Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı

13:50 - 6 Dekabr 2024 - GÜNDƏM

 Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Eləcə də, müxtəlif yerli və beynəlxalq konfranslar keçirilir.

Dekabrın 5-də Bakıda ikigünlük Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Tədbirdə indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan deportasiyalar nəticəsində zorla çıxarılmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə tarixi yurd yerlərinə qayıdışı ilə bağlı aktual müzakirələr aparılıb.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak etməsi Qərbi azərbaycanlıların doğma yurduna qayıtması məsələsinə beynəlxalq səviyyədə diqqətin artmasını göstərir.

Tarixi faktlar

Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Artıq bu gün məsələnin beynəlxalq səviyyəyə çıxarılması çox önəmlidir.

Ermənistanda isə məsələ “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.

Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində mükafatlandırılıb və təltif olunublar. Bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb və onları Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir.

Cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.

Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.

Görünən odur ki, qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur.

Qayıdış Konsepsiyası

Eləcə də, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Cənab Prezidentin müraciətində deyildiyi kimi, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Konsepsiyada əks olunduğu kimi Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır. İstənilən halda, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur.

Beynəlxalq təminat

Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol