Ukrayna “yem”dir, Zelenski isə “qurbanlıq”...

08:02 - 15 Aprel 2023 - SİYASƏT

 Ukrayna “yem”dir, Zelenski isə “qurbanlıq”...

Ukraynanın Rusiyaya əks-hücumunun hazırlandığı bir ərəfədə Pentaqona aid məxfi məlumatların mediaya sızdırılması bütün planları və gözləntiləri alt-üst edib.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü Pentaqondan gizli məlumatların yayılması ilə bağlı şərhində qeyd edib.

O bildirib ki, məxfi məlumatların aşkarlanmasının Rusiyaya qarşı dezinformasiyalarla çaşdırıcı bir əməliyyat olduğu, yoxsa ABŞ xüsusi xidmət qurumlarının məsuliyyətsizliyinin nəticəsi kimi ortaya çıxdığı haqda hələ qəti fikir söyləmək mümkün deyil:

“Qərb mətbuatında bu hadisə artıq “İkinci Vikiliks” (II WikiLeaks) adlandırılır və ABŞ kəşfiyyatının növbəti böyük uğursuzluğu kimi qiymətləndirilir. Hadisəni Ukrayna mövzusunda Pentaqonla Dövlət Departamenti arasındakı məlum ziddiyyətin məhsulu sayanlar da az deyil.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Maraqlıdır ki, Rusiya tərəfi də qiymətləndirmədə tələsmir, ehtiyatlı mövqe tutub və çoxsaylı məxfi hərbi məlumatların yer aldığı sənədlərin hələ öyrənildiyini, bunun Rusiyaya qarşı aparılan hibrid savaşın bir hissəsi ola biləcəyini vurğulayır”.

Ekspertin fikrincə, yayılan bu məlumatların ilkin nəticəsi daha çox Ukraynada görünür, rəsmi Kiyevdə əks-səda verib. Ukrayna tərəfi artıq rəsmən elan edib ki, onlar xeyli vaxtdır hazırlaşdıqları hücum planlarına dəyişiklik etmək məcburiyyətində qalıblar:

“Bu isə o deməkdir ki, Ukraynanın aprelin sonuna, mayın əvvəlinə planlaşdırıldığı iddia olunan və təbliğ edilən əks-hücum əməliyyatları növbəti dəfə qeyri-müəyyən müddətə ertələnəcək.

İstənilən halda, Pentaqondan sızan məlumatların ən böyük zərbəsinin Ukrayna hakimiyyətinə, xüsusən də Zelenskiyə dəydiyi aşkar ortadadır. Çünki motivindən asılı olmayaraq, açıqlanan sənədlər Ukrayna hakimiyyətinin son 1 il ərzində apardığı bütün təbliğatı alt-üst edir, onun yalan üzərində qurulduğunu təsdiqləyir və Ukrayna cəmiyyətindən gizlədilən itkilərin dəhşətli miqyasını ortaya qoyur.

Şübhə yoxdur ki, əks-hücum öncəsi aşkarlanan bu faktlar Ukrayna Silahlı Qüvvələrinə və cəmiyyətinə çox böyük mənəvi-psixoloji zərbə olacaq.

Mümkündür ki, elə Ukraynanın əks-hücuma hələ hazır olmadığını və yeni əməliyyatlar zamanı daha böyük itkilərə məruz qalacağını hesablayan ABŞ indiki nəticələr üzərində artıq Rusiya ilə sövdələşmə masası arxasına keçməyin vaxtının çatdığı qənaətindədir, onunla razılaşmayacaq Zelenskini də neytrallaşdırmaq üçün məqsədli şəkildə sənədləri mediaya sızdırıb, bir növ, Ukrayna hakimiyyətini fakt qarşısında qoyur.

Üzərində dayanılacaq başqa bir ehtimal da Zelenskinin özünün əks-hücumdan yayınması, prosesləri bu tempdə 2024-cü ilədək uzatmaq istəyi və bu işdə də Çinin vasitəçiliyinə çox böyük maraq göstərməsi ilə bağlıdır”.

E.Şükürlü qeyd edib ki, bəzi məlumatlara görə, ordusunun imkanlarını dəqiq bilən və "qəhrəman prezident" imicini qoruyub saxlamağa çalışan Zelenski Qərbin Ukraynanı Rusiya ilə yayda son bir döyüşə aparıb, bundan sonra masa arxasına keçmək planlarından yayınmağa can atır və bu işdə də Çin sədri Si Szinpinin vasitəçiliyinə çox böyük ümid bəsləyir:

“Bayden administrasiyası isə Zelenskinin Çinlə təmasa can atmasından bərk narazıdır. Ola bilsin, ABŞ adminstrasiyası bu sənədlər vasitəsi ilə Ukrayna hakimiyyətinə xəbərdarlıq edir ki, Zelenskinin aqibəti məhz onların əlindədir…

Hər halda, sızan sənədlər Ukrayna ordusunun Rusiya ilə təkbaşına vuruşduğu, Rusiyanın Ukraynada tezliklə məğlub olacağı və geri çəkiləcəyi haqda 14 aydır bütün dünya boyu aparılan Qərb təbliğatının əsas tezislərini tamamilə dağıdır.

Eyni zamanda, bu sənədlər bir daha bizim Ukrayna müharibəsi başlayan günlərdə irəli sürdüyümüz və üzərində durduğumuz mülahizələrin gerçəkliyi əks etdirdiyini də təkzibolunmaz faktlarla ortaya qoyur: Ukrayna ABŞ demokratlarının Putini yıxmaq üçün istifadə etdiyi bir “yem”dir və əgər Qərb Putini yıxmağa nail olmasa, Zelenskini çox asanlıqla qurban verəcəklər…

2024-ə isə elə də çox vaxt qalmayıb: 2024-cü ilin martında Rusiya, aprelində Ukrayna, noyabrında ABŞ özünə yeni prezident seçməlidir. Birində dəyişiklik bütün münasibətləri dəyişəcək, dünyanı yeni mərhələyə keçirəcək.

İndi görək, o vaxta kim sağ qalacaq?!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol