Sinqapur Baş naziri Lorens Vonqun illik maaşı 15 oktyabrdan etibarən 64 faiz artırılaraq 3,6 milyon Sinqapur dollarına (təxminən 2,8 milyon ABŞ dolları) çatdırılacaq. Bununla da Vonq dünyanın ən yüksək maaş alan siyasi lideri statusunu qoruyacaq.

BUTA.TV” xəbər verir ki, hazırda illik 2,2 milyon Sinqapur dolları qazanan Vonqun yeni maaşı ABŞ Prezidenti Donald Trampın 400 min dollarlıq illik maaşından təxminən yeddi dəfə çox olacaq.

Sinqapur Parlamentində maaş artımı ilə bağlı müzakirələrə münasibət bildirən Vonq məsələnin həssas olduğunu vurğulayıb.

“Siyasi maaşlar həssas və emosional bir məsələdir”, – deyə baş nazir bildirib və prosesin şəffaf şəkildə aparılacağını qeyd edib.

Maaş artımı ilə bağlı diqqətçəkən məqamlardan biri də Vonqun verdiyi qərardır. Baş nazir illik gəlirindəki 1,4 milyon Sinqapur dolları, yəni təxminən 1,1 milyon ABŞ dolları həcmində artımı növbəti beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.

Yeni tənzimləmə yalnız baş naziri əhatə etmir. Yüksəkvəzifəli dövlət rəhbərlərinin maaşlarının ilkin mərhələdə 9 faizə qədər artırılması nəzərdə tutulur. Gənc nazirlərin illik gəliri isə 1,35 milyon Sinqapur dolları olacaq və performans göstəricilərindən asılı olaraq bu məbləğ 1,8 milyon Sinqapur dollarına qədər yüksələ biləcək.

Maaş reytinqlərinə görə, Honq Konq administrasiyasının rəhbəri illik 719 min dollarla ikinci, İsveçrə prezidenti isə 606 min dollarla üçüncü yerdədir. Britaniya baş nazirinin illik maaşı isə təxminən 230 min dollardır.