İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

09:08 - 18 İyul 2025 - SİYASƏT

 İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

İsrailin Dəməşqə hücumu böyük tabloda Tramp Administrasiyasının Suriya planına qarşı atılmış addım kimi görünür. Vaşinqtonun Suriyanın bütövlüyünün qorunması mövqeyindən çıxış etməsi və Türkiyənin bu ölkədəki zamin rolunu tanıması Təl-Əvivdə qəbul olunmur, hərçənd, ABŞ-ın hərbi/siyasi rəhbərliyində də İsrailin mövqeyini paylaşan qruplar var, xüsusilə PYD/YPG-nin gələcəyi ilə bağlı məsələ üzərindən.

İsrail (həm də Təl-Əvivlə ortaq mövqe sərgiləyən ABŞ-dakı mərkəzlər) Suriyada fərqli perspektivdən çıxış edir:

- Ölkənin federallaşması: bu, ən yaxşı halda İraq modelinin Suriyada tətbiq edilməsi və mərkəzi hakimiyyətin zəif nəzarət mexanizmlərinə malik olması deməkdir, hərçənd, belə bir perspektiv bölünmə riskləri də vəd edir;

- Təl-Əviv İraq modelindəki Suriyanı “təhlükəsizlik prinsipləri”nin tərkib hissəsi kimi görür, əks təqdirdə, qeyri-müəyyən gələcəkdə İran təhdidinin yenidən aktuallaşacağını, müəyyən gələcəkdə isə din mərkəzli yeni regional gücün təhdid yarada biləcəyini hesab edirlər, xüsusilə Türkiyə amili fonunda.

Əsədin devrilməsi ilə Suriyada İranın boşalan yerini Türkiyənin doldurması İsrail üçün arzuolunmaz nəticələr yaratdı. Lakin hər şey bununla da bitmədi:

- Tramp Administrasiyanın Suriya hakimiyyətini dəstəkləməsi - Əhməd əl-Şara ilə görüş, HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması, sanksiyaların yumşaldılması – arzuolunmaz nəticələri gücləndirdi;

- PKK-nın silahı buraxması Suriyada PYD\YPG kartını da ciddi ölçüdə zəiflədir və çıxılmaz perspektivlər vəd edir;

Bu nəticələr fonunda İsrailin druz kartından istifadə etməsinin iki mümkün hədəfi var:

1. Druzların muxtariyyətinə nail olmaq, bununla Suriyanın federallaşması presedentini yaratmaq: bu, maksimal hədəfdir;

2. Minimal hədəf druzlardan Dəməşqin yeni hakimiyyəti ilə arasında bufer kimi istifadə etmək, Əsədin gedişindən sonra ələ keçirdikləri əraziləri de-fakto legitimləşdirməkdir;

İstisna deyil ki, Əhməd əl-Şara ilə Bakıda danışıqlar aparan İsrail rəsmilərinin cari tələbləri arasında bunlar olub. Və bu danışıqlardan sonra Dəməşqin bombalanması razılaşmanın olmadığı ehtimalını önə çıxarır. Burada ən önəmli nöqtə Suveyda vilayətində druzlarla bədəvilər arasında toqquşmanın Bakı görüşündən öncə başlamasıdır. Səbəb-nəticə məntiqi bu qarşıdurmada maraqlı olan İsraili təşkilatçı qismində də göstərir, lakin əl-Şara hakimiyyətinin bədəvilərlə druzların toqquşmasını bölgəyə müdaxilə etmək və mərkəzi nəzarəti gücləndirməkdə fürsət kimi gördüyü faktı da diqqət çəkir. Bu baxımdan, Suveyda toqquşmasında hər iki tərəfin – Təl-Əvivin də, Dəməşqin də maraqları vardı, yaxud hər iki tərəf baş vermiş qarşıdurmanı (druzlarla bədəvilər arasında əvvəllər də lokal toqquşmalar olub) öz xeyrinə çevirməyə çalışdı. Nəticə hər iki tərəf üçün qeyri-müəyyəndir:

- Suriya qoşunlarını bölgədən çəksə də, muxtariyyət istəklərini qəbul etmir və döyüşə hazır olduğunu bəyan edir;

- İsrail hücumla druz kartını qoruyub saxlasa da, yekun hədəflərinə nail olmağın çətinlikləri var;

Netanyahunun son açıqlamaları İsrailin hücumlarını davam etdirəcəyinin anonsu hesab edilə bilər. Lakin Təl-Əvivin İran üzərində əldə etdiyi nəticəyə Suriyada da nail ola biləcəyi sual altındadır, Dəməşq Tehranla müqayisədə qat-qat zəif olsa da.

Birincisi, Tramp Administrasiyasının bu məsələdəki mövqeyi hələ də İsraillə üst-üstə düşmür;

İkincisi, Təl-Əviv Suriyada yeni zamin rolunda olan Ankara ilə üz-üzə gələ bilər. Ki, Türkiyə İran olmayacaq;

Üçüncüsü, ABŞ hadisələrin Türkiyə və İsrailin toqquşa biləcəyi həddə qədər inkişafında maraqlı deyil;

Bu amillər Suriyada lokal toqquşmalar və İsrail hücumlarının kölgəsində danışıqlar prosesinin çıxış yolu kimi önəı çıxacağı artırır. Bu halda Bakının dialoq mərkəzi rolu daha da güclənə bilər. Danışıqlarda nəticə əldə etməyin çətinliyi olsa belə, təmas xətlərinin saxlanılması Suriyada iştirakçı ölkələrdən olan Azərbaycan üçün də önəmlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol