Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

09:00 - 22 Yanvar 2026 - GÜNDƏM

 Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Rusiyanın Aleksandr Dugin və Vladimir Solovyov kimi “jurnalistləri” və “ekspertləri” arzularını səsləndirərək, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil olmaması gərəkdiyini bildirirlər. Onlar açıq deməsələr də, bununla Rusiya imperiyasının və ya SSRİ-nin bərpasını istəyirlər.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Dugin və Solovyov reallıq hissini itiriblər, Rusiya imperiyasının dövrü bitib:

“Birinci Dünya müharibəsi Böyük Britaniya və Osmanlı imperiyası ilə yanaşı, Rusiya imperiyasının da dağılmasıyla nəticələndi. Doğrudur, Rusiya imperiyasının yerində SSRİ yarandı, ancaq bu imperiyanın da ömrünü yalnız 70 il uzada bildilər.

Dugin və Solovyov arzularını səsləndirməklə qonşu ölkələri Rusiyadan daha çox uzaqlaşdırırlar. Onların bu hədələrini cavabsız qoymaq olmaz. Məntiqsiz və təhlükəli açıqlamalarına görə Kreml Dugini və Solovyovu cəzalandırmırsa, deməli, Rusiyaya rəhbərlik edənlər də “imperiyanın bərpası” arzusuyla yaşıyırlar. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi məhz bu baxışın tərkib hissəsidir. Kreml və onun nəzarətindəki ekspert və jurnalistlər elə bilirlər ki, Ukraynanı parçaladıqdan sonra digər qonşu ölkələrə də təcavüz edə biləcəklər. Birincisi, Rusiya Ukraynada ilişib qalıb, müharibənin necə bitəcəyi məlum deyil və bu müharibənin nəticələri gələcəkdə Rusiyanın özünə ciddi problemlər yaradacaq, mərkəzdənqaçma meyilləri güclənəcək. İkincisi, indi 1920-ci və ya 1930-cu illər deyil ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini rahatlıqla işğal edə biləsən. Türkiyə Azərbaycanın strateji müttəfidir. Azərbaycana hücum edən dövlət qarşısında Azərbaycan Ordusu ilə yanaşı, Türkiyəni də görəcək. ABŞ bölgədə “Tramp yolu”nu reallaşdırmağa başlayacaq. ABŞ həm bu yolun, həm də yolun keçdiyi ölkələrin təhlükəsizliyinə diqqəti artıracaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol