"Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır”. Bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir”.
“Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, – belə hallar kifayət qədər çoxdur, – ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”, – deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 48 gün sonra – dekabrın 29-da işdən çıxarılmışdı.
- Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto
- Nəzrinin ölümünə görə həbs edilən həkim azadlığa buraxıldı
- Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?
- MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto
- Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi
- Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür
- Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!