Rəsmi Bakıdan Fransanın Ermənistandakı səfirinə cavab...

17:18 - 24 Fevral 2025 - GÜNDƏM

 Rəsmi Bakıdan Fransanın Ermənistandakı səfirinə cavab...

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin növbəti dəfə ərazilərimizin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması, Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar sərgiləməsi ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara cavabında bildirib.

“Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir”, - XİN rəsmisi vurğulayıb.

Ayxan Hacızadə qeyd edib ki, səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir:

“Xüsusilə qeyd edək ki, sülh müqaviləsinin Almatı bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir. Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir.

Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol