Qurban Qurbanovun qəzəbinin qarşılığı nə olacaq?

10:31 - 7 Avqust 2026 - GÜNDƏM

 Qurban Qurbanovun qəzəbinin qarşılığı nə olacaq?

“Qarabağ” 300 dəqiqə rəqib qapılarına yol tapa bilmədi…

Ötən gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiyev “Dinamo”suna məğlubiyyətdən sonra ağdamlıların qol vura bilmədiyi dəqiqələrin sayı artdı. Yəqin ki, Qurban Qurbanovun komandasının avrokuboklarda bu cür mövsümü olmayıb. 3 oyunda qol vura bilməmək…

Əslində, məsələ məğlubiyyət deyil. Avropada üzümüzü ağ edən “Qarabağ”ın zəif oyunu bizi üzür. Adlı-sanlı “Dinamo”ya qarşı oyuna yaxşı başlayan komanda elə startda ilk təhlükəli epizodu yaratdı. Topu rəqibə verməyən “köhlən atlar” hücumlar qurmaqda davam edirdi. İlk hissənin ilk yarısı belə keçdi. Sonra isə anlaşılmaz şeylər baş verdi. Mateuş Koxalski, Silva və Varkoninin bir-birini anlamaqda çətinlik çəkməsini biz də anlamadıq. Rəqib isə dişsiz göründüyü anda qapımıza yol tapa bildi. “Qarabağ” bundan sonra özünə gələ bilmədi. Hətta fasilədə Qurban Qurbanovun yetirmələrinə dedikləri də onların imdadına çatmadı. İkinci hissə səhvlərlə başladı və sona qədər belə davam etdi.

Matçdan sonra Qurban Qurbanovun üzündəki ifadə əslində oyunun tam icmalı idi. Jurnalistlər önünə əsəbi çıxan mütəxəssis futbolçularının zəif çıxışına, yol verdiyi ciddi səhvlərə çox əsəbiləşdiyini sözlərində gizlətsə də, üzündə gizlədə bilməmişdi. Əslində, onun etdiyi etiraflar bizim üçün sıradan deyil. Qurbanov hər zaman futbolçularını müdafiə edib.

Qarşılaşmadan sonrakı açıqlamasında oyunçularının aşağı səviyyədə çıxış etməsini az da olsa, dilə gətirdi: “Demək olar ki, sadəcə kiçik bir səhv oldu və həmin epizoddan qol buraxdıq. Amma ümumilikdə müdafiədə stabil çıxış etmədik. Hücum xəttində isə bir qədər aqressivlik və aktivlik çatmadı”.

Matçdan öncə “oyuna yaxşı hazırlaşmışıq” deyən Qurbanov həmin hazırlığın qarşılığını görməyincə özündən çıxıb. Onun paltardəyişmə otağında nə dediyinin, futbolçularına göstərdiyi qəzəbin qarşılığını isə növbəti matçlarda görəcəyik.

Onun bu oyunda etdiyi rotasiyaların effekt vermədiyi göründü. Müdafiənin mərkəzində Bədavi Hüseynovun ehtiyata göndərilib yerinə Mateus Silvanın oynadılması qapımıza vurulan qolla nəticələndi. Cinah müdafiəçisi Silvanın mərkəzdə Varkoni ilə ilk dəfə 90 dəqiqəlik tandemi uğursuzluğa düçar oldu. Cəbrail isə Silvaya çatmaq üçün yəqin uzun müddət mütəmadi cinahda yol qət etməlidir. Kadi skamyaya göndərilmişdi və onun mövqeyindəki iş Abdullah Zubirə tapşırılmışdı ki, Mərakeş əsilli fransalı işinin öhdəsindən gələ bilmədi.

Ümumiyyətlə, Zubirin mərkəzdə nə zamansa effektiv olduğunu xatırlamıram. “Qarabağ”dakı ilk oyununda matça çıxıb alqışlar qazanan Renaldo Sefas, sanki, elə nəyi vardısa, “Vestri”yə qarşı matçda göstərdi. Kifayət qədər yüksək sürəti olan vinger, bəlkə də, adaptasiyada problem yaşayır. “Qarabağ”ın döyünən ürəyi Marko Yankoviçin də oyunu alınmırdı. Ansamblın pozulmasının səbəbkarı da o idi. Dirijor sıradan çıxırsa, hərə bir şey çalacaq...

Muaddib matça yaxşı başladı. Aktivliyi, təhlükəli keçidləri, ötürmələri var idi. Amma sonradan o da qeybə çəkildi. Kaşuka gəlincə, onu həmyerliləri ilə birlikdə Ukraynaya göndərmək həm bizim, həm də “Qarabağ” üçün sevindirici hadisə olardı. Bütün bu problemlərin, çatışmazlıqların təzahürü isə oyundan sonra Qurban Qurbanovun üzündəki ifadədə idi…

Cavab matçı daha maraqlı olacaq. Əgər Qurban Qurbanov bu qədər özündən çıxıbsa, növbəti mərhələ susqunluğun pozulub revanşın inamlı şəkildə alınması ilə gələcək…

Elsevər Məmmədov


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol