İsa bulağı sarıdan baxanda adama elə gəlir ki, Şuşa inanılmaz qədər böyük sıldırım (və sal) qayanın üzərindədir, havadan asılıb – yadplanetlilərin sirli, mahiyyəti dərk edilməyən nəhəng gəmisi kimi... O sal qayaların üzərindən ətrafa – Qarabağa göz yetirmək olur.
Şuşa ona görə hər mənada Qarabağın gözüdür!
Şuşa heç yerə bənzəməz: nə havası, nə suyu, nə otu, nə ətri, nə də Günəşi, Ayı, ulduzu ilə...
Amma hər yer Şuşaya bənzəmək istər!
Şuşanı ziyarət - azərbaycanlının mövcudluq faktıdır!
Niyə öz torpağımıza “portal”la getməliyik?
İndi işğaldan azad edilmiş ərazilərə getmək icazəsi daha asan və sürətlidir. “Portal”da qeydiyyatdan keçib, tarixi seçdikdən sonra 48 saat – iki sutka vaxt verilir.
Niyə iki sutka olmalıdır? Niyə öz torpağımıza “portal”da qeydiyyatdan keçməklə getməliyik? Niyə təkcə işğaldan azad edilmiş ərazilərə girəndə yox, hər şəhərə girişdə polis postları qoyulmalıdır?
Bu sualları az qala hər kəs verir və cavab axtarır.
Ziyarətə getdikdə anlayırsan ki, doğru qərardır: məskunlaşma yeni başlayıb, işğaldan azad olunan yerlərin kütləvi qonaq qəbul etməsi imkanları yoxdur – hələ bunun minalanmış sahələri, arzulanmaz “sürprizləri” var.
İki sutka istirahət üçün deyil, amma görmək, gəzmək, gözəlliyi hiss etmək, erməni dəhşətini, vandalizmini, vəhşiliyini müşahidə etmək, həm də qürurlanmaq üçün kifayətdir.
Şuşada nələr dəyişib?
Şuşanı ilk gördüyüm vaxtdan iki il keçib: indi toz azalıb – yəni təmir-bərpa və yenidənqurma işləri şəhərin əsas hissələrində tamamlanıb; iki il öncə “yaxın gələcəkdə bu bina də yəqin bərpa edilər” deyə yaddaşıma köçürdüyüm ev-binaları yeni, ekzotik, əsl memarlıq abidəsi kimi bərpa olunmuş görəndə heyrətlənməyə bilmədim.
İki il öncədən Şuşa çox dəyişib – bəzi binaların divarlarındakı “erməni mesajları”, xüsusi rənglərlə qara-qura yazılar, bir sözlə, Şuşanın 28,5 il işğalda, həm də barbarların işğalında olduğunu xatırladan “iz”lər yoxa çıxıb; əvəzində incə əl işləri, Şərq memarlığının əsrarəngizliyi, Şuşa sənətkarlığı və arxitekturasının əzəmətini göstərən gözəllik peyda olub.
Hələ bitməyib, hələ çox iş var – ancaq iki il öncəki kimi, “yaxın gələcəkdə” sözünü işlətməyə “qorxuram”: bərpa-tikinti çox sürətli gedir!
İki il öncədən Şuşa çox dəyişib – həm də ətəyindəki “rus postu”nun, Cıdır düzü ilə üzbəüz separatçı “mövqeyinin” buxarlanmasına görə.
İki il öncə Cıdır düzündə Xankəndi istiqamətində Ordumuzun igidləri dayanırdı – ora yaxınlaşmağa izn vermirdilər, “düşməndən hər şey gözləmək olar” deyə, gecə-gündüz gözləri sıldırımın o tayında, əlləri tətikdəydi!
İndi o postumuz da artıq orada deyil!
Şuşada təmirə sakinlər də qoşulur?
Maraqlı məlumat da aldıq: Şuşada evi olan, ancaq hələ təmir edilmədiyindən köçə bilməyənlər müraciətlərinə rəsmi qurumlardan cavab gəldiyini dedilər. İddiaya görə, bəzilərinə evin çölünün hansı dizaynda təmir edilməsi ilə bağlı konkret layihə veriləcək, evin içini isə istədikləri kimi düzəldə biləcəklər. Bu şərtlərə razı olanlara şərait yaradılacaqmış.
Şuşada məskunlaşmanı genişləndirmək və təmiri sürətləndirmək, Şuşa gözəlliyini, ekzotikliyini qorumaq üçün əla təşəbbüsdür. Həm də dövlətin yükü artıq azaldılmalıdır: kommunikasiya qurulub, köç başlayıb, bütün infrastruktur işləyir, turist axını yüksək səviyyədə - yəni qazancları da var. İndi sakinlər rəsmi qurumların nəzarəti altında evlərinin təmirinə qoşula bilərlər.
Laçın möcüzəsini kim və necə yaradıb?
Şuşadan Laçına 34 km-dır: yol başdan-başa dolanbac, sərt döngələrdən ibarətdir. 34 km-lik yolu getmək 1 saata yaxın vaxt aparır.
30 illik işğal və ondan sonrakı “dəhliz” zamanında ermənilər orda heç bir iş görməyib, sovet vaxtı necə çəkilibsə, eləcə qalıb.
Yol 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib və 2 il müddətində Azərbaycan da o yolda demək olar ki, heç bir iş görməyib: İsa bulağından Laçının tam girişinə qədər yol bərbaddır. Niyə o yola azacıq da olsa əl gəzdirilmir?
Çünki tam fərqli layihə hazırlanır: Laçına doğru getdikcə dolanbaclarda tunellərin qazılmasına hazırlığı diqqətli səyahətçi rahat müşahidə edə bilər – 5-6 belə hazırlığı gördük, bir tunelin qazıntısı isə artıq başlayıb.
Şuşanı Laçınla birləşdirən yol “tunellər yolu” olacaq – indidən təsəvvür etmək olar ki, yol nə qədər qısalacaq və necə rahat olacaq.
Böyük layihədir: iritonnajlı maşınlar yollarda şütüyür, yolun tən ortasında böyük betonzavod qurulub. “Yaxın gələcək”də bitər, inşallah!
Bu cür yolla gəlib, Laçının girişindəki polis postunu keçən an... – sözün hər mənasında cənnətə düşürsən!
Laçının Şuşa tərəfdən girişindən Həkəri çayının sahilinə qədər dolaylardır, təxminın 6 km-ya yaxın. Dolaylar Həkəriyə qədər başdan-başa parkdır: xüsusi zövqlə yaradılıb, ortadan axan çaydan məharətlə istifadə edilib... Sağında-solunda, yamaclarda görünən evlər fərqli üslubda bərpa edilib. Elə bir gözəllik yaradılıb ki, baxmaqla doymaq olmur.
Laçında işlər demək olar ki, tam bitib, tamamlanıb. Bu cür bəzənən, qu quşuna bənzər ikinci şəhərimizi xatırlamıram.
Cəmi iki ilə bu cür baş plan qurmaq, belə miqyaslı iş görmək, şəhəri bərpa etmək – həm də xüsusi arxitekturaya riayət etməklə, - tamamlamaq mümkündürmü? Bunu necə bacarıblar axı?
Hələ Həkəri çayının sahilindəki gecə yarısına qədər insanlar qaynayan bulvar...
Şuşa istiqamətindən Laçına girişdə, Laçın şəhərindən qalxan dolayların başında, şəhərin bütün gözəlliyini göstərən yamacda 2-3 kafe fəaliyyət göstərir. Gecə yarıya qədər işləyirlər. O ucalıqdan sərhədə qədər göz işləyən mənzərə var; xüsusilə gecə qaranlığında qaraltı verən dağların qoynunda çoxişıqlı kənd diqqəti cəlb edir. Dığmış – bir müddət əvvəl o kəndin ətəyindəki postdan əsgərimizi yaralayan snayper atəşi açılmışdı. Ordumuz o postun külünü göyə sovurmuşdu.
Qəribə assosiasiyadır – mənə elə gəldi ki, Cıdır düzündə 2022-ci ildə bizə düşmən hədəfinə çevrilməmək üçün Xankəndi tərəfə baxan yamaca getməyə mane olan əsgərlərimiz indi Laçından gördüyümüz Dığın önündə dayanıblar.
Xocalı – külündən doğulan şəhər!
Xocalı bərpa olunub, şəhərə girən yol, çayın ətrafı “Laçını bəzəyən əl”lə gözəlləşib: böyük park göz oxşayır, parkın ətrafında bərpa olunan və yaxud tikilən evlər də.
Mərkəzi yolun bəzi hissələrində çökmələr yaranıb təəssüf – yəqin ki, qısa müddətdə aradan qaldırılar.
Xocalı aeroportunda isə texnikalar diqqətimizi çəkdi: tikinti hazırlığı gedir. Orda çalışanların sözlərinə görə, qısa müddətdə aeroportun uçuş-enmə zolağının genişləndirilməsi və uzadılmasına başlanılacaq.
Xocalı aeroportu bərpa edilərsə, bu, daxili uçuşlar üçün daha cəlbedici ola bilər – xüsusilə Xankəndi və Şuşaya çox yaxın olduğuna görə.
Xanın kəndi valehedicidir!
Xankəndi düşündüyümdən və təsəvvür etdiyimdən daha geniş, daha gözəl, daha böyük şəhərmiş.
Şuşa, Xocalı, Laçından fərqli olaraq, Xankəndidə məskunlaşma aparılmayıb – bu şəhərdə yalnız orada çalışan işçilər və onların ailələri qalır. Amma şəhər sözün hər mənasında qaynayır – azərbaycanlılar Xankəndi həsrətinin sona çatmasının dadını çıxarırlar. Mağazalar, kafelər, restoranlar dolub-boşalır...
Xankəndinin geniş mərkəzi prospektinin Xankəndi stadionuna baxan hissəsi şəhərə xüsusi gözəllik verir: yalnız sol əldəki yarımçıq qalan tikilidən başqa. Ermənilər vaxtilə orda nə tikmək istəyib və niyə o proporsiyanı nəhəng tikiliyə qurban veriblər? – məlum deyil. Bəlkə də “inzibati bina” nəzərdə tutublarmış. Ancaq onun yanındakı tikili necə söküldüsə, yarımçıq qalan tikintinin də sökülməsi ehtimalı yüksəkdir, daha doğrusu, sökülməsi ahəngdarlığın bərpası üçün daha yaxşı ola bilər.
İşğaldan azad olunan torpaqlar haqda “miflər”
Bakıdan yola düşərkən işğaldan azad edilmiş ərazilərə səfər edənlərin tövsiyələri bu olurdu: “Nə lazımdırsa, özünüzlə götürün, orda hər şey 3-4 qat bahasınadır”.
Yalandır. Böyük supermarketlər şəbəkəsinin mağazaları artıq işğaldan azad olunan şəhərlərimizdə - Xankəndi də daxil - tam fəaliyyət göstərir: “Bravo”, “Rahat”, “Araz”, hətta “Oba” və s. Ərzaq və tütün qiymətlərində qəti fərq yoxdur.
Gecəyə doğru bəzi böyük marketlər bağlanarsa və yaxud sizin qaldığınız məkana uzaq olarsa, kiçik mağazalardan bazarlıq etməkdən qəti narahat olmayın – 5-10 qəpik fərq edə bilər ən pis halda: o da gecə işləyən “kiçik sahibkar”a dəstəyiniz olsun!
Gecə qalmaq imkanları geniş deyil, ancaq bahalıqdan söhbət gedə bilməz. Əlbəttə, “Qarabağ”, “Xarı bülbül” və yaxud Xankəndidəki 1-2 otel var ki, orda bahalıq ola bilər – məgər Bakıda 4-5 ulduzlu otellər ucuzdur? Niyə ən məşhur oteldə qalıb, yüksək xidmətdən istifadə edib, qəpik-quruş ödəmək istəyinə düşməliyəm?
Laçın, Zabux da daxil olmaqla, kotec komplekslərinin fəaliyyət göstərdiyi xeyli yer var, qiymət də Azərbaycanın digər yerlərindəki koteclərdən yuxarı deyil, əksinə, ucuzdur. Məsələn, Həkəri çayının sahilindəki ikinəfərlik koteclərin qiyməti 50 manat, dördnəfərlik 80 manatdır.
Bayaq xatırlatdıq ki, “portal” tətbiqi zərurətdən doğub – qonaq qarşılama və gələn insanları mümkün təhlükələrdən qorumaq üçün hüquq-mühafizə orqanı əməkdaşlarının imkanları nəzərə alınıb. Bu baxımdan portalda qeydiyyatdan öncə qalacağınız yeri bron etməyiniz daha məqsədəuyğundur. Əvvəlcədən ödəniş də tələb olunmur!
İsa bulağında “çay dəstgahı” ləğv olunub!
İsa bulağı misilsizdir, günorta gün şaxıyanda belə orda sərinləmək yox, üşümək də mümkündür – bir az çox qalarsınızsa!
Qonaq həddən artıqdır: hər kəs İsa bulağından su götürməyə çalışır, həm də yalnız bir butulka deyil: sanasan, bütün qohum-əqrəbalarına İsa bulağından su gətirəcəklərini vəd ediblər.
İsa bulağında Musa bərəkəti var – orda olduğumuz vaxtda kimsənin əliboş döndüyünü görmədik...
Öyrəndik ki, çay dəstgahı İsa bulağında menyudan çıxarılıb. Səbəb?
“Adımızı o qədər bəddam elədilər ki, daha çay dəstgahı vermirik”, - ofisiant dedi.
İsa bulağında çay dəstgahının 32 manata olması barədə sosial şəbəkələrdə sürətlə yayılan və “heyrətli” reaksiyalar verilən xəbəri nəzərdə tuturdu. Zatən, biz də o xəbərin havasına soruşduq çay dəstgahını.
Menyuya gözüm sataşdı, baxdım ki, “çay dəstgahı”nın üzərindən xətt çəkilib! Amma qiyməti 32 deyil, 30 manat imiş!
Nə varmış çay dəstgahında? - İki mürəbbə, iki çərəz, iki iri çaynik və təbii ki, qənd və konfet! İçərişəhərdə bu “menyu” 86 manatdır, dəniz kənarında ən ucuzu 50 manat. Azərbaycanın gözü Şuşanın ən gözəl məkanında bu dəstgahı neçəyə içmək niyyətiniz vardı ki?
Şuşada 10 stəkanlıq çaydanın 3 manata verildiyi məkanlar da var. Elə də gözəl yerlərdir ki – meydan kimi, parkın içində, geniş ərazidə. Mən niyə asfaltın içində, ağacı da olmayan yerdə, günlüyün altında - “Qoç Ət”də çay tələb edib, 15 manat verib, sonra da deyinməliyəm?
Yaxud, Şuşa – elə Laçın da – başdan-başa piknik yerləridir: insanlar hər yerdə oturur, dincəlir, süfrəsini açıb, qəlyanaltı edir. Yeri gəlmişkən, samovar qaynatmaq olmaz – hər tərəf meşədir, Allah eləməsin, yanğın çıxar. Ona görə bu qadağa alqışlanasıdır.
Və yaxud: Bakı qiymətlərindən də ucuz ayaqüstü dönərxanalar, kafelər nə qədər desəniz!
Qarabağa gəzmək, görmək, qürurlanmaq, o füsunkar təbiətdən zövq almaq, şəhidlərimizi yad etmək, qələbəmizlə öyünmək üçün gedərsinizsə, heç bir bahalıq yoxdur; yeyib-içmək, əylənmək, ən yaxşı oteldə qalmaq istərsinizsə, onda xoş istirahət – ancaq qayıdıb, bahalıqdan şikayətlənməyin!
Qarabağı zibilləməyin!
Sanki seçib, xüsusi polislər göndəriblər Qarabağa: istiqanlı, mehriban, ünsiyyətcil. Bəlkə də o torpaqların aurasındandır, havasından, suyundandır – yardım etməyə tələsirlər, həm də ürəklə!
Amma səmimi deyirəm, narazı da qaldım – ziyarətçilərə həddən artıq güzəşt edirlər və heç kəsin xətrinə dəyməmək barədə sanki tapşırıq alıblar. Bizsə bundan gözəlcə sui-istifadə edirik!
Əsgəran qalasının önündə əsl zibilxana yaradılmışdı – plastik-şüşə butulka, siqaret qutuları, günəbaxan tumu qabları, sellofan torbalardan tutmuş yarıyeyilmiş qarpız-yemiş tullantılarına qədər. Təsəvvür belə etmək olmur ki, bir tarixi abidəni ziyarət edənlər onun önünə qarpız-yemiş qabığı buraxıb gedə bilirlər.
Polislər isə yalnız xahiş və çağırış edirdilər.
Dözülməz mənzərəydi və qısa müddətdən sonra qala divarlarının ətrafının çiçək kimi təmizləndiyini də gördük – polislərin işiydi.
Daha sərt tədbirə ehtiyac var: zibili yerə atana təmizlətmək, sonra da hamının gözü qarşısında onu yüksək məbləğdə cərimələmək! İnzibati resurslar işə düşməsə, “maarifləndirmə” ilə, çağırışla düzələn deyilik! Guya kim qanmır ki, tarixi abidənin dibinə qarpız qabığı atmaq olmaz!
Şuşada addımbaşı zibil qablarına rast gələrsiniz – “Təmiz şəhər” qutuları Xankəndidə də var, Laçında da; ancaq ötən gün Şuşa Qoruq İdarəsi şəhəri zibillələməməklə bağlı ziyarətçilərə, turistlərə müraciət yaymağa məcbur olur. Niyə bu cür müraciət yayılmalıdır? Niyə bu durumu yaratmalıyıq?
Təbii ki, bunlar nəinki bütün ziyarətçilərə, hətta gedənlərin 95 faizinə aid deyil. Ancaq hər 100 nəfərin 3-5-nin məsuliyyətsizliyi, mədəniyyətsizliyi eybəcər mənzərənin ortaya çıxmasına kifayət edir!
Qarabağda tikintidə nələr çatmır?
Laçında hansısa evin tikintisində və ya təmirində çatışmazlıq olduğunu bildirən videoları biz də görmüşük, ona görə Laçının təkcə mərkəzi küçəsini yox, ara küçələrini də gəzməyə çalışdıq.
Əyər-əskik olmamış olmaz yəqin: iki il müddətində başdan-başa yenidən qurulan, tikilən, bərpa edilən Laçında bir və ya bir neçə evdə əskikliyin olması mümkündür. İşin həcmi, miqyası və sürəti o qədər böyükdür ki, xırda çarışmazlıqların olmaması adama qəribə gələrdi. Amma bunlar böyük quruculuğa kölgə salmaz.
Bir müddət öncə 2026-cı ildə Qarabağa köçürülənlərin sayının 140 minə çatacağı haqda rəsmi məlumat yayılmışdı. Ağdam şəhərində tikinti miqyasını görəndə bu rəqəmə qəti şübhə etmədik...
Nənə-baba heykəli niyə sökülmür?
Sökülməsə yaxşıdır. Bu heykəl ermənilərin Qarabağa 1829-cu ildən başlayan kütləvi köçünün 150 illiyi şərəfinə ucaldılıb; bu heykəl ermənilərin Qarabağ haqda uydurma tarixlərini ermənilərin özlərinin puça çıxartdığı faktdır. Bu faktdan niyə imtina etməliyik ki?
Xankəndiyə köç nə vaxt başlayacaq?
Yalnız Xankəndidən çıxanda avtomobillər yoxlanılır, qalan heç bir şəhərdə çıxışda yoxlanış yoxdur. Yük yerinə qədər baxırlar. Çünki Xankəndidə bütün evlər qorunub, deyilənə görə, evlərdə masa üzərində qalan stəkana belə toxunulmayıb. Maşınlar yoxlanılır ki, insanlar hansısa əşyanı kimsə özü ilə aparmasın.
Xankəndidə çalışan və müvəqqəti yerləşənlərin sözlərinə görə, şəhərə köç sentyabrda başlayacaq. Bəlkə də Kərkicahan və Malıbəyli - Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan və biri şəhərin bu, digəri əks tərəfində yerləşən kəndlər - haqda yayılan xəbəri nəzərdə tuturlar. Soruşduq – “Yox, şəhərin özünə” dedilər...
...Xankəndidən bu arzu, bu dua, bu niyyətlə ayrıldıq:
İlahi, bu gözəl şəhərimizə bir də erməni ayağı dəyməsin!
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi