Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki, slovak və ya çex dostlarımızla ünsiyyət qurmaq bizim üçün əlverişlidir, çünki bir-birimizi çox yaxşı başa düşürük. Aramızda çox oxşarlıqlar var, məsələn, eyni çağırışlar və çətinliklərlə qarşılaşırıq. Bu mənada, mesajımızı Avropa Birliyinə və digər beynəlxalq institutlara çatdıra biləcəyinizə görə bizim üçün vacib tərəfdaş olduğunuzu söyləmək olar. Bütün bu aspektləri nəzərə alsaq, yalnız bir nəticə çıxır – Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır.
BUTA.TV xəbər verir ki. bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibəsində deyib.
O xatırladıb ki, Azərbaycan qarşılıqlı əməkdaşlığı artırmağa, yeni həcmdə qaz verməyə hazırdır və qərarlıdır:
“Amma bunun üçün bizə AB ilə əməkdaşlığın xüsusən infrastruktur baxımından yeni səviyyəsi lazımdır. Çünki Azərbaycanın Xəzər dənizində zəngin qaz ehtiyatları olsa da, Transadriatik qaz kəmərinin və ya Cənub dəhlizinin gücü artıq doludur. Onları texniki cəhətdən genişləndirməliyik. Bundan əlavə, Avropanın da qaza ehtiyacı var. Ona görə də hər iki tərəfin bu məsələyə real yanaşması lazımdır.
Dünyadakı mövcud reallığı nəzərə alaraq, Avropa ilə imzaladığımız Anlaşma Memorandumuna əsaslanan yeni strateji enerji əməkdaşlığı qurmaq istəyirik. Ancaq bunun reallaşması üçün uzunmüddətli müqavilələrə ehtiyacımız var. İndi top AB-nin tərəfindədir. Biz sadəcə onun reaksiyasını gözləyirik”.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan qazı sayəsində AB-nin öz şərq qanadının enerji təhlükəsizliyinə təzyiqi azalda biləcəyinə inanır:
“Bu, Slovakiya, Bolqarıstan və ya enerji istehlakının, xüsusən qazın təxminən bir, iki və ya üç milyard kubmetr, bəlkə də bir qədər çox olduğu digər ölkələr üçün son dərəcə vacibdir.
Texniki cəhətdən bu tələblərə cavab vermək olduqca sadədir. Bunu istənilən vaxt asanlıqla edə bilərik. Qaz var və bizim lazımi infrastrukturumuz var. Bizə yalnız AB tərəfindən uzunmüddətli öhdəlik lazımdır”.
H.Hacıyev AB ilə enerji əməkdaşlığının daha da genişləndirilməsinə maneələrdən danışıb:
“Düşünürəm ki, ilk növbədə yaşıl populizm və ya hətta fanatizm adlandırdığım şeyləri kənara qoymalıyıq. Bəli, biz də əminik ki, yaşıl və bərpa olunan enerji mənbələri hamımızın gələcəyini təşkil edir. Biz artıq onların üzərində ciddi işləməyə başlamışıq.
Ancaq realist qalmalıyıq. Sənayemizin ödəyə biləcəyi enerjiyə ehtiyacı var. O, şəhərlərimizə və kəndlərimizə də lazımdır. Bu gün sadəcə qaza real alternativ yoxdur. Bu, yaşıl enerjiyə keçid prosesində əsas komponentdir. Biz ona məhz belə baxmalıyıq. Azərbaycan məsuliyyətli və etibarlı tərəfdaş kimi bu prosesdə əməkdaşlıq etməyə hazırdır”.
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?