“Padişah xalı” təmizlik şirkəti barəsində şikayət daxil olub.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Həlimə Ələkbərova adlı xanım saytımıza ünvanlandığı şikayət məktubunda şirkətin, yuyulması üçün verdiyi pərdələri yararsız hala saldığını və üstəlik də ondan 55 manat pul aldığını qeyd edib.
“Padişah xalı” təmizlik şirkətinə pərdələrimin yuyulması üçün müraciət etdim. Geri qaytarıldıqda isə gözlərimə inanmadım. Pərdələrim cırıq-cırıq, bərbad vəziyyətdə idi. 180 manatlıq dəyəri olan pərdələrimi şəkildə gördüyünüz vəziyyətə salıb, bu azmış kimi xidməthaqqı olaraq 55 manat da əlavə pul alıblar. Şirkətə iradımı bildirsəm də, nəticəsi olmadı. İsrar etdilər ki, pərdələri belə qəbul ediblər.
Mən şirkətin nümayəndələrini başa sala bilmədim ki, bir halda ki, pərdələr yarasız olub, onda hansı məntiqlə onların yuyulması üçün 55 manat ödəmişəm. Kim yarasız pərdənin yuyulmasına 55 manat verər?
Onlara dedim ki, pərdə yarasız idisə, bunu qəbul etməli deyildilər, ya da protokol tərtib etməli və orada qeyd etməliydilər ki, pərdələrdə bu zədələr var. Amma bunun heç birini etməyə-etməyə müştərini ittiham edirlər. Bu məsələnin ona görə ictimailəşdirilməsini istəyirəm ki, bu şirkət digər müştəriləri də aldatmasın", - şikayətçi bildirib.
Oxucunun şikayətini araşdırmaq üçün “Padişah xalı” təmizlik şirkəti ilə əlaqə saxlanılıb.
Şirkətdən zəngə cavab verən Samir adlı şəxs bildirdi ki, pərdənin yuyulmamışdan əvvəl çəkdikləri görüntülər onun əlindədir:
“Əvvəllər biz təhvil aldığımız əşyaları çəkmirdik, müştəriyə sözdə olaraq deyirdik. Eləsi olurdu başa düşürdü, eləsi olurdu deyirdi ki , mən bu dərəcədə bilmirdim. İndi isə video şəklində çəkirik ki, sonra problem olmasın. Mən müştəri şikayətini haqlı qəbul edirəm. Əgər müştərinin narahatlığı varsa, bizim borcumuzdur onu dinləmək. Bu xanım sadəcə bizdən pulunu geri istədi, dedi ki, mənim pulumu qaytar. Mən də izah etdim ki, biz də əziyyət çəkmişik, biz eyni şəkildə eyni dərman, eyni şampundan istifadə etmişik. Sizin pərdəni yuyub, ütüləyib təhvil vermişik. Pərdəni bizə təhvil verəndə də bizə özü zənbildə verib. Yəni biz nə pərdəni sökmüşük, nə götürmüşük. Özü çıxarıb zənbildə təhvil verib ki, özünüz ölçüb, yazarsınız. Biz əslində pərdəni açıq şəkildə, belə deyək, pəncərədən asılmış vəziyyətdə görsəydik, götürməyəcəkdik. Amma bizə sökülmüş, bağlı vəziyyətdə verib, biz də aparıb onu yuyulma yerində çəkib atmışıq özünə.
Bizim bunu kimi bir neçə müştərimiz olub. Biz onlara izah etmişik ki, bu xalçanı yusaq, cırılacaq, verməyin yuyulmağa. Deyirlər ki, siz yuyun, nə olar, olar. Belə çıxır ki, yoxlanış məqsədlə verirlər. Cırılsa pulunu vermərəm, cırılmasa malımı istifadə edərəm. Amma dərk etmirlər ki, bunun üçün bizim bir qrup işçi qüvvəmiz cəlb olunur. Yuyur, ütüləyir, aparıb qaytarırıq, vaxtımız gedir, sən də bəyənmirsən və deyirsən ki, xoşlamadıq, pulumuzu qaytarın. Belə çıxır ki, xoşlasa, götürəcək, xoşlamasa pulunu qaytaraq. Bura sınaq yeri deyil”.
Şirkət rəhbəri özü etiraf edir ki, pərdəni qəbul edərkən, ona baxmayıblar və zədələri qeyd etməyiblər. Yəni burada müştəri tam haqlıdır. Şirkətin borcu idi ki, pərdəni yerində təhvil alsın, hər hansı zədə varsa, onu protokollaşdırsın.
Bəs məsələ ilə bağlı ekspert nə deyir?
Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, kimyəvi təmizləmə və bu cür çamaşır şirkətlərindən daima Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur:
“Biz, adətən istehlakçıların bu cür şikayətlərini İqtisadiyyat Nazirliyinə yönəldirik. Belə halda çox mürəkkəb vəziyyət əmələ gəlir. Ona görə də, malları bu cür şirkətlərə verən adamlar öncədən diqqətlə təhvil verməlidirlər. Yəni bu zaman təhvil-təslim aktı olsa, heç də pis olmaz. Bu zaman bütün qüsurları, harada nə varsa hamısı görünməlidir. Bahalı paltarların, xalçaların təmizlənməsində çox vaxt mübahisələr baş verir. Əgər vəziyyət deyilən kimidirsə, onda əlbəttə həmin o yuyucu şirkət bu məsələdə məsuliyyət daşıyır. İstehlakçı 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının pozulması barədə şikayət edə bilər”.
- Bakıda yağış, Şahdağda isə qar yağır - Faktiki hava
- Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
- Bakıda 30 minlik qapı və kondisioner oğurlayan şəxs tutuldu
- Rusiya Federal Vergi Xidməti Hüseynin şirkət hesablarını blokladı
- Sürücülərin imtahanı: 3 nəfər başqasının yerinə girmək istədi
- Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - Qalib şirkət...
- Zəfər Günü münasibəti ilə atəşfəşanlıq olacaq
- Zakir Həsənov Slovakiyada hərbi institutu ziyarət etdi