“Qarabağ”a ən təhlükəli rəqib düşdü - Ekspert

10:50 - 19 Dekabr 2023 - İDMAN

 “Qarabağ”a ən təhlükəli rəqib düşdü - Ekspert

“Qarabağ”ın qismətinə ən arzuolunmaz rəqiblərdən biri çıxdı. Hər şeydən əvvəl ona görə ki, “Braqa” Portuqaliya təmsilçisidir. Portuqaliya təmsilçiləri də daha peşəkar və ciddi komandalar olur.

Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” haqqında danışarkən deyib.

Ekspert bildirib ki, “Braqa” kimi komandalara qarşı oynamaq çətin olur:

“Nəzərə alaq ki, “Braqa” nə ölkə çempionatında, nə də Avropa Liqasında qalib olub. Buna görə də bu komanda bütün oyunlarına həddən artıq ciddi yanaşır və yaxşı hazırlaşır. Rəqib “Portu” olsa idi, müəyyən qədər bizə yuxarıdan aşağı baxacağını düşünmək və bundan istifadə etmək olardı. Amma “Braqa” belə etməyəcək. O, hazırda çox güclüdür, Portuqaliya çempionatında dördüncü yerdədir, birinci yerdə olan “Sportinq” komandası ilə arasında cəmi 4 xal fərq var. Hazırda o, liderlər qrupundadır”.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Məstəliyev qeyd edib ki, “Braqa” güclü komandadır, Çempionlar Liqasında düşdükləri qrupda yalnız “Real Madrid” və “Napoli” kimi komandalar bu mübarizəni sona qədər apara biliblər:

“İşimiz bir qədər çətindir, amma “Qarabağ” bu komandanı keçəcək, mübarizə edəcək gücdədir. Ruhdan düşmək olmaz, düşünürəm ki, səfərdəki oyundan heç-heçə ilə dönsək, Bakıda məsələni həll edə bilərik. Yəni şanslarımız var. Komandamıza inanırıq”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol