“AZAL özünü “premium class” aviaşirkət kimi bazara təqdim edir və lou-kost şirkət deyil”.
Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Analitik AZAL-ın rəhbərliyinin dəyişməsindən sonra ölkənin ən prestijli aviakonserninin yeni qiymət siyasətindən danışıb. N. Cəfərli söyləyib ki, eyni istiqamətlər üzrə lou-kost şirkətlərdə biletin ucuz olması təbii ki, Azərbaycan əhalisində müəyyən suallar yaradır:
“Lakin AZAL-ın biletlərinə həm yemək, həm baqaj, həm də kreslo seçimi daxildir. Çünki lou-kost şirkətlərdən fərqli olaraq AZAL-da kreslo seçimi də mövcuddur. Ona görə də burada qiymət fərqinin olması mümkündür və o qədər də təəccüblü deyil.
Təəccüblü olan odur ki, AZAL-ın ləğv etdiyi lou-koster şirkəti var idi – “Buta Airways”. AZAL “Buta Airways”i inkişaf etdirib daha ucuz qiymətlərlə uçuşları təşkil etməkdənsə, nədənsə oktyabrın 1-də onu özünə birləşdirdi və “Buta Airways” ləğv oldu. Bu da bütün biletlərin daha çox “premium class” qiymətlərinə uyğunlaşdırılması siyasəti ilə əlaqələndirilir”.
Mütəxəssis qeyd edib ki, AZAL “Buta Airways”i ləğv etmək yerinə onu inkişaf etdirməklə lou-koster şirkətlərlə rəqabət aparıb qiymətlərdə ucuzlaşmaya gedə bilərdi:
“Amma kampaniyaların olması tək 1-2 günlük deyil, əksinə, yanvar-fevral aylarına da kampaniyalar var və əvvəlki illərə nisbətən 30-40% ucuzlaşma mövcuddur. Lakin bu, təbii ki, yetərli deyil. Quru sərhədlərinin bağlı olmasını nəzərə alaraq vətəndaşlar təyyarə biletlərinə ehtiyac duyduqları üçün daha ucuza uçmaq istəyirlər”.
Müsahibimiz əlavə edib ki, əslində, AZAL-da qiymətləri rəqabətli hala gətirməyin yollarından biri də quru sərhədlərinin açılmasıdır:
“Çünki bu, istər-istəməz bir çox istiqamət üzrə sərnişin axınını cəlb etmək üçün AZAL-ı qiymətlərdə endirimlər etməyə sövq edəcək. İndiki şəraitdə bir çox istiqamətlər üzrə alternativlər yoxdur deyə quru sərhədlərinin bağlı olması AZAL-ın qiymət siyasətinə də təsir göstərir.
Ümid edirəm ki, yanvardan bu məsələ öz həllini tapacaq. O zaman AZAL-ın qiymətlərində də müəyyən dəyişikliklər olacaq. Mən AZAL-ın yeni rəhbərliyi ilə ay yarım bundan öncə görüşmüşdüm və yeni konsepsiya hazırlandığını görmüşəm. Hansı ki, özləri bunu təqdim etdilər və çox maraqlı təqdimat oldu. Bu gün AZAL-da izafi xərcləri azaltmaq lazımdır. Ona görə ki, AZAL-ın bilet problemindəki əsas məsələ xərc hissəsindədir və xərclər çox yüksəkdir. Yeni rəhbərlik xərclərin 15% azalacağı ilə bağlı məlumat verib”.
İqtisadçının qənaətinə görə, dövlət şirkətlərinin ən böyük bəlası izafi xərclərdir:
“Əgər əlavə xərcləri azaltmaq mümkün olsa, bu, qiymətlərə də təsir göstərəcək və biz qiymətlərin ucuzlaşmasının şahidi ola bilərik. Amma, istənilən halda, biz uçuş qiymətlərini qonşu ölkələrlə müqayisə edirik. Görünən odur ki, qonşu ölkələr də, xüsusilə də Gürcüstanda bilet qiymətləri istiqamətlər üzrə Azərbaycandan daha ucuzdur ki, bu da müəyyən suallar yaradır. Əgər söhbət maya dəyərindən gedirsə, aviakerosin bütün şirkətlər üçün eyni qiymətə satılır. Uçuşların maya dəyərini təşkil edən əsas amillərdən biri də aviakerosindir. Buna görə də suallar yaranır ki, nəyə görə Azərbaycana nisbətən Gürcüstandan Avropaya daha ucuz biletlərin alınması mümkündür?”
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu sualların aradan qalxması üçün AZAL müəyyən işlər görür, amma bu, yetərli deyil:
“Çünki həm kampaniyaların aparılması, həm də xərclərin azaldılması yolunda ciddi addımlara ehtiyac var. Onsuz da Gürcüstandan xaricə uçanlarda azalma var. Əvvəllər quru sərhədlər açıq olanda Gürcüstan tərəfinin özünün məlumatı var idi ki, Gürcüstandan xarici uçan hər 5 nəfərdən biri Azərbaycan vətəndaşıdır. Yəni xaricə uçanların 20%-ini Azərbaycan vətəndaşları təşkil edirdi. İndi quru sərhədlər bağlıdır deyə, Gürcüstandan uçuşlar yox dərəcəsindədir. Lakin sərhədlər açılsa, bu, artıq rəqabətə səbəb olacaq və belə olan halda AZAL qiymətlərinə çəki-düzən verməli olacaq”.
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar