Azərbaycanda dəhşətli qətl: Kişini qazdığı quyuda basdırdılar - FOTOLAR

09:19 - 6 Fevral 2024 - KRİMİNAL

 Azərbaycanda dəhşətli qətl: Kişini qazdığı quyuda basdırdılar - FOTOLAR

2018-ci il iyunun 11-i gecə saat 1-də 1978-ci il təvəllüdlü Şahin İmamov Xaçmaz rayon Polis Şöbəsinə könüllü gələrək mayın 31-də qonşusu Elburus Abdullayevlə birlikdə Mirzağa adlı şəxsi meşə ərazisində öldürdüklərini və meyiti orada basdırdıqlarını bildirib. Məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə həmin şəxs Əbilyataq kəndindəki meşə massivinə aparılıb. Onun göstərdiyi yerdən meyit qazılaraq çıxarılıb və patoloji anatomiya şöbəsinə göndərilib. Öldürülən şəxsin Xaçmaz şəhər sakini 1967-ci il təvəllüdlü Mirzağa Əzizov olması müəyyənləşdirilib. 1975-ci il təvəllüdlü Elbrus Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını təqdim edir:             

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

İstintaqla müəyyən edilib ki, Elbrus Abdullayev tanışı Mirzağa Əzizova olan 4500 manat borcundan yaxa qurtarmaq və onun yaşadığı Bakı prospekti ev 95 mənzil 5-də olan 5500 manat pulunu ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirməyi şəhər sakini Şahin İmamova təklif edib. Mayın 31-i saat 12 radələrində zəngləşib görüşəndən sonra Mirzağa Əzizovu aldadıb, öz avtomobili ilə rayonun Əbilyataq kəndində yerləşən meşə massivinə gətiriblər. Orada baltanın çapıcı hissəsi ilə həmin şəxsin başına zərbələr vurub, onu qazdıqları quyuya atıblar. Ardınca huşsuz halda olan Əzizovun baş və boyun nahiyələrinə belin iti hissəsi ilə əlavə zərbələr endirib, zərərçəkəni xüsusi amansızlıqla öldürüblər. Mərhumun şalvarının cibindən onun yaşadığı mənzilin açarını götürüb, meyiti cinayətin alətləri ilə birgə quyuda basdırıblar. Sonra öldürdükləri şəxsin evinə gedib, ona məxsus pulları və başqa ölkəyə getməsi görüntüsünü yaratmaqdan ötrü xarici pasportunu götürüblər. Həmin gün birlikdə Bakı şəhərinə gedərkən, yolda pasportun vərəqələrini cırıb, məhv ediblər.

İş üzrə dindirilmiş Elbrus Abdullayev bildirib ki, Quba rayonun 2-ci Nügədi kəndində anadan olub, Xaçmaz şəhərinin Gəncəvi küçəsində fərdi evdə yaşayıb və Şahin İmamov qonşusudur. Mirzağa Əzizovla 2014-cü ildən dostluq edib, bir-birilərinin evinə gediş-gəlişləri olub:

Elbrus Abdullayev

“Mirzağanın sol ayağı fiziki qüsurlu olduğundan o, ağsayaraq gəzirdi. Ailə qurmamışdı, Xaçmaz şəhərinin Bakı prospektində, əlillər üçün inşa edilmiş binada yaşayırdı. 2016-cı ildə mənə faizə 500 manat borc pul verdi. Həmin məbləği qaytarandan sonra ayrı-ayrı vaxtlarda ondan ümumilikdə faizsiz 4500 manat pul götürmüşəm. Lakin imkanım olmadığından borclarımı qaytara bilmədim. Mirzağa bir neçə dəfə məndən pulunu tələb etsə də, ondan möhlət istəmişəm. Mayın 20-də Mirzağanın evində qonaq olarkən o, evində 7000 manat pul saxladığını dedi. Ayın 24-də görüşəndə Mirzağa borcu barədə arvadıma danışdığını dedi, bu hərəkətinə görə ona acıqlandım. Aramızda narazılıq yarandı. Mayın 30-da yaşadığım evdə olan zaman Şahin İmamova zəng edərək, onunla vacib işim olduğunu söylədim. Axşam qonşumun evinə gedib onu çölə çağırdım. Sərxoş vəziyyətdə olan Şahin gəlib mənim “Mercedes” markalı avtomobilimə əyləşdi. Söhbət əsnasında, Mirzağanın tək yaşadığını, evində 7000 manat pulu olmasını və ona təxminən 4500 manat borcum olduğunu dedim. Bildirdim ki, Mirzağanı öldürüb, evindən pulu götürüb aramızda bölüşdürək. Bununla da, borcdan canımı qurtarım. Şahin təklifimlə razılaşdı.

Mayın 31-i səhər saat 9-da qonşumla görüşüb cinayəti nə cür törədəcəyimiz barədə danışdıq. Şahin Mirzağanı rayonun Əbilyataq kəndində yerləşən meşə massivində öldürməyi və meyiti də orada basdırmağı təklif etdi. Aramızdakı razılaşmaya əsasən mən Mirzağanın başını qatmalı, Şahin isə fürsətdən istifadə edib, balta ilə başına zərbələr vurmalıdır. Sonra yaşadığım evin həyətindən daş baltasını götürüb, avtomobilin yük yerinə qoydum. Zəng edib danışandan sonra avtomobili Bakı prospekti ilə Z.Tağıyev küçəsinin kəsişməsinə tərəf sürdüm və Mirzağanın bizi gözlədiyini gördük. Şahin avtomobildən düşüb sağ arxa oturacaqda əyləşməklə öz yerini ona verdi. Maşında Şahin Mirzağaya, yalandan meşə ərazisindən torpaq yığıb Bakıda yaşayan dostuna göndərmək istədiyini dedi. Mirzağa heç nədən şübhələnmədi və razılaşdı. Mağazadan araq, pivə, ərzaq, meşə torpağını daşımaq üçün kisələr və iki ədəd bel aldıq. Əbilyataq kəndində yerləşən meşəyə yollandıq. Şahin əvvəllər orada yaşadığından, həmin əraziyə bələd idi. Saat 12 radələrində meşəyə çatdıq. Şahin araq, Mirzağa isə pivə içdi. Səhhətimdə problem, eyni zamanda sükan arxasında olduğum üçün spirtli içki qəbul etmədim. Hər üçümüz bel ilə meşə torpağını qazıb kapron kisələrə yığdıq. Təxminən 1 saatdan sonra, Mirzağanın üzü qazdığımız quyuya tərəf olarkən, Şahin baltanın kəsici hissəsi ilə onun başına zərbə vurdu. O, yerə yıxılandan sonra baş və boyun nahiyələrinə ardınca daha üç dəfə güclü zərbələr endirdi. Öldüyünü görüb, onu qazdığımız quyuya atdıq. Şahin quyuya düşüb belin iti hissəsi ilə Mirzağanın başına əlavə xəsarətlər yetirdi. Mən də quyuya tullanıb mərhumun ciblərini axtarmağa başladım. Şalvarının sağ cibindən mənzilin açarını tapdım. Mirzağanın idman papağını, 6 ədəd torpaqla dolu kisələri, baltanı və beli quyuya tulladıq”.

Mərhumun mobil telefonu, yeyib-içdikləri yerdə qaldığı üçün, onu söndürüb avtomobilinə qoyub. Saat 14 radələrində Mirzağanı basdırıb, meşə massivindən çıxıblar. Əbilyataq kəndinin çıxışındakı kanala, özlərində qalan daha bir ədəd beli və dörd ədəd boş kisəni atıblar. Əlillər üçün inşa edilmiş binanın yanına çatandan sonra, Şahin avtomobildə qalıb:

“Mirzağanın yaşadığı bloka daxil olaraq, 2-ci mərtəbəyə qalxdım və mənzilin qapısını açarla açdım. 1-ci otaqda ağ rəngli paketin içindən, dəsmala bükülmüş pulları və mərhumun xarici pasportunu götürdüm. Əskinazları sayıb, ümumi məbləğin 5500 manat olmasını gördüm. Pasportu götürməkdə məqsədim o idi ki, guya Mirzağa xarici ölkəyə gedib. Yarım saatdan sonra qayıdıb tapdığım məbləğin yarısını Şahinə verdim. Sonra daş bazarına  getdik. Orada qonşum 500 manata mişar daşları, qum və digər tikinti materialları aldı. 2 saatdan sonra Şahinlə birlikdə Bakıya getmək üçün yola çıxdıq. Şabran rayonunda, Mirzağaya məxsus evin açarını və pasportunu Vəlvələ çayına tulladım. Sumqayıta az qalmış mərhumun telefonunu da sındırıb pəncərədən çölə atdım. Saat 22 radələrində Bakıya çatdıq. “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən geyim mağazalarından özümüzə təzə paltar və ayaqqabı aldıq. Geri qayıdanda Şahini Xırdalan dairəsində düşürdüm, özüm isə rayona gəldim. Qonşum iki gün Mehdiabad qəsəbəsində, tanışının evində qaldı.

Şahin İmamov

İyunun 5-i və ya 6-da görüşəndə, Şahinin təklifi ilə mərhumu basdırdığımız yerin üstünə dizel yanacağı tökdük. Bunu da ona görə etdik ki, meşədə olan yırtıcı heyvanlar quyudan meyiti qazıb, çıxartmasınlar. İyunun 10-da Şahinin hərbi xidmətdə olan oğlu İmam qısa müddətli məzuniyyətə gəlmişdi. Bununla əlaqədar təşkil olunan məclisdə spirtli içki qəbul edən Şahin gecə saat 1 radələrində sərxoş halda valideynlərinə, həmçinin oğlum Aydına törətdiyimiz hadisəni danışdı. Sonra isə polisə getdi. Yolda Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib yalandan namus üstündə adam öldürdüyümü bildirdim”.

Zərərçəkmiş şəxsin hüququ varisi Vaqif Əzizov ifadəsində göstərib ki, bir neçə rayon sakininin, o cümlədən Elbrus Abdullayevin qardaşı Mirzağa Əzizova pul borcu olub:

“Axırıncı dəfə Mirzağanı mayın 29-da tanışımın yas mərasimində görmüşdüm. Bundan bir həftə sonra qardaşıma zəng etsəm də, telefon nömrəsinə zəng çatmadı. Narahat qalıb qardaşlarımdan Mirzağanı xəbər alanda, onlar da onun harada olmasını bilmədiyini dedilər. Qardaşımın hər il Bakıya, Mərdəkan qəsəbəsində yerləşən sanatoriyalara istirahətə getdiyini bildiyimdən, onun orda olmasını düşündük. İyunun 11-də Mirzağanın meyitinin morqda olduğunu bildik. Həmin gün meyiti təhvil alıb kənd qəbirstanlığında dəfn etdik. Polis şöbəsində mənə bildirdilər ki, Elburus və Şahin adlı şəxslər qardaşımı öldürüb, meşədə basdırıblar”.

Məhkəmə iclasında Şahin İmamov və Elburus Abdullayev ittihamlar üzrə özlərini təqsirli biliblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Elburus Abdullayev və Şahin İmamov Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 326.2-ci (vətəndaşın pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elburus Abdullayev və Şahin İmamov qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum olunublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol