“Oğurluq avtomobillərin satılması dünyəvi bir problemdir. Yəni dünyada silah alveri, narkotik və qaçaqmalçılıqla bağlı problemlər varsa, avtomobil oğurluğunu da buna şamil etmək olar”.
Bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Mütəxəssis Azərbaycana gətirilən avtomobillərin bəzilərinin oğurluq olmaq ehtimalından, habelə bundan sığortalanmaq üçün atılmalı olan preventiv addımlardan söz açıb.
Xatırladaq ki, ötən gün Kanadanının Ontario əyalətində azərbaycanlılardan ibarət 18 nəfərlik avtomobil mafiyası ifşa edilib. Polisdən verilən məlumata görə, Azərbaycana göndərmək üçün toplam dəyəri 3.2 milyon dollar olan 52 ədəd maşın konteynerlərə yüklənən zaman tapılıb.
Sözügedən oğurluq hadisəsinin sosial şəbəkələrdə müzakirələrə səbəb olması ölkəyə gətirilən avtomobillərin qeydiyyat və təhlükəsizlik məsələləri bağlı narahatlığı yenidən gündəmə gətirib.
Mütəxəssisin sözlərinə görə, narkotik vasitələri xüsusi aparatlar və it-pişiklərlə tapmaq olur, lakin oğurluq avtomobillərin baza sistemi olmadığı üçün onun oğurluq olduğunu bilmək olmur:
“Hər bir avtomobilin yan şüşələrində mühərrikin nömrəsi yazılır ki, buna şassi nömrəsi deyilir. Bundan əlavə, aşağıda ramanın nömrəsi də olur. Amma buna baxmayaraq, sözügedən rəqəmlər özündə dolğun məlumatları əks etdirmir. Azərbaycana gətirilən avtomobillər gömrük bəyannaməsindən keçiriləndə bu nömrələr qeyd olunur. Lakin digər ölkələrdəki avtomobil texniki pasportlarında bu rəqəmlərə ehtiyac duyulmur. Sadəcə olaraq, sistemə onun özü və dövlət qeydiyyatı yazılır. Ona görə də bu maşınların oğurlanması və qaçaqmalçılıq yolu ilə parçalara ayrılması çox rahat olur, eləcə də bu, qazanc mənbəyinə çevrilə bilir. Ümumilikdə isə bu, bəşəri bir problemdir”.
A. Əsədovun sözlərinə görə, bunun qarşısının alınması məsələlərinə gəldikdə isə bir sıra prosesləri həyata keçirmək yerinə düşər:
“Məsələn, gömrük nəzarətinin gücləndirilməsi, bu istiqamətdə daha çox maddi-texniki bazanın təkmilləşdirilməsi və s. buraya daxildir. Hətta ölkəyə daxil olan avtomobillər hansı ölkədən gəlirsə, bu prosesi baza sisteminə gətirmək lazımdır ki, sözügedən analoji problemlərin qarşısı alınsın. Çünki avtomobillər Gürcüstanda istehsal olunub ölkəmizə gətirilmir, əksinə, Gürcüstan tranzit bir ölkədir. Yəni avtomobillər Gürcüstandakı Poti limanına, yaxud quru yolla bu ölkəyə gətirilir və müvəqqəti tranzit nömrə ilə bağlanıb ölkəmizə keçirilir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan gətirilən avtomobillər üçün son nöqtədir, amma Gürcüstan tranzitdir:
“Tranzit olduğu üçün də Gürcüstan dövləti bunu araşdırmaq və nəyisə əldə etmək marağında deyil. Gürcüstan üçün lazım olan özünün korporativ maraqları, avtomobillərin rüsumlarının alınmasıdır. Ona görə də bu məsələdə maraqlı tərəf biz olmalıyıq, çünki avtomobillər Azərbaycana gəlir və ən pis halda zərbə bizə dəyir. Məhz buna görə də öz işimizi ehtiyatlı tutmalıyıq ki, bu və ya digər formada əziyyət çəkməyək. Məlum məsələdə cinayət və cinayətkarlıq varsa, bu tendensiyası sıfır halına gətirmək mümkün deyil. Hətta ABŞ, Çin, Fransa, Rusiya və s. ölkələrdə avtomobil oğurluğu, qaçaqmalçılığı, onların parçalanması, rənglənməsi hadisəsi mütəmadi baş verir. Lakin biz bunun qarşısını almaqla müəyyən dərəcədə sığortalana bilərik”.
Rafi MÜSLÜMOV
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər