Selin Dion nadir xəstəliklə mübarizədən 6 il sonra səhnəyə qayıtdı - Video
Kanadalı müğənni Selin Dion nadir nevroloji xəstəliklə mübarizə apardığını açıqladıqdan təxminən altı il sonra səhnəyə qayıdıb.
“BUTA.TV” xəbər verir ki, ulduz müğənni Paris yaxınlığındakı Nanterdə yerləşən “Plenitude Arena”da 16 konsertdən ibarət silsilənin ilk çıxışını edib.
Dion konsertə fransız dilində “On Ne Change Pas” mahnısı ilə başlayıb. Mahnını başa vurduqdan sonra kövrəlib və gözləri dolub.
“Özümə ağlamamağı söz vermişdim. Gəldiyiniz üçün çox sağ olun. Nəhayət, hamımızın bir yerdə olması möhtəşəmdir. Mən geri qayıtmağa, səhnəyə dönməyə söz vermişdim. Və budur, qarşınızdayam; həm sizin, həm də özüm üçün canlı ifa edirəm!” – Dion tamaşaçılara müraciətində deyib.
Konsert zamanı müğənni “Because You Loved Me”, “Power of Love” və “Titanik” filminin məşhur “My Heart Will Go On” mahnısını ifa edib.
Dion 2022-ci ildə ətrafların sərtləşməsinə və şiddətli əzələ spazmlarına səbəb olan nadir nevroloji xəstəlik – “sərt insan sindromu”ndan əziyyət çəkdiyini açıqlamışdı. O, xəstəliyin həyatının bütün sahələrinə təsir etdiyini, bəzən yeriməkdə çətinlik yaratdığını və əvvəlki kimi oxumasına mane olduğunu bildirmişdi.
Müğənninin son konsert turu 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarımçıq qalmışdı. O, 2024-cü ilin iyulunda Paris Olimpiadasının açılış mərasimində səhnəyə çıxmışdı.
Fransada böyük populyarlığa malik olan Dionun Parisdəki konsertlərinə bütün biletlər satılıb. Qarşıdakı konsertlərin regiona milyonlarla dollar gəlir gətirəcəyi gözlənilir.





