Rəsmi görüşə şortla gəldi, gündəm oldu - Fotolar

07:47 - 31 İyul 2026 - GÜNDƏM

 Rəsmi görüşə şortla gəldi, gündəm oldu - Fotolar

ABŞ-nin Demokrat senatoru Con Fettermanın İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşə qeyri-rəsmi geyimdə gəlməsi sosial mediada müzakirələrə səbəb olub.

BUTA.TV” xəbər verir ki, Netanyahu ilə görüş zamanı Fetterman şort, idman ayaqqabısı və kapüşonlu sviter geyinib.

Görüntülərdə kostyumda olan Netanyahunun qarşısında Fettermanın gündəlik geyimdə oturduğu görünür.

Görüş Netanyahunun ABŞ-yə səfəri çərçivəsində qaldığı, Ağ Evin qarşısında yerləşən rəsmi dövlət qonaq evində keçirilib.

Görüş zamanı Netanyahu Fettermanın ABŞ-İsrail münasibətlərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

İsrail Baş naziri Pensilvaniya senatorunun “Amerika və müttəfiqləri üçün yaxşı olan məsələlər barədə danışmaqda nümunəvi vətənpərvər” olduğunu bildirib. Netanyahu həmçinin Fettermanın fikirlərini “qorxmadan ifadə etdiyini” və İsrailə dəstək məsələsində “cəsarətli qətiyyət” nümayiş etdirdiyini deyib.

Fetterman isə Netanyahu ilə görüşünü Senatdakı fəaliyyəti dövründəki “ən böyük şərəflərdən biri” adlandırıb.

Senator Demokratlar Partiyası daxilində İsrail məsələsində fərqli mövqeyə sahib olduğunu bildirərək, bu mövqeyi ilə qürur duyduğunu və özünü partiyasının bu məsələdə “vicdanı” hesab etdiyini deyib.

Fetterman 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra İsrailə ən güclü dəstək verən Demokrat siyasətçilərdən biri kimi tanınıb. O, ABŞ-nin İsrailə hərbi, kəşfiyyat və humanitar yardım göstərməsini dəstəklədiyini açıqlayıb.

Senator daha əvvəl Demokratlar Partiyasının rəsmi şəkildə İsrailə qarşı mövqe tutacağı təqdirdə partiyadan ayrılmağı düşünə biləcəyini də bildirib.

Fettermanın rəsmi görüşlərdə şort və kapüşonlu sviter geyinməsi ilk dəfə deyil. Pensilvaniya senatoru uzun müddətdir klassik kostyum əvəzinə gündəlik geyimlərə üstünlük verməsi ilə diqqət çəkir.

Onun geyim tərzi 2023-cü ildə ABŞ Senatında geyim qaydalarının müzakirəyə çıxarılmasına da səbəb olmuşdu. Fetterman həmin vaxt ölkədə geyimindən daha vacib məsələlərin olduğunu bildirmişdi.

Senator gündəlik geyimlərin bəzi sağlamlıq problemlərindən sonra özünü daha rahat hiss etməsinə kömək etdiyini deyib. Bununla belə, məcburi komitə iclaslarında kostyum geyinməyə davam edir.

Fetterman 2024-cü ilin iyununda İsraildə Netanyahu ilə görüşü zamanı da kostyum əvəzinə idman üslublu geyimdə iştirak etmişdi.




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol