Azərbaycan Ermənistanı Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığa görə tənqid edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında ölkəsinin sürətlə silahlanmasına “aydınlıq gətirməyə” çalışarkən deyib.
Erməni baş nazir Azərbaycanın Konstitusiya tələbinə cavabındakı kimi, bu mövzuda da şərləməyə başlayıb.
“Biz bilirik ki, Azərbaycan silahları, məsələn, İtaliyadan alır. Niyə Azərbaycan İtaliyadan silah ala bilər, Ermənistan isə Fransadan ala bilməz? Azərbaycan Pakistandan silah alır. Niyə Azərbaycan Pakistandan silah ala bilər, Ermənistan isə Hindistandan ala bilməz?
Deyirlər ki, Qərb Ermənistanı silahlandırır. Azərbaycan Slovakiya, Serbiya və Bolqarıstandan silah alır. Ən azı üç AB ölkəsi Bakı ilə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycan İsraildən külli miqdarda silah alır. Bu barədə hər gün danışmasaq da, bizdə kəşfiyyat məlumatları var”.
O, həmçinin iddia edib ki, Azərbaycanın hərbi xərcləri görünməmiş dərəcədə yüksəkdir - ÜDM-in 17%-i, Ermənistanda isə 4-5%-dir:
“Məhz buna görə də İrəvan eskalasiyanı təsirsiz hala gətirmək və qarşısını almaq üçün sərhəddə pozuntuların araşdırılması mexanizmini təklif edib”.
Qeyd edək ki, artıq Azərbaycan XİN Ermənistan baş nazirinin bu yalanlarının bir qisminə cavab verib. Azərbaycanın İtaliyadan silah alması, o cümlədən hərbi xərclərinin guya ÜDM-in 17%-i qədər olması haqda sözləri tamamilə böhtan və ağ yalandır.
Azərbaycanın 2024-cü ilin yanvar-may aylarında (5 ay üçün) ümumi daxili məhsulu 48 milyarddan bir az çox olub. Bu hesabla 2024-ci il üçün ÜDM 115 milyard civarında ola bilər. Əgər hərbi xərclərimiz ÜDM-in 17%-i civarında olsaydı, onda 20 milyardlıq bir rəqəmdən danışmaq lazım gələrdi ki, bu da bütövlükdə dövlət büdcəsinin yarısı deməkdir.
Əksinə, Stokholm Beynəlxalq Sülhün Öyrənilməsi İnstitutunun (SİRPİ) yaydığı ötənilki hesabata görə, 2023-cü ildə Ermənistan ÜDM-in 5,5%-ini, Azərbaycan isə 4,6%-ni hərbi xərclərə ayırıb. 2022-ci ildə isə Ermənistan ÜDM-in 4,1%-ni, Azərbaycan isə 3,8%-ni hərbi xərclərə ayırmışdı.
Beləliklə, Ermənistanın hərbi xərcləri necə artırdığını beynəlxalq institutlar da müqayisəli şəkildə təqdim edirlər.
Üstəlik, nəzərə alaq ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Ermənistan iqtisadiyyatı sürətlə böyüyür və deməli, ÜDM də kəskin artır, onda Ermənistanın hərbi xərclərini kəskin artırdığı göz önündədir.
Halbuki SİRRİ Ermənistan büdcə qaydalarına görə hərbi xərclərin ÜDM-in 4 faizini keçməməli olduğunu elan etmişdi.
Məsələnin digər tərəfi isə hərbi-siyasi amillərlə bağlıdır. Ermənistan işğalçı ölkədir və Azərbaycan ərazilərini 30 il işğalda saxlayıb. Qalib və öz torpaqlarını azad edən ölkə kimi Azərbaycanın Ermənistanın silahlanmasına nəzarət etmək hüququ var. Müharibə qaydalarına görə, işğalçı ölkə məğlub edildikdən sonra onun yenidən silahlanmasına məhdudiyyət qoyulmalıdır.
Ancaq Fransa, ABŞ və Rusiya Ermənistanın məğlub ölkə kimi masaya oturmasına və işğalçı kimi cəzalanmasına imkan vermirlər, əksinə, hər vəchlə bu ölkəni silahlandırır və birgə hərbi təlimlər keçirirlər.
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN