Rəqibin zəif cəhətləri barədə mənə zəng edən olsa, nələrsə deyə bilərəm. Amma düşünürəm ki, Qurban müəllimin mənim məsləhətimə ehtiyacı yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" klubu ilə keçirəcəyi oyunlar barədə danışarkən deyib.
2022-2024-cü illər aralığında Zaqreb təmsilçisinin formasını geyinən 27 yaşlı hücumçu bu cütdə şansların bərabər olduğunu bildirib:
"Hər tərəfin özünə görə üstünlükləri var. "Dinamo"nun avrokuboklarda "Qarabağ"a nisbətən təcrübəsi daha çoxdur. Fərdi keyfiyyəti olan, müxtəlif milli komandalarda çıxış edən oyunçulara malikdirlər. Futbolçular uzun müddətdir ki, birlikdə oynayırlar. Bu il heyəti bir neçə futbolçu ilə gücləndiriblər. Son iki rəsmi matçda da qalibiyyət əldə ediblər. Çempionata yaxşı başladıqları üçün motivasiya da yüksək səviyyədədir. Amma "Qarabağ"ın da üstün tərəfləri var. Qurban Qurbanov illərdir oradadır. Komanda oturuşmuş sistemə malikdir. "Dinamo"da tez-tez baş məşqçi dəyişirsə, Azərbaycan çempionunda bu baş vermir. Düşünürəm ki, bu gün meydanda göstərilən oyun baxımından təmsilçimiz rəqibindən üstündür. Bu cür matçlara proqnoz vermək çətindir. Amma mən şansları bərabər görürəm".
Forvard Qurban Qurbanovun rəqiblərini çox yaxşı təhlil etdiyini də diqqətə çatdırıb:
"Çalışdığım mütəxəssislər arasında hələlik rəqibi onun kimi təhlil edə biləni görməmişəm. Bu baxımdan "Qarabağ" çox üstündür. Birinci matçdan sonra bütün mənzərə bilinir və ikinci görüşə necə hazırlaşacaqlarını anlayırlar. "Dinamo" isə standart vəziyyətlərdə də çox təhlükəli komandadır. Ucaboy futbolçuları var. "Qarabağ" da bu cəhətdən problem yaşayır. III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" komandası ilə matçlarda da bunu gördük. Ehtiyat olunmalı məqamdır. Məncə, "Dinamo" ilə qarşılaşmalarda da topla oynayan tərəf təmsilçimiz olacaq. Çünki bunu istənilən rəqibə qarşı göstərə bilirlər. Xorvatiya klubunun isə sürətli oyunçuları var. Bəlkə də əks-hücumlara üstünlük verəcəklər. Topla oynamaq istəsələr, "Qarabağ" imkan verməyəcək. Əks-hücumları həqiqətən çox təhlükəlidir. Bu komanda ilə bağlı məndən nəsə soruşsalar, düşüncələrimi deyərəm. Amma məsləhətimə ehtiyacları olduğunu düşünmürəm”.
Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə avqustun 28-də Bakıda keçirəcək.
Xatırladaq ki, M.Emreli daha əvvəl “Dinamo”nun şərəfini qoruyub.
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək