyünün rəsmi oyun keçirmək olduğunu qeyd edib: "Bizdən fərqli olaraq onlar 2 rəsmi oyun keçiriblər. Bu, onlar üçün avantajdır. Amma biz də hazırıq". 

"Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ onun qayıtma ehtimalı var?" sualını Qurbanov belə cavablandırıb: "Qapanıb demək düzgün olmazdı. Amma danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı danışıq aparmamışıq".

Q.Qurbanov digər avrokubok təmsilçilərimizə də uğurlar arzulayıb: "Avrokuboklarda hər bir qələbə, mərhələ adlamaq bizim üçün çox vacibdir. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar".

O, "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına normal yanaşdığını bildirib: "Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq".

Mütəxəssis Kadi Borgesin "Qarabağ"a keçidinin alınmamasına da toxunub: "Krasnodar"ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də kədərlənmədim. Hər bir şeydə xeyir var".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol