Ölkə başçısının imzaladığı növbəti Sərəncam Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə göstərilən yüksək dövlət ehtiramının təzahürü oldu. Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və mərdlik göstərərək hərbi hissələr qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirərkən şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki şəxs ölümündən sonra yüksək dövlət təltifinə layiq görülüb.
“BUTA.TV” xəbər verir ki, təltif olunan qəhrəmanların sırasında İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tural Ətraf oğlu Şıxızadə də var.
Prezident İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AZƏRTAC-ın müxbiri İsmayıllının Diyallı kəndinə yollanaraq şəhidin ailəsi ilə görüşüb, onların qürur və nisgil dolu duyğularını dinləyib.
Şəhidin qardaşı Turan Şıxıyev deyir ki, Prezidentin imzaladığı Sərəncam ailələrinə həm böyük qürur, həm də kövrək hisslər yaşadıb. Onun sözlərinə görə, qardaşının adını ordenlə təltif olunan şəhidlərin sırasında görmək ailənin ağrısını azaltmasa da, onun qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsi ən böyük təsəlli olub. "Ötən gün işə getməyə hazırlaşırdım. Telefonda mənə bir xəbər göndərdilər. Linkə daxil olub baxanda digər şəhidlərimizin arasında qardaşımın – Şıxızadə Tural Ətraf oğlunun adını gördüm. Həqiqətən, çox qürurlandım. Fikirləşdim ki, qardaşımın göstərdiyi şücaət, qəhrəmanlıq unudulmur. Dövlət onun xidmətlərini yüksək qiymətləndirir. Bu, bizim ailə üçün çox böyük qürurdur. Əziyyəti, tökdüyü qan yerdə qalmadı”.
Turan Şıxıyev qardaşı haqqında danışarkən səsində həm qürur, həm də dərin həsrət duyulurdu. Deyir ki, Tural ailənin sonbeşiyi idi. İki qardaş, bir bacı olan ailənin kiçik övladı Tural mehribanlığı, səmimiyyəti və cəsarəti ilə hər kəsin sevimlisi idi. Hələ ömrünün baharında idi. Subay idi, quracağı ailə, həyata keçirəcəyi arzuları vardı. Lakin Vətən sevgisini hər şeydən üstün tutaraq öz gələcəyini Azərbaycanın gələcəyinə qurban verdi.
Uşaqlıqdan idmana böyük maraq göstərən Tural qol güləşi üzrə üçqat ölkə çempionu olub. O, qazandığı uğurlarla idmanda adını tanıtmağa başlasa da, Vətən müharibəsi başlayanda heç bir tərəddüd etmədən ön cəbhəyə yollanıb. Onun üçün ən böyük mükafat doğma torpaqların azadlığı uğrunda döyüşmək idi. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Tural Şıxızadə cəmi iki ay sonra başlayan Vətən müharibəsində iştirak edib. Goranboy istiqamətindən başlayaraq Suqovuşan və Ağdərə istiqamətində gedən ən ağır döyüşlərdə vuruşan gənc əsgər silahdaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Döyüş yoldaşlarının xatirəsində qorxmaz, qətiyyətli və tapşırıqları sonadək yerinə yetirən əsgər kimi qalan Tural hər zaman ön sırada olmağa çalışıb, Vətən uğrunda döyüşməyi isə ən böyük şərəf sayıb.
Qardaşı deyir ki, Tural ailəsini narahat etməmək üçün döyüş bölgəsində olduğunu son ana qədər onlardan gizlədib: “Sonuncu danışığımızı heç vaxt unutmuram. Bizə demədi ki, artıq döyüş bölgəsindədir. Sadəcə dedi ki, hər şey yaxşıdır, narahat olmayın. Salamatçılıq olsun, hər şey yaxşı olacaq. Müharibə də dayanacaq. Gələrsiniz, yenə görüşərik, bir-birimizi görərik. Halbuki sentyabrın 26-dan onları döyüş xəttinə aparmışdılar. Bizimlə danışanda artıq döyüşlərin içində idi. Amma bizi narahat etməmək üçün bunu deməmişdi”.
Turan Şıxıyev ailələrinin yaşadığı ən ağır hisslərdən birini də bölüşür. Onun sözlərinə görə, ataları Ətraf kişi oğlunun dəfn mərasiminə qatılmayıb və şəhid olduğu gündən bu günə qədər məzarını ziyarət etməyib. Bunun da özünəməxsus, dərin mənəvi səbəbi var. Atam deyir ki, Vətən uğrunda canını fəda edən oğul mənim üçün ölməyib, o yaşayır. Mən onu torpağın altında təsəvvür edə bilmirəm. Elə buna görə də qardaşımın məzarı başına gedə bilmir. Bu sözlər bir ata qəlbinin həm sonsuz ağrısını, həm də oğluna duyduğu sonsuz fəxarəti ifadə edir.
Xatırladaq ki, şəhid Tural Şıxızadə göstərdiyi igidliyə görə bundan əvvəl də dövlət tərəfindən bir sıra yüksək təltiflərə layiq görülüb. O, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Prezident İlham Əliyevin son Sərəncamı ilə ona təqdim olunan III dərəcəli “Vətənə xidmətə görə” ordeni isə Tural Şıxızadənin keçdiyi şərəfli döyüş yoluna verilən növbəti yüksək dövlət qiymətidir.
Bu gün Tural Şıxızadə fiziki olaraq ailəsinin yanında olmasa da, adı qəhrəmanlıq salnaməsində yaşayır. Onun keçdiyi döyüş yolu, göstərdiyi igidlik, yarımçıq qalan gəncliyi və Vətən sevgisi gələcək nəsillər üçün örnək olaraq qalacaq. Dövlət tərəfindən təqdim olunan hər bir orden isə şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulduğunu, onların fədakarlığının heç zaman unudulmadığını bir daha təsdiqləyir. Tural Şıxızadənin adı da Azərbaycanın azadlığı uğrunda canını fəda edən igid oğulların sırasında əbədi yaşayacaq.








- Bakıda 64 yaşlı kişi hərbi xidmətə çağırıldı
- Hərbi xidmətə çağırışla bağlı yaş həddinin 30-a endirilməsi...
- Toydan 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...
- Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
- General bu vəzifəyə gətirilə bilər - Foto
- Onlar da avroya keçir
- Bakıda qəza: işıq dirəyi maşının salonuna girdi - Foto
- Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”