İranın Azərbaycana qarşı düşmənçiliyinin sensasion səbəbləri...

14:24 - 30 Yanvar 2023 - GÜNDƏM

 İranın Azərbaycana qarşı düşmənçiliyinin sensasion səbəbləri...

İstənilən kriminal və ya siyasi hadisənin pərdəarxası “liderləri”ni və icraçılarını bilmək üçün lazım olan ümumi qayda həmin hadisəni dərindən araşdırmaq və ondan kimin və ya hansı hərəkatların faydalandığını görməkdir. Bu il yanvar ayının 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücumun, cinayət aktının hansı qüvvə tərəfindən həyata keçirildiyi araşdırılmalıdır.

BUTA.TV xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi deyib.

Onun sözlərinə görə, İranın rəsmi orqanlarından bu hadisə ilə bağlı sızdırılan və yayılan məlumatlarla hökumətin rəsmi məlumatının arasında ziddiyyət müşahidə olunur. Bu da rəsmi məlumatların doğru olmadığını sübut edir. Bu yalanlar həqiqəti ört-basdır etmək və İran hökumətini məsuliyyətdən azad etmək üçündür.

Hazırda Fransada yaşayan M.Rəzmi bildirib ki, İranda mövcud olan dini rejim normal və vahid bir rejimə bənzəmir:

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

"Bu rejimin daxilində çoxlu qruplaşmalar və çoxlu güc dəstələri var. Hazırda İranın ali rəhbəri ayətullah Əli Xamenei ətrafına toplaşan bu güc dəstələri hakimiyyət uğrunda mübarizə aparır və bu yolda heç bir güzəştə getmirlər. Dəstələrdən biri hər hansı bir layihə ilə bağlı uğur qazanırsa, digər rəqib dəstələr onun layihəsinin iflasa uğraması üçün əllərindən gələni edirlər. Ona görə də bu hökumət siyasətini dəyişmək və özünü islah etmək iqtidarında deyil. Çünki istənilən dəyişiklik cəhdi güc dəstələrinin maraqlarının toqquşması ilə qarşı-qarşıya qalır.

Biz son 44 ildə dəfələrlə bu mühüm “yarışların” və qarşıdurmaların şahidi olmuşuq. Nümunə üçün deyə bilərik ki, Məhəmməd Xatəmi ziyalılara söz azadlığı vermək istəyəndə rəqib dəstə silsilə qətllərə başladı, 7 yazıçı və ziyalını “aradan götürdülər”. Qasım Süleymani və İsmayıl Qaani də daxil olmaqla İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 22 komandiri Əli Xameneiyə məktub yazaraq bildirdilər ki, artıq onların səbr kasası dolmuşdur. Onlar hətta Xatəminin özünü də çevrilişlə hədələdilər. Yaxud 2015-ci ildə Həsən Ruhani böyük dövlətlərlə nüvə sazişi imzalayanda rəqib dəstələr güclü bir raketin üzərinə ivrit dilində İsrailin məhv edilməli olduğunu yazmışdılar. Onlar Həsən Ruhani hökumətinin nüvə sazişini bağlamaması üçün əllərindən gələni etdilər. Hətta Həsən Ruhaninin xarici işlər nazirini də praktiki olaraq kənarda qoydular və nüfuzdan saldılar. Yəni İran hökumətindəki rusiyapərəst qrup öz maraqlarını azad dünya ilə düşmənçilikdə görür və sülh istəmir".

Güneyli soydaşımız vurğulayıb ki, İran İslam Respublikasının iqtisadiyyatı iflasa uğradığından, hətta işçilərinin maaşlarını ödəmək üçün belə Prezident İbrahim Rəisi hökumətinin qonşu ölkələrlə ticarətə ehtiyacı var: "İbrahim Rəisinin Azərbaycan Respublikası ilə dostluq bəyannaməsi, İran və Azərbaycan parlament rəhbərlərinin görüşü, eləcə də iki ölkənin xarici işlər nazirlərinin telefon danışığı son həftələrdə ortaya qoyulmuş müsbət hadisələr idi. Amma göründüyü kimi böhranlardan və müharibələrdən qidalanan fürsətçi rəqib qruplar İranın qonşuları ilə münasibətlərini yaxşılaşdırmasını istəmir. Bu cinah Azərbaycan Respublikasının varlığını inkar edən Ermənistanın və Azərbaycanın qələbələrini həzm edə bilməyən irqçi paniranistlərin köməyi ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücum planlaşdıraraq rəqib cinahı vurmuşdur. Düşünürəm ki, onlar bununla kifayətlənməyəcəklər və daha çox təxribatlar edəcəklər".

Güney azərbaycanlı ekspert SEPAH-ın bugünkü müxalifliyinin əsas səbəbini Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsindəki böyük qələbəsində gördüyünü söyləyib: "Heç kimə sirr deyil ki, SEPAH Cəbrayılıda - işğal olunmuş Azərbaycan ərazisində narkotik maddələrin saxlanılması və tranziti məqsədilə anbar da yaratmışdı. İllərdir oraya beynəlxalq alverçilər tərəfindən narkotiklər gətirilirdi. Əvəzində beynəlxalq sanksiyalara görə İran İslam Respublikasının təmin edə bilmədiyi ehtiyacların bir hissəsini beynəlxalq qaçaqmalçılar vasitəsilə ödəmək istəyirdilər. Yaxud eyni qaçaqmalçılar tərəfindən başqa ölkələrdəki müvəkkilləri üçün, o cümlədən Yəmən husiləri üçün qaçaq silah hazırlayırdılar. 44 günlük Vətən müharibəsindən sonra bu qeyri-qanuni imkan SEPAH-ın əlindən çıxıb və deyilənə görə İran İslam Respublikası hazırda öz müvəkkillərinə maliyyə yardımı, eləcə də silah verməkdə çətinliklərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə SEPAH-ın qeyri-qanuni fəaliyyəti üçün imkanların aradan qalxması onun Azərbaycan Respublikası ilə düşmənçiliyinin əsas səbəblərindən biridir".

M.Rəmsi söyləyib ki, Azərbaycanın Tehrandakı səfirliyində törədilən cinayətə görə məsuliyyəti İran hökuməti daşıyır. O bildirib ki, əldə olan dəlillər də bu hadisədə İranın təhlükəsizlik təşkilatlarının iştirakının izlərini təsdiq edir: "Belə ki, İslam Respublikasının bəzi rəhbərləri bu cür tədbirləri təhlükəsizlik xidmətləri daxilindəki “ixtiyari ünsürlər”in işi hesab edirlər. İranlılar bilirlər ki, Əli Xamenei özü bütün avtokratik qüvvələrin lideridir. Bəsic və İslam İnqilab Keşikçiləri Korpusuna “özləri istədikləri halda” atəş açmaq əmri verən də o, özü idi. Hakimiyyətin hansısa bir qrupunun bu cinayəti törətməsi bütün hakimiyyətin məsuliyyətini azaltmır. Dünya tərəfindən pislənilən bu cinayət İran İslam Respublikasının terrorçu mahiyyətini bir daha göstərir. Dünya ictimaiyyəti İranın təkcə ərəb ölkələrini təhdid etdiyini deyil, eyni zamanda bu rejimin cinayətkar və terrorçu bir struktura malik olduğunu, həm də dünyada sülh və sabitlik üçün təhlükə yaratdığını dərk edir. Məncə, Tehranda azərbaycanlı diplomatın qətlinə görə məsuliyyət birbaşa İran İslam Respublikasının üzərinə düşür və o, dünya qarşısında cavab verməlidir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol