İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 1-də Prezident Məsud Pezeşkian tərəfindən strateji məsələlər üzrə vitse-prezident təyin ediləndən cəmi 10 gün sonra istefa verib. "X" hesabında paylaşım edən Zərif Pezeşkianın nazirlərlə bağlı seçimindən narazı olduğu üçün istefa verdiyini bildirib. Çünki Məsud Pezeşkian islahatçılar qanadını təmsil etsə də, hətta bir sıra tərəfdarlarının narazılığına baxmayaraq, mühafizəkarların dəstəyini almağa çalışıb və yeni kabinetdə keçmiş prezident İbrahim Rəisinin dövründə nazir vəzifəsini tutan mühafizəkarlara da yer ayırıb. Bu da bəzi islahatçıların, xüsusən də Zərifin ciddi narazılığına səbəb olub. Onlar islahatçılar qanadının dəstəyi ilə seçilən Pezeşkianın bu qədər mühafizəkarı yeni hökumətə cəlb etməsini normal qarşılamayıblar. Bu isə həm də Pezeşkian ətrafında qara buludların toplaşdığını və prosesin bu şəkildə irəliləməyəcəyini nümayiş etdirib.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran politoloq Natiq Miri bildirib ki, Cavad Zərifin istefası ciddi bir hadisədir və bu, islahatçılar qanadında ciddi fikir ayrılığının olduğunu deməyə əsas verir:
- Çünki yeni siyasi komandanın formalaşmasında əsas koordinasiya rolunu oynayacaq Cavad Zərif narazılığını məhz parlamentə təqdim edilən yeni təyinatlara görə edib. Lakin problem ondadır ki, bu siyahı Məsud Pezeşkianın iradəsi ilə hazırlanmayıb və hiss olunur ki, ona çox ciddi təzyiqlər edilir. Bu təzyiqlər isə demək olar ki, bütün idarəetməni özünün inhisarında saxlayan İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və Ali Rəhbər Əli Xameneinin adı ilə bağlıdır. Çünki Pezeşkiana hər zaman hiss etdirilib ki, onun təkcə prezident seçilməsi deyil, sadəcə, seçkiyə buraxılıb, namizəd kimi təsdiq olunması belə, sözügedən güc mərkəzinin və şəxsən ali rəhbərin iradəsinə bağlıdır. Əgər bu məsələdə ona güzəşt olunubsa, o da prezident olaraq tələbləri və şərtləri nəzərə almaq məcburiyyətindədir".
- Yəni Pezeşkianın etirazlarla qarşılaşan təyinatları məcburiyyətdən yaranıb və istəsə belə, buna müdaxilə edə bilməyib?
- Bəli. Cavad Zərif də məhz buna görə istefa verib. Çünki bu komanda ilə islahatçıların perspektivdə ciddi dəyişikliklər etmələri mümkün deyil. Çünki mühafizəkarların yenidən hakimiyyətə gətirilməsi, dolayısı ilə onların, o cümlədən mərhum prezident İbrahim Rəisi siyasətinin davamı deməkdir.
- Əgər nəzərdə tutulan, həqiqətən də, mühafizəkarların siyasi xəttinin davamı idisə, o zaman Məsud Pezeşkianın prezident seçilməsinə nə lüzum var idi?
- Məsud Pezeşkianın cinahında hələlik bununla bağlı açıqlamalar mövcud deyil. Üstəlik, onun şəxsən öz iradəsi ilə təyin etdiyi şəxslərlə bağlı da müəyyən narazılıqlar var. Bu narazılığı edənlər yenə də SEPAH-a bağlı olan mərkəzlər və ya şəxslərdir. Onlar elmli, xalqa daha yaxın olan, xalqın içindən çıxan insanların yüksək vəzifələrə təyin olunmasının əleyhinədirlər. Siyasi komandanın tam formalaşması və strukturlaşmanın gecikməsinin əsas səbəblərindən biri də məhz budur. Çünki prezidentlə güc mərkəzləri arasında ciddi fikir ayrılıqları var. Bu belə davam edərsə, təbii ki, idarəetmədə müəyyən boşluqlar yaranacaq. Üstəlik, islahatçılar adına hakimiyyətə gələn Pezeşkianın əsas siyasi kursundan biri də qonşu ölkələrlə, xüsusən də türk dövlətləri olan Azərbaycan və Türkiyə ilə, eyni zamanda Qərblə münasibətləri isti məcraya daşımaqdır. Mühafizəkarlar da bunun tam əleyhinədirlər.
- Bəs belə olan halda islahatçılar bu xəttin davamçısı olmayan mühafizəkarlarla bu xarici siyasət kursunu necə həyata keçirəcəklər?
- Elə Cavad Zərif də bunu yaxşı bildiyi üçün istefa verdi. Yəni onun istefasını həm də bu kontekstdən dəyərləndirmək lazımdır. Düşünürəm ki, hakimiyyət daxilində ciddi parçalanma var və Məsud Pezeşkian prezident seçildiyi ilk gündən açıqlamalar da bu istiqamətdə olub ki, gələcək perspektivdə hakimiyyət daxilində çox ciddi fikir ayrılıqları yaranacaq. Mənim proqnozuma əsasən, hətta Məsud Pezeşkian daha ciddi uğursuzluğa düçar olmamaq üçün vaxtında əvvəl istefa da verə bilər. Çünki hökumətə bu şəkildə rəhbərlik etməyə davam etmək fiasko olacaq.
- Məsud Pezeşkian İran ətrafında cərəyan edən gərginlik fonunda Qərblə münasibətləri normallaşdırmaq tərəfdarı kimi Tehran üçün bəlkə də, çıxış yolu sayılırdı. Amma baş verənlər əksini düşünməyə və nəticənin dəyişməyəcəyini deməyə əsas verir. Sizcə, bunun səbəbi nədir?
- Pezeşkian mövcud situasiyada hətta İranın, bəlkə də, yeganə və axırıncı şansı olaraq dəyərləndirilirdi. Ancaq görünən odur ki, hakimiyyəti, həqiqətən, idarə edənlər fərqli düşünür və bu uğursuzluq fonunda öz məqsədlərini həyata keçirmək istəyirlər. Hətta Pezeşkian ətrafında baş verənlər ona da hesablana bilər ki, sözügedən dairələr İran ictimaiyyətinə Azərbaycan türklərinin yarıtmaz olduğunu təqdim etmək istəyirlər. Məsələnin bir istiqaməti də təxminən buna xidmət edir.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?