FHN hava şəraitinə görə əhaliyə xəbərdarlıq etdi

10:10 - 3 Noyabr 2024 - GÜNDƏM

 FHN hava şəraitinə görə əhaliyə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən BUTA.TV-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir: “Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol