Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Almalı kəndinə köçürülmə ilə bağlı sosial şəbəkədə yayılan videomüraciətə münasibət bildirib.
Bu barədə BUTA.TV-a Komitədən məlumat verilib.
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Laçın rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü Ziba Malik qızı Orucovanın sosial şəbəkələrdə yayılmış video müraciəti ilə bağlı bildirir ki, vətəndaşın bütün müraciətlərinə Komitədə hər zaman həssaslıqla yanaşılmış, şəhid ailəsinin üzvü kimi ona daim hörmət və diqqət göstərilmişdir. Buna baxmayaraq, Ziba Malik qızı Orucovanın Xocalı rayonunun Almalı kəndində yerləşən 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi ilə bağlı tələbi mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığından təmin edilməsi mümkünsüzdür", - məlumatda qeyd olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Ziba Malik qızı Orucovanın ailəsi mövcud tələblər nəzərə alınmaqla Almalı kəndinə köçürülmənin ilk mərhələsi üzrə formalaşdırılmış siyahıya daxil edilmədiyindən o, birinci mərhələdə şəhid ailələri üçün nəzərdə tutulmuş yaşayış evini seçim hüququndan istifadə etməyib:
"Həmin mərhələdə keçirilən püşkatma nəticəsində 4206 nömrəli fərdi yaşayış evi qanuni əsaslarla digər ailəyə ayrılmışdır. Qüvvədə olan qaydalara əsasən, püşkatma nəticəsində sahibi müəyyən edilmiş yaşayış evinin sonradan geri alınaraq başqa şəxsə verilməsi hüquqi baxımdan mümkün deyil. Qeyd edilməlidir ki, Ziba Malik qızı Orucova və ailə üzvləri şəhid ailəsi və məcburi köçkün kimi dövlət tərəfindən həyata keçirilən sosial müdafiə və mənzil təminatı proqramlarından dəfələrlə faydalanmışlar. Belə ki, Ziba Orucovanın oğlu Kərim Miryusif oğlu Orucov Binəqədi rayonun Xocahəsən qəsəbəsində evlə təmin olunmuş, həmçinin Qaradağ rayonun Müşfiqabad qəsəbəsində şəxsi mənzili var. Digər oğlu İlqar Orucov isə Bakı şəhərində yerləşən Qobu Park yaşayış kompleksində 3 otaqlı mənzillə, qızı Zenfira Orucova isə Ağcabədi rayonunda 4 otaqlı mənzillə təmin edilmişdilər.
Bundan əlavə, araşdırma zamanı müəyyən olunub ki, ailə üzvlərinin bir neçəsinə Abşeron rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Həmçinin Ziba Malik qızı Orucova Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Hövsan yaşayış kompleksində şəxsi mənzillə, oğlu Tofiq Orucov isə şəhid ailəsinin üzvü kimi Yasamal rayonunda şəxsi mənzillə təmin edilmişlər. Sadalanan faktlar göstərir ki, dövlət tərəfindən həmin ailəyə müxtəlif dövrlərdə şəhid ailəsi və məcburi köçkün statusu nəzərə alınmaqla sosial dəstək və mənzil təminatı tədbirləri həyata keçirilmişdir. Ziba Malik qızı Orucovanın Xocalı rayonunun Almalı kəndinə köçürülməsi məsələsinə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti köçürülmə mərhələlərində baxılacaqdır. Bu barədə vətəndaşa 23 iyun 2026-cı il tarixində Dövlət Komitəsində keçirilən qəbul zamanı ətraflı məlumat və hüquqi izahat verilmişdir.Video müraciətdə Dövlət Komitəsində qəbul zamanı ona qarşı guya hörmətsizlik və kobud rəftar göstərilməsi barədə səsləndirilən iddialar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bildiririk ki, Dövlət Komitəsində şəhid ailələrinin, məcburi köçkünlərin və digər həssas kateqoriyadan olan vətəndaşların müraciətlərinə daim yüksək həssaslıq, hörmət və humanist yanaşma nümayiş etdirilir.
Son dövrlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi ilə əlaqədar Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada, bərabərlik, şəffaflıq və sosial ədalət prinsipləri əsasında araşdırılır və qiymətləndirilir.Təəssüf ki, bəzi hallarda müraciətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunmayan şəxslər öz narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə çalışırlar. Dövlət Komitəsi vətəndaşların fikir və müraciət hüququna hörmətlə yanaşır, eyni zamanda ictimaiyyəti Böyük Qayıdış Proqramı ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə, faktlara söykənən məlumatlara etibar etməyə çağırır.Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün köçürülmə və mənzil bölgüsü prosesləri yalnız qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və sosial ədalət prinsipləri əsasında həyata keçirilir. Şəhid ailələrinin hüquq və mənafeləri isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi hər zaman xüsusi həssaslıqla nəzərə alınmış və bundan sonra da eyni qaydada təmin olunacaqdır".
- ATƏT sədri İçərişəhərdə - Foto
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama
- Avqustun 13-də Yerin cazibə qüvvəsi itəcək? – Rəsmi
- Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı