Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə dünənki telefon danışığında Rusiya prezidentini ölkəsinə səfərə dəvət edib. Putin Türkiyəyə səfər edərmi?
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ərdoğanın səylərinə baxmayaraq, Putin taxıl sazişini uzatmaq istəmir:
“Demək, Putin Türkiyəyə səfərə razılaşsa belə, taxıl sazişi məsələsində geri addım atmayacaq. Bununla belə, Türkiyəyə səfər Putin üçün əhəmiyyətli ola bilər. Ukrayna müharibəsinə və sanksiyalara görə Putinin səfər edə biləcəyi dövlətlərin sayı çox deyil. O hara getsə, Beynəlxalq Cinayət Məhkəməsinin həbsi kabusu ilə üzləşəcək. Putin bu səbəbə görə avqust ayında BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çənubi Afrika Respublikası və Çin) Cənubi Afrika Respublikasındakı (CAR) toplantısına qatıla bilməyəcək. Çünki Putin bu ölkəyə getsə, Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə imza atan CAR Putini həbs etməlidir. Doğrudur, CAR rəhbərliyi belə bir riskə getməz və ona görə də Putinə mesaj göndəriblər ki, toplantıya Kremldən internet vasitəsilə qatılmağınızı məsləhət bilirik. Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə qoşulmadığına görə Putinin bu ölkədə həbs riski yoxdur. Putinin NATO ölkəsi olan Türkiyəyə səfəri Kreml sahibinin beynəlxalq aləmin mühasirəsində olmadığı anlamına xidmət edə bilər. Putin bu səbəbdən Türkiyəyə səfərlə əlinə düşən fürsətdən istifadə etmək istəyər”.
Politoloqun sözlərinə görə, Putinin Türkiyəyə mümkün səfəri Azərbaycan üçün də əhəmiyyətlidir:
“Rəcəb Tayyib Ərdoğan NATO-nun son Vilnyus zirvə toplantısında “Putinin 9 noyabr bəyanatına sadiq qalacağına və 2 ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan çıxaracağına inanırıq” açıqlamasını vermişdi. Ərdoğan Putinə Ankaradakı görüşündə “iki ildən sonra Qarabağı tərk etməyinizi gözləyirik” cümləsini təkrarlayacaq. Əlbəttə, Putin Rusiya hərbi kontingentini iki ildən sonra da Azərbaycan ərazisində - Qarabağda saxlamağa çalışacaq. Ancaq Putin bunu etməyə çalışarkən Ərdoğanın ona Qarabağla bağlı hər dəfə xatırlatdığı fikirləri qulaqradına vura bilməyəcək. Vacibdir ki, bu məsələdə Bakı ilə Ankara koordinasiyalı hərəkət etsin”.
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib
- Məhkəmədə Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi
- “Zəfər” ordenli generala yüksək vəzifə verildi
- Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto