Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan səfərdən qayıdarkən ölkə mediasına “Zəngəzur dəhlizinin reallaşmasına Ermənistan deyil, İran imkan vermir” sözlərinə, Tehran, nəhayət, reaksiya verdi – Azərbaycanın Naxçıvan (və Türkiyə) ilə İran vasitəsilə quru əlaqəsi qurmasını təklif etdi. Hətta bunun üçün yeni yol çəkə biləcəklərini də dedi. Buna baxmayaraq, “atmacasından” da qalmadı: iddia etdi ki, Türkiyə və Azərbaycanın istəyi yol deyil, torpaqdır.
Ərdoğan bütün dünyada açıq diplomatiya sərgiləyən lider olaraq tanınır və hər şeyi öz adı ilə çağırır. Bu baxımdan Ərdoğan İranın Zəngəzur dəhlizinə imkan verməməsini dilə gətirməklə, əslində, Tehranın regionda oynadığı mənfi rolu yenidən gündəmə daşıdı.
İranın cavabı da “səmimi” oldu, açıq şəkildə buna imkan vermək niyyətində olmadığını dilə gətirdi. Əvəzində “İran yolunu” bir daha təklif etdi.
Xatırlayaq ki, 44 günlük savaşdan qısa müddət sonra İran “Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhliz (!)” verməyə nəinki hazır olduğunu bildirmiş, hətta buna görə ölkələrimiz arasında razılaşma da əldə edilmişdi. Bu, Zəngəzur dəhlizinə alternativ olmaqla, Ermənistanın mümkün manevrlərini daraltmaq və İrəvana ən azı siyasi mesaj baxımından ciddi siqnal olmalı idi.
İran məhdud çərçivədə türk ölkələrinin quru əlaqəsini, geniş mənada isə Çindən Avropaya uzanan “Yeni İpək Yolu”nun öz ərazisindən keçməsində və həm türk ölkələrinin əlaqəsində, həm də Orta Dəhlizdə təsir imkanlarını əlinə almaq istəyir. Bu, İrana yalnız iqtisadi deyil, həm də ciddi siyasi dividentlər gətirə və gələcəkdə regiondan sıxışdırılıb çıxarılmaq imkanının qarşısını əhəmiyyətli dərəcədə ala bilər.
Nədənsə, İranın öz ərazisindən “dəhliz məntiqi ilə” yol verməyə hazır olduğunu bildirməsi, Zəngəzur dəhlizinə isə guya Ermənistanla birbaşa əlaqəsinə məhdudiyyət yaradacağı bəhanəsi ilə imkan verməməsi İrəvana proseslərə daha aydın baxış üçün təsir etmir. Ən azı ona görə ki, İrandan “dəhliz” keçərsə, Ermənistan “dalan dövləti” olmağa davam edəcək.
Əlbəttə ki, Azərbaycan və Türkiyə quru əlaqəsinin İran kimi iddialı və regional oyunçu olmağa çalışan dövlətin ərazisindən keçməsində maraqlı deyil, üstəlik, 10 noyabr bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Görünür, Ermənistan da bunu anlayır və Zəngəzur yolunu açılmamasında deyil, öz maraqlarını daha çox təmin etməklə açmaqda maraqlıdır.
“Dəhliz” məsələsində Rusiya və İranın maraqları da toqquşur: Rusiya bütün hallarda dəhlizin Zəngəzurdan açılması və bu yolun FTX-nin nəzarətində olmasına çalışır – zatən, Ermənistanın sərhədlərinin əhəmiyyətli hissəsini də rus sərhədçiləri qoruyur. Bu baxımdan Rusiya dəhlizin İranın nəzarətinə keçməsi və özünün kənarda qalmasını maraqları baxımından məqbul saymır. Ona görə də Rusiya əslində Zəngəzurda hazırda Ukrayna məsələsində ona dəstək verən İranla rəqabət aparır: Qərbi Zəngəzurda rus ordusunun bazalarının “məntəqələrinin” yaradılmasının ardınca hazırda bu ərazidə Rusiya Baş Konsulluğunun açılması istəyi də bu rəqabətin nəticəsidir. Zəruri olaraq xatırladaq ki, İran tam hazır olmayan, yarımçıq binada tələsik Baş Konsulluğun “açılış mərasimini” keçirmişdi. Rusiya da “ən geci payıza qədər” sözügedən ərazidə Baş Konsulluq açmaq istəyini ortaya qoyub.
Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin müzakirələri də bunu deməyə əsas verir ki, Kreml təzyiqlərini ən son həddə qədər artırıb və Zəngəzur yolunun bir an tez açılmasına çalışır. Rusiyanın bu istiqamətdə Azərbaycan və Türkiyə ilə maraqları üst-üstə düşür.
İran-Azərbaycan münasibətlərini gərginləşdirən faktorlardan biri də budur: Azərbaycan dəhlizin Zəngəzurdan açılmasında birmənalı olaraq təkid edir, İranın “alternativ təklifini” yaxın buraxmır və beləliklə, Tehranın regionda mümkün təsir imkanlarına qarşı çıxır.
Ərdoğanın bu qədər açıq şəkildə İranın adını çəkməsi isə Tehrana rəsmi xəbərdarlıq da sayıla bilər: Türkiyə, Azərbaycan və Rusiyanın maraqları Zəngəzurdan keçir və İran buna mane ola bilməyəcək.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək