Rusiyada qətli Bakı və Moskvanın “arasını vuran ölkə” törədib?

20:50 - 2 İyul 2025 - GÜNDƏM

 Rusiyada qətli Bakı və Moskvanın “arasını vuran ölkə” törədib?

Kremlin nəzarətindəki jurnalistlərin “eyni baxış bucağı” nümayiş etdirməsi Azərbaycanda müşahidəçilərin diqqətindən yayınmayıb.

BUTA.TV xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu göstərişin bir mərkəzdən gəldiyini vurğulayıb.

“Mahiyyət budur ki, Yekaterinburqda öldürülənlər, döyülənlər azərbaycanlı olsalar da, Rusiya vətəndaşıdırlar. Bu “faktın” davamında bir ağızdan bu sualı səsləndirirlər: “Rusiya vətəndaşlarının həbsinin və onların öldürülməsinin Azərbaycana nə aidiyyəti var?” Yəni demək istəyirlər ki, Azərbaycan Yekaterinburqdakı hadisəyə reaksiya verməklə Rusiyanın daxili işlərinə qarışıb.

Birincisi, nə hikmətdirsə, Yekaterinburqda 27 iyunda həbs olunan, işgəncə görən və öldürülən Rusiya vətəndaşlarının tamamı azərbaycanlıdır. Demək, bu, məhz Rusiya vətəndaşı olan etnik azərbaycanlılara qarşı əməliyyat olub. Buna susmaq olmazdı. Deyirlər ki, həbslər 25 il əvvəlki kriminal hadisəylə bağlı olub. Bəs onda həbs olunanların əksəriyyətinə işgəncə verəndən, döyəndən sonra niyə sərbəst buraxıblar? Deməli, “kiriminal hadisə” bəhanədir.

İkincisi, Kreml ruporları “Azərbaycan Rusiya vətəndaşları olan azərbaycanlıların məsələsinə qarışmamalıdır” prinsipindən çıxış edirsə, özü niyə müxtəlif dövlətlərdə rusdilli əhalinin qorunması vacibliyindən danışır? Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibə məhz “rusdillilərin qorunması” bəhanəsiylə başlayıb. Halbuki Kremlin istinad etdiyi həmin rusdillilər Ukraynanın vətəndaşları və ciblərində Ukrayna pasportu daşıyanlar idi. Kiyev də eyni arqumentdən çıxış edərək, sual səsləndirə bilər ki, Ukrayna vətəndaşı olan rusların Kremlə nə dəxli var, daxili işimizə niyə qarışırsınız?” – politoloq vurğulayıb.

Onun sözlərinə görə, Kremlin başqa bir bəhanəsi “Kiyevin Azərbaycanla Rusiyanın arasını vurmasıdır”:

“Deməli, Rusiya mülki təyyarəmizi raketlə vurub, insanlarımızı öldürüb, daha sonra Yekaterinburqda soydaşlarımızı qətlə yetirib, bunlara görə üzr istəmək və günahkarları cəzalandırmaq əvəzinə Kiyevin guya Bakı ilə Moksvanın arasını vurduğunu iddia edir. Rusiya Prezidenti Vladimir Putinin etmədiyini Ukrayna Prezidenti Vladimir Zelenski edib, azərbacanlı həmkarı İlham Əliyevə zəng edərək başsağlığı verib. Kiyev ara vurmur, Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə edib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol